“2020-ci ildə “ASAN Xidmət” Azərbaycanı tam əhatə edəcək və hər bir Azərbaycan vətəndaşı “ASAN Xidmət”dən yararlana biləcək”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, 2020-ci ilə qədər “ASAN Xidmət” mərkəzlərinin sayı 20-yə çatdırılacaq: “Bu ilin payızında Şəki və İmişlidəki regional mərkəzlər istifadəyə veriləcək. Mərkəzlərin hər biri 500 mindən çox əhaliyə xidmət göstərəcək. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, növbəti dövrdə daha 5 mərkəzin tikilməsi planlaşdırılıb. Bu istiqamətdə çox intensiv işlər gedir”.
Ü.Mehdiyevin sözlərinə görə, Dövlət Agentliyi Azərbaycan vətəndaşlarının kütləvi istifadə etdikləri xidmətlərin tam elektronlaşdırılmasını və vətəndaşların “ASAN Xidmət” mərkəzlərinə getmədən bunlardan istifadə edə bilmələrini qarşıya məqsəd qoyub: “Məqsədimizə çatsaq, hər bir vətəndaşımız ofis və evlərindən internet vasitəsi ilə istədikləri xidməti ala biləcəklər. Prezident İlham Əliyev bu il mart ayının 14-də “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, elektron hökumət sahəsində dövlət siyasətinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb. Biz hazırda işlərimizi bu tapşırıq çərçivəsində davam etdiririk”.
Paylaş: