Prezident İlham Əliyev Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Fərmana görə, sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması, ixrac əməliyyatlarının maliyyələşdirilməsi, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilir.
İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilir.
Fondun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası” təsdiq edilir.
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi qaydalarına uyğun olaraq göstərdiyi fəaliyyətdən irəli gələn hüquq və öhdəlikləri, o cümlədən güzəştli kreditlərdən istifadə şərtləri haqqında müvəkkil kredit təşkilatları ilə bağlanmış müqavilələr üzrə hüquqlar (müvafiq sənədlərin, məlumatların alınması və s.), verdiyi güzəştli kreditlərdən irəli gələn tələb hüququ, müvəkkil kredit təşkilatlarına müəyyən edilmiş limitlər üzrə vəsaitin ayrılmasına, eləcə də Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş sahibkarlıq subyektlərinin investisiya layihələrinə güzəştli kredit ayrılmasına dair öhdəliklər Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsə (bundan sonra – Fond) keçir.
Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 9 nəfərdən ibarət Müşahidə Şurası yaradılır.
Müşahidə Şurasının 5 (beş) üzvünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, 4 (dörd) üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edirlər:
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;
Azərbaycan Respublikasının Vergilər Nazirliyi;
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası;
Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
Fondun fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir. İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini Azərbaycan Respublikasının iqtisadiyyat naziri həyata keçirir.
Fondun nizamnamə fondu 1 094 254 581 (bir milyard doxsan dörd milyon iki yüz əlli dörd min beş yüz səksən bir) manatdır və ona verilmiş əmlakdan, habelə dövlət büdcəsindən ayrılan vəsaitdən formalaşır.
Fondda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir.
Azərbaycan Respublikasının Prezidentinə:
Fondun nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
Fondun yenidən təşkil və ləğv edilməsi;
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Fondun strukturunun, əməkhaqqı fondunun, işçilərinin say həddinin, əməyin ödənilməsi formalarının və miqdarının müəyyənləşdirilməsi;
müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Fondun ştat cədvəlinin təsdiq edilməsi.
Paylaş: