Prezident İlham Əliyev növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb
Deputat Zahid Oruc növbədənkənar seçkinin təyin edilməsinə münasibət bildirib. Musavat.com-a açıqlamasında Zahid Oruc qeyd etdi ki, prezident tərəfindən növbədənkənar seçkinin təyin edilməsi qərarı yüksək qiymətləndirilməlidir: “Bu, tamamilə Konstitusiyanın norma və prinsiplərinə uyğundur. Eləcə də bu məsələ ətrafında, bundan sonrakı dönəmdə polemika aparacaq bütün qüvvələrin uzun illərdən bəri seçkilər, siyasi hakimiyyət hadisəsi, dövlət institutlarının formalaşması və sair məsələlərində qanun müstəvisində irəliyə sürdükləri mövqelərə də tamamilə cavab verir. Burada hansısa bir fors-major situasiyasından, ölkədə fövqəladə hadisədən və ya müharibə şəraitindən danışılması düzgün olmazdı".
Deputatın sözlərinə görə, ilk növbədə qiymətləndirilməliyik ki, 2016-cı ildə keçirilmiş referendumda Azərbaycan xalqının iradəsi ilə prezidentlik müddəti 7 ilə qaldırılıb: "Bundan sonra biz gələcəyə baxaraq hakimiyyət institutlarının formalaşmasındakı zaman ardıcıllığını nəzərə alaraq, həmçinin dövlətin ali məqamını və digər hakimiyyət qolları arasındakı vəziyyəti nəzərə alaraq söyləmişdik ki, 2025-ci ildə prezident və parlament seçkiləri yaxın bir zamana düşür. Seçki maraqların toqquşduğu, kifayət qədər çarpaz mənafelərin meydana çıxdığı şəraitdir. Ona görə də prezident seçkisinin müəyyən qədər ertələnməsi bütün qüvvələrə normal şəraiti təmin edər. Yəni burada heç bir qəfil yaxalanmadan və kimlərisə arzuolunmaz bir şəraitə məruz qoymaqdan söhbət gedə bilməz. Hesab edirəm ki, məsələ ətrafında daxili və beynəlxalq məkanda irəliyə sürəcək fikirlər dövlətin güclənməsi ideyasına əsaslanmalıdır, buradan başqa mənfi nəticələr çıxarılmamalıdır”.
Paylaş: