“Azərbaycanda vəziyyət sabitdir, qorxulu, təhlükəli heç nə yoxdur. Məsələlərə də sakit, həyəcansız tərzdə yanaşmaq, qiymət vermək gərəkdir”.
Bunu Oxu.Az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksionerlərindən olan millət vəkili Aydın Mirzəzadə son bir sutka ərzində ölkədə yaşananlara münasibətini bildirərkən deyib.
O bildirib ki, iyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının (İES) yarımstansiyalarından birində yaşanan qəza ilə bağlı son bir sutkada paytaxt Bakıda və digər bölgələrdə enerji, su, nəqliyyat təminatında müəyyən problemlər yaranıb:
“Qeyd edim ki, Azərbaycandakı elektrik stansiyaları 40 dərəcə istiliyə hesablanıb. Ancaq bir neçə gündür ki, ölkədə də anomal hava şəraiti, istilər hökm sürür, bu da təbii ki, istər-istəməz öz təsirini göstərir, yəni, havanın temperaturu 40 dərəcədən yüksək olduğu İstilik Elektrik Stansiyasının yarımstansiyalarından birində qəza əmələ gəlib. Təbii ki, elektrik təminatında problem yaşananda, digər sahələrdə, su, nəqliyyat təminatında da problemlər yaranır. Amma vəziyyət yoluna qoyulur, problemlərin həlli yönündə işlər davam etdirilir. Çox yəqin ki, yaxın zamanlarda da bütün məsələlər yoluna qoyulacaq. Şaiyələrə, əlavə söz-söhbətlərə də ehtiyac yoxdur. Hər şey nəzarətdədir”.
Paylaş: