Dağlıq Qarabağ münaqişəsi üçün qəti həll yolunu tapmağın vaxtıdır.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin “Vestnik Kavkaza”nın müxbiri ilə söhbət əsnasında danışıb. Müsahibə Bakıda keçirilən Gənc Liderlər Qlobal Forumu çərçivəsində baş tutub.
“Qarabağ məsələsində bu gün biz "dondurulmuş münaqişə” statusuna qədər gəlmişik. Əlbəttə, hazırda burada hərbçilərin və mülki şəxslərin qanının tökülməməsi yaxşı haldır, ancaq bu status-kvo münaqişəni həll etməyəcək. Problemin həlli üçün qəti qərar qəbul edilməlidir. Bunun üçün bütün şərtlər var. Biz Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalını təsdiqləyən və bir milyondan artıq qaçqının evlərinə qaytarılmasını tələb edən BMT qərarlarına malikik”, - Hikmət Çətin bildirib.
Keçmiş nazir həmçinin Ermənistanın Azərbaycan torpaqlarını işğal edərək öz iqtisadiyyatına və əhalisinə daha çox ziyan vurduğunu qeyd edib. Onun sözlərinə görə, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlamaqla yalnız itirib və hələ də itirməyə davam edir. Bu müddətdə Azərbaycan vəziyyətə yüksək səviyyədə nəzarət edib və mövcud problemlərini həll edib.
Hikmət Çətin tərəfləri bölgədə hərtərəfli sülhü bərpa etməyə çağırıb:
“Bu gün Cənubi Qafqazın sülhə ehtiyacı var. Rusiya, ABŞ və Türkiyə münaqişənin həlli üçün maksimum dərəcədə səy göstərməlidir. Güclü Türkiyə gələcəkdə münaqişənin həllinin təminatçısıdır, çünki o Azərbaycanın müttəfiqidir. Türkiyə həmçinin beynəlxalq ictimaiyyətə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının zəruriliyini başa salmaq üçün səy göstərməlidir”.
Paylaş: