Xəbər lenti

Son vaxtlar Azərbaycanda “halal otel” ifadəsi  yaranıb. Mahiyyəti  məlum olmasa da, bu termonologiyanın geniş yayılması birmənalı qarşılanmır.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin mayın 2-də keçirilən iclasında “halal otel”lərlə bağlı iradını bildirib.

“Digər bir tərəfdən elanlar yazılır ki, “halal otel”. Bu nə deməkdir? Hansı termonoloogiyaya uyğundur? Belə çxır ki, qalanları haramdır, bir bu halaldır? Əgər haramdırsa, o zaman orada nə hadisələr baş verir? Bir vaxtlar kolbasalara “halal” adı qoyurdular. İndi də otellərin belə reklamını edirlər. Azərbaycan dünyəvi dövlətdir. Xaricdə otellərə tələb necə qoyulursa, bizdə də elə olmalıdır. Buna nəzarət olunmalıdır”. 

Ovqat.com xəbər verir ki, bu söləri Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Modern.az-a açıqlamasında “halal otel” sözünə aydınlıq gətirib. 

“İslam Həmrəyliyi Oyunları ilə əlaqədar halal otel məsələsi gündəmdədir. Otelin üzərinə “halal” sözünün yazılması məcburi deyil. Bu, sadəcə, tövsiyə xarakteri daşıyır. Halal standartlara uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi, Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Turizm Assosiasiyasının ekspertləri  burada fəal iştirak edib.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyə təcrübəsindən istifadə edilərək İslam Həmrəyliyi oyunları ilə əlaqədar halal standartlar tətbiq olunur. Gələn qonaqlara halal standartlara,  müsəlman adət-ənənəsinə uyğun xidmət göstərilir. Bu da məcburi deyil. Otelin özündən asılıdır”.

Müzəffər Ağakərimov halal standartlara cavab verən  otelin necə fəaliyyət göstərməsini də izah edib.

“Halal standartlara cavab verən oteldə spirtli içki verilmir. Xüsusi namaz otağı olur, qadınlar və kişilər üçün ayrıca hovuz olur. Bu baxımdan da islam ənənələrinə, qaydalarına uyğun otel fəaliyyət göstərə bilər. Bu, Türkiyə təcrübəsində də var”.

Onun sözlərinə görə, Azərbaycanda halal standartlara cavab verən otel əvvəllər də olub.

“Müstəqillik qazanandan sonra bizdə halal standartlara cavab verən otellər vüsət almayıb. Amma bəzi atributlara uyğun olaraq  fəaliyyət göstərən otel olub. Vaxtilə “İrşad” adlı otel fəaliyyət göstərib. Orada spirtli içkilərin qəbuluna və satışına icazə verilməyib. Həmin otel İslam Araşdırmaları Mərkəzi tərəfindən inşa edilmişdi. Həmin otel indi də fəaliyyət göstərir. Qaldı ki, halal standartlara, otel sahibi istəsə müsəlman ənənələrinə uyğun təbliğat apara bilər.

Bu, müsəlman ölkələrindən daha çox turist cəlb etmək baxımından  əlverişlidir. Xüsusilə, İslam Həmrəylik Oyunları başa çatandan sonra müsəlman ölkələrinin Azərbaycana marağı daha da artacaq. Elə insanlar var ki, bu vaxta qədər Azərbaycana təşrif buyurmayıb. Güman ki, oyunlardan sonra Azərbaycana axın güclənəcək.

Əvvəllər müsəlman ölkələrindən Azərbaycana bu qədər axın olmayıb. Fars körfəzi ölkələri üçün viza sadələşdirilməsi prosesi həyata keçirildikdən sonra ərəb ölkələrindən çoxlu turist gəlməyə başlayıb. Bu onu göstərir ki müsəlman ölkələri olan İndoneziya, Malayziya vətəndaşları gələcəkdə Azərbaycana axın edəcək”

 




Ana səhifəyə qayıt        Baxış: 864          Tarix: 3-05-2017, 14:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma