İçərisi sərnişinlə dolu olan avtobus qapısı açıq şəkildə hərəkət edir. Bir neçə sərnişin isə avtobusdan sallaşaraq gedir.
Təhlükəli kadrlar ötən gecə Biləcəri qəsəbəsi ərazisində çəkilib. Votsap nömrəmizə göndərilən kadrlardan aydın olur ki, 91 saylı xəttə aid dövlət qeydiyyat nişanı ''90-FE-434'' olan sərnişin avtobusunun içərisi sərnişinlə doludur. Buna görə də bəzi sərnişinlər qapısı açıq avtobusdan sallaşaraq gedirlər.
Həmin avtobuslar Bakı Beynəlxalq Avtovağzalının yaxınlığından Biləcəri qəsəbəsinə sərnişin daşıyır. Avtobusdan mütəmadi istifadə edən sərnişinlər deyirlər ki, bəzi hallarda belə problemlərlə qarşılaşırlar. Onlar xətdəki avtobusların sayının az olmasından narazıdırlar.
Sürücülər isə günahı sərnişinlərdə görürlər. Onların sözlərinə görə, bəzi sərnişinlər avtobusun qapısını bağlamağa imkan vermirlər.
91 saylı xəttin dispetçeri Araz Gülməmmədov deyir ki, sözügedən görüntülərlə bağlı daşıyıcı şirkət tərəfindən müəyyən tədbirlər görüləcək. Onun sözlərinə görə, 91 saylı xətdə ümumilikdə 14 avtobus xidmət göstərir.
Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, həmin görüntülərdə sərnişindaşıma qaydaları pozulub. Vətəndaşlar bu kimi hallarla qarşılaşanda polisə məlumat verməlidirlər.\\Xezerxeber.az
Paylaş: