Xəbər lenti

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Azərbaycan Beynəlxalq Bankının "Şamaxı" filialının müdür müavini işləmiş Əlusultan Məmmədov, bank əməkdaşları - Ramin Səməndərov, Kifayət Səmədova, Hacalı Cavadovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Ovqat.com xəbər verir ki, Virtualaz.org-un məlumatına görə, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib.

Prosesdə təqsirləndirilən Ramin Səməndərov ifadə verib. Ona qarşı irəli sürülən ittihamlarla razılaşmayan R.Səməndərov bank sektorunda çalışdığını, kredit şöbəsinin müdiri olduğunu deyib: "Mənə verilən ittihamda ilk epizod Şərfalı Ağayevin adına kredit ayrılması ilə bağlıdır. O sənədələr hamısı Əlisultan Məmmədov tərəfindən hazırlanıb. Əlisultan müəllim həmin ərəfədə iki-üç min manat maaş alırdı. Haradan bilərdim ki, həmin pullar ona veriləcək və bu pullar mənimsəniləcək".

R.Səməndərov ifadəsində Aygün Tağıyevaya verilən kreditdən də danışıb: "Aygün xanım Əlisultan müəllimin yoldaşıdır. Ona 33 min manat kredit verilib, əvəzundə mənzil girov qoyulub. İttihamda isə yazıllb ki, guya mən həmin krediti riskə qoymuşam. Axı bankın kredit komitəsinin qərarı varsa, mən həmin krediti necə riskə qoya bilərəm?"

R.Səməndərov həmçinin yüksək məbləğdə kreditlərin baş idarənin və kredit komitəsinin razılığı ilə verildiyini deyib: "Məhəmməd Həsənovun adına olan 15 min manat kreditin də riskə qoyulması ilə bağlı mənə ittiham verilib. Mən 10 min manata qədər kreditin verilməsinə imza ata bilərəm. Kərim Kərimova gəlincə, banka 7 min dollarlıq qızıl qoymuşdu. Ona 5700 manat kredit ayrılmışdı".

Təqsirləndirilən şəxs ifadəsinin davamında bir daha kreditlərin Bankın İdarə Heyətinin qərarı ilə verildiyini məhkəmənin diqqətinə çatdırıb: "Guya Fərda Həsənova ayrılmış krediti də mən riskə qoymuşam. Belə deyil axı. Fərda Həsənov bankın işçisi, o cümlədən Əlisultan Məmmədovun sürücüsü olub. Bankın İdarə Heyətinin qərarı ilə Fərda Həsənova kredit ayrılıb. Amma heç kim bilmirdi ki, Fərda həmin pulu Əlisultan Məmmədova verəcək. Heç bankın filial müdirinin də bundan xəbəri olmayıb.

Kredit ayrılan İlqar Məlikov da bankın işçisi kimi kredit götürüb. O da götürdüyü krediti Əlisultan Məmmədova verib. Amma bunu da heç kim bilməyib. Ona da İdarə Heyyətinin qərarı ilə kredit verilib. Qaz idarəsinin şöbə müdiri Yusif Əsədov Əlisultan Məmmədovla yaxın dost olub. Adına götürülən kreditin bir hissəsini Əlisultan Məmmədova verməsini sonradan bilmişəm. İrəli sürülən iki ittiham üzrə mənə aid heç bir məsələ yoxdur. Çünki hər iki şəxsə kredit ayrılanda məzuniyyətdə olmuşam. Bankda olmadığım halda necə kredit verə bilərdim?"

R.Səmədov yeganə təqsirinin bəzi şəxsləri görmədən onlara kredit ayrılmasına razılıq verməsi olduğunu deyib: "Əlisultan Məmmədov uzun illər bankda müdir müavini işləyib, rayonda kifayət qədər nüfuzlu şəxs olub. Onun məsləhəti ilə həmin şəxslərə kredit ayrılıb. Onun bizə təklif etdiyi şəxslər barəsində bankın müdirinə məlumat verilib. Bildirilib ki, bu şəxslərə kredit verilməsini Əlisultan Məmmədov təklif edir. Rəhbərlik də razılıq verib, kredit ayrılıb. Mən sadəcə bəzi şəxslər kredit verəndə onları görmədən sənədlərə imza atmışam. Bunun səbəbi isə Əlisultan müəllimin razılığı və məsləhətləri olub".

Məhkəmə prosesi dekabrın 13-də davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilirlər.

Onların barəsində həbs qətimkan tədbiri seçilməyib.




Ana səhifəyə qayıt        Baxış: 1 138          Tarix: 6-12-2017, 19:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma