Xəbər lenti

Bu gün Yasamal Rayon Məhkəməsində “MTN işi”ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayevin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı iddiası əsasında məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Sərdar Mehrəliyevin sədrliyi ilə keçirilən prosesdə cavabdeh tərəf E.Mahmudov və Maliyyə Nazirliyinin nümayəndəsinin məhkəməyə gəlmədiyi elan olunub.

Əlavə edilib ki, məhkəmədə E.Mahmudovu onun vəkil Cavid Rzazadə təmsil edir.

Daha sonra iddiaçı M.Mustafayev çıxış edərək söyləyib ki, E.Mahmudovun məhkəməyə gəlməsi vacibdir: “Ona suallarıım var. Həmin suallara vəkil cavab verə bilməz. Ona görə də Eldar Mahmudovun prosesdə iştirakını etməsini xahiş edirəm”.

C.Rzazadə qeyd edib ki, artıq Mülki Prosessual Məcəllənin 144-cü maddəsi ləğv edildiyi üçün cavabdehin məcburi gətirilməsinə ehtiyac yoxdur.

Hakim M.Mustafayevin vəsatətini təmin etməyib və E.Mahmudovun məhkəməyə gətirilməsinin zəruri olmadığını söyləyib.

Daha sonra vəkil Rzazadə vəsatət verərək proses zamanı əməliyyat məlumatlarının müzakirə ediləcəyini, zalda jurnalistlərin iştirak etdiyini vurğulayıb.

M.Mustafayev isə iclasın açıq olduğunu deyib.

Vəkil qeyd edib ki, M.Mustafayev iddia ərizəsində Maliyyə Nazirliyini cavabdeh şəxs qismində qoysa da, onlardan tələbinin nə olduğunu bildirməyib.

Daha sonra M.Mustafayev iddia ərizəsinə dəqiqləşdirmə verib. O, əsas cavabdeh kimi Maliyyə Nazirliyini göstərib, E.Mahmudov isə əlavə cavabdeh kimi işə cəlb edilməsini deyib.

M.Mustafayev tələb etdiyi pulun Maliyyə Nazirliyindən tutulmasını, nazirliyin isə pulu E.Mahmudovdan alıb ona ödəməsini istəyib. O, nazirliyin inzibati binasının Nəsimi rayonu ərazisində yerləşdiyini əsas gətirərək, işin Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş edib.

Məhkəmə M.Mustafayevin vəsatətini təmin edərək qərardad çıxardıb, iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Xatırladaq ki, “MTN işi”ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış Mövlan Şıxəliyev məhkəməyə verib.

Yasamal Rayon Məhkəməsində iddia qaldıran M.Mustafayev sabiq nazirin sifarişi ilə şərlənərək həbs edildiyini yazıb və E.Mahmudovun ona 100 min manatdan çox pul təzminatı ödəməsini tələb edir.

M.Mustafayev M.Şıxəliyevə qarşı qaldırdığı iddia ərizəsini isə Səbail Rayon Məhkəməsinə göndərib. O, iddia ərizəsində şərlənərək həbs edilməsindən sonra barəsində olan cinayət işi üzrə istintaqın M.Şıxəliyevin rəhbərlik etdiyi idarədə aparıldığını bildirib. M.Mustafayev sabiq idarə rəisindən 63 min manat təzminat tutularaq ona ödənilməsini istəyib.

Hazırda bu iddia ərizəsi üzrə məhkəmə hakim Nurəddin Bağırovun sədrliyi ilə araşdırılır.

Bundan başqa, M.Mustafayev hər iki iddia ərizəsində Maliyyə Nazirliyini də cavabdeh kimi göstərib. O, buna səbəb kimi isə həm E.Mahmudov, həm də M.Şıxəliyevin vaxtilə dövlət orqanlarında rəhbər şəxs olmalarını qeyd edib.

Xatırladaq ki, M.Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək “Azərsu” ASC-də iqtisadçı işləyib. O, 2014-cü ilin sentyabrında MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs edilib. M.Mustafayev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham edilib və 2015-ci il aprelin 24-də
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi M.Mustafayevin işinə yenidən baxaraq onun barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, M.Mustafayev MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və Azər Mehdiyevin cinayət işində zərəçəkmiş qismində tanınır. Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

 




Ana səhifəyə qayıt        Baxış: 646          Tarix: 3-05-2018, 14:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma