Xəbər lenti

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Əsasnaməsində Dövlət Komitəsinin dini qurumlara maddi yardım göstərmək səlahiyyətinin olmadığı, bununla bağlı Əsasnaməyə dəyişikliyin nəzərdə tutulub-tutulmadığına aydınlıq gətirilib.

APA-nın məlumatına görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, dövlətin dini himayə etməsi birbaşa qadağa deyil.

M.Qurbanlı bildirib ki, dövlət din xadimlərinə və dinimizə himəyadırlığı həyata keçirməlidir: "Əgər dövlət dinə, dini icmalara yardım göstərməsə, dini icmaların fəaliyyətində müəyyən problemlər, çətinliklər yarana bilər. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə cəmi 17 məscid vardı. Bu gün Azərbaycanda 2240-dan çox məscid var. Son illər də tikilən məscidlərin sayı kifayət qədərdir, yüzlərlə məscid tikilib. Cənubi Qafqazın ən böyük məscidi Heydər məscidi inşa edilib, Naxçıvanda böyük bir məscidin tikintisinin bu gün davam etdiyini müşahidə etməkdəyik. Eyni zamanda yerlərdə yeni məscidlər tikilir, təmir olunur. O cümlədən kilsələr, sinaqoqlar tikilir, dövlət onlara da yardım göstərir. Əgər biz prinsip etibarilə din dövlətdən ayrıdır məsələsinə istinad edib, məscidlərə, dini icmalara, din xadimlərinə sosial xarakterli yardımlar göstərməsək, müəyyən maddi çətinliklər ortaya çıxa bilər. Ona görə də bizim dini icmalara yardımımız hər hansı bir qanun pozuntusu deyil, bu, qanuna uyğun şəkildədir. Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına bu cür layihələr həyata keçirilir. Ona görə də biz bu istiqamətdə işləri davam etdirməliyik. Azərbaycanda dinimizin dövlət tərəfindən himayəsi xəttini ardıcıl şəkildə yerinə yetirməliyik ".

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırda qüvvədə olan Əsasnaməsinin birinci maddəsində qeyd edilib ki, Komitə dini qurumlara heç bir maddi yardım göstərmir. Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu da Dövlət Komitəsinin tabeliyindədir. Fond mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir.




Ana səhifəyə qayıt        Baxış: 703          Tarix: 27-12-2017, 14:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma