Qanunvericiliyə görə, dövlət mülkiyyətində olan əraziyə girişə heç kim qadağa qoya bilməz. Amma nədənsə Bakı Beynəlxalq Avtovağzal Kompleksi bu yöndə istisna təşkil edir. Bilməyənlər üçün deyək ki, əgər yaxınınızı qarşılamaq və yaxud yola salmaq üçün avtovağzal ərazisinə daxil olmusunuzsa, mütləq şəkildə 1 manat ödəniş etməlisiniz. Qurumun başbilənləri gözdən pərdə asmaq üçün formal xarakterli qəbz də verirlər. Qəbz isə ödənişin qanuni olmasına dəlalət etmir. Lap əgər siz cəmi 5 dəqiqə müddətinə avtovağzal ərazisində qalsanız belə, bu məbləği ödəməyə borclusunuz. Əks təqdirdə ərazini tərk etmək istəyərkən yolunuzu şlaqbaum kəsəcək. Hər gün yüzlərlə nəqliyyat vasitəsinin Kompleks ərazisinə daxil olduğunu nəzərə alsaq, bu şlaqbaum vasitəsilə ciblərə axan vəsaitin məbləğini təyin etmək bir qədər çətinləşir... Nəzərinizə çatdıraq ki, bir müddət öncə Azərbaycan Respublikası prezidentinin İşlər İdarəsinin balansına verilən Bakı Beynəlxalq Avtovağzal Kompleksi yenidən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına qaytarılıb.
Elə bu səbəbdən də məsələyə aydınlıq gətirməsi üçün rəsmilərə üz tutduq. "M Trans" MMC-nin sözçüsü Məhəmməd Abdullayev modern.az-a açıqlamasında struktur dəyişikliyi baş verdiyindən mövzuya dair suallarımızı cavablandırmaqdan yayındı.
Paylaş: