Xəbər lenti

Respublika Narkoloji Dispanserində bu gün səhər saatlarında başlayan yanğında xeyli adam həlak olub və xəsarət alıb.

Strateq.az xəbər verir ki, həkimlərdə olan ilkin məlumata görə, yanğın zamanı 24 nəfər ölüb, 5 nəfərsə yaralanıb.

Hadisənin qısaqapanmadan baş verdiyi bildirilir.

Xatırladaq ki, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində bu gün səhər saatlarında güclü yanğın başlayıb. Hadisə yerinə xeyli yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bildirilir ki, yanğın xəstəxananın daimi yataq xəstələrin müalicə aldığı 2-ci şöbəsində baş verib. Pasiyentlərin əksəriyyəti yanan binadan təxliyə olunsa da, yanğın güclü olduğundan binanın içərisinə girmək çətinləşib.

Hadisə barədə əlavə məlumat veriləcək.

***

FHN-in yaydığı məlumata görə, artıq yanğın söndürülüb.

***

Respublika Baş prokurorluğu, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri yanğın barədə birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, 2018-ci il mart ayının 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı birmərtəbəli korpusunda yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi,  texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 34-ü xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 09.13-də yanğın söndürülüb.

Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilib.

Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilən tədbirlər ölkə Prezidentinin nəzarətindədir.

İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.

 

***

Səhiyyə Naziriyi yanğın barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, martın 2-də səhər saatlarında güclü külək nəticəsində Respublika Narkoloji Mərkəzinin binasında qısa qapanma nəticəsində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə maşınları və Səhiyyə Nazirliyinin 10-a yaxın təcili tibbi yardım briqadası cəlb edilib.

Xəstəxananda müalicə alan və tibbi personaldan ibarət  200 nəfərə yaxın adamı vaxtında təxliyə etmək mümkün olub. Hazırda təxliyə olunan şəxslərə lazımi tibbi və psixoloji  yardım göstərilir.

Həyata keçirilmiş bütün zəruri  tədbirlərinə baxmayaraq, yanğının nisbətən güclü sahəsində 24 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

 

 




Ana səhifəyə qayıt        Baxış: 1 061          Tarix: 2-03-2018, 11:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma