Xəbər lenti

 

Müdafiə Nazirliyinin hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ümumi və ya tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar 2017-ci il dekabrın 11-dən 2018-ci il yanvarın 4-dək ərizə ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Ovqat.com məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə nazirliyin Hərbi Həkim Komissiyasına göndərilirlər. Hərbi Həkim Komissiyasının qərarına əsasən, hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul edilirlər. Bu kursu da müvəffəqiyyətlə başa vuran namizədlərlə üç il müddətinə əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə könüllü qaydada müqavilə bağlanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

Məhkumluğu olan, əvvəllər bağlaşma əsasında müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş hərbi vəzifəlilərin “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur.

Sənədlər cari il dekabrın 11-dən gələn il yanvarın 4-dək bayram və bazar günləri istisna olmaqla hər gün saat 09-dan 17-dək Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi, telefon: (012) 538-85-62) qəbul olunacaq.




Ana səhifəyə qayıt        Baxış: 731          Tarix: 20-11-2017, 19:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma