Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının Quba rayonunda keçirdiyi reyd zamanı meşəlik ərazidə Cimi çayının sol tərəfində 3 nəfər atlının yüklü halda hərəkət etdiyini görərək onlarla danışmaq istəyiblər, lakin həmin şəxslər xurcunları və kisələri ataraq ərazidən uzaqlaşıblar.
Nazirlikdən APA-ya bildirilib ki, xurcun və kisələrin atıldığı əraziyə keçirilən baxış zamanı kisələrin içində adı Azərbaycanın “Qırmızı Kitabı”na düşmüş qonur ayının boğazından kəsilmiş başı üstündə olan dərisi, hissələrə bölünmüş əti, ov alətləri və bir qədər aralıda ov tulası aşkarlanıb. Ovlanmış ayının dərisi, əti və ov alətləri maddi sübut kimi götürülüb. Faktla bağlı akt tərtib olunub.
İlkin araşdırmalara görə qanun pozucularının Quba rayonu Qonaqkənd sakinləri Fariz Rəhmanov, Aydın Nəsirov və Cimi kənd sakini Pirməhəmməd Nemətov olduğu müəyyənləşib.
Toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Paylaş: