Xəbər lenti

 

AXCP sədri Əli Kərimli özünün təmizə çıxarılması prosesinə start verib. Müxalifət cameəsində ləkəli keçmişi ilə məşhur olan bu adam əvəzedilməz lider olmaq üçün indiyə qədər müxtəlif yollara əl atır. Belə addımlardan biri də Rusiyada yaşayan azərbaycanlılardan birinə yazdırılan fikirlərdir. İddia olunur ki, AXCP sədri heç vaxt hakimiyyətlə sövdələşməyə getməyib, həmişə meydanda “dik” duruşu ilə seçilib və onun ən böyük günahı “hakimiyyətlə sövdələşməyə getmək istəyənlərin işini pozmasıdır”. Bu fikirlərin Əli Kərimlinin müavinləri də daxil olmaqla bütün cəbhəçilər tərəfindən eyni anda sürətlə paylaşılması düymənin haradan basıldığını aydın göstərir: AXCP sədri həmişə olduğu kimi belə fikirləri özü haqqında yazdırıb, yaxud da ənənəvi peşəsinə sadiq qalaraq, özü qələmə alıb, “tərəfsizliyi” qorumaq məqsədilə Azərbaycanda yaşamayan birinin adından yaydırıb, ardınca komanda düyməsinə basmaqla öz dəstəsinə tirajlamaq əmrini verib.

Bu, o qədər klassik və bəsit üslubdur ki, ilk baxışdan aydın olur. O da aydındır ki, Əli Kərimli bununla həm digər müxalifət liderlərini “satqın” olaraq təqdim etməklə, özünün “əvəzsiz lider” obrazını yaradır, həm də öz keçmişini unutdurmağa çalışır. Buna günahkarlıq sindromu deyilir. Axı AXCP sədrinin hakimiyyətlə gizli sövdələşməyə getməsi, indi irsinə iddia etdiyi və “liderim” dediyi Elçibəyin qəbrini hələ sağlığında qazmağa başlaması uzaq tarix deyil. Əgər söhbət hər kəsin tanıdığı Əli Kərimlidən gedirsə, Azərbaycanın yaxın tarixi onun xəyanətləri ilə zəngindir.

 

Elçibəyin “silahdaşı” rolunda Mütəllibov iqtidarı ilə gizli əlaqələr qurmuşdu. Müxalifətdə olan Elçibəyin hakimiyyətə gəlişini əngələmək istəyən Mütəllibov iqtidarı məhz Əli Kərimliyə bel bağlayırdı. Kərimlinin Elçibəyin otağına dinləmə cihazı quraşdırması məşhur faktdır.

Əli Kərimli 2000-ci illərdə də Azərbaycan iqtidarı ilə gizli sövdələşməyə getdi. Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov bu danışıqlarda aparıcı fiqurlardan olub. S.Novruzov mediaya açıqlamasında faktı təsdiqləyib.

Əli Kərimli 2000-ci illərdə dəfələrlə yüksək vəzifəli rəsmi şəxslərlə xaricdə görüşmək arzusunda olduğunu bizlərə bəyan edib. Görüş yeri kimi Strasburq və ya London seçilmişdi. Mən şəxsən bu danışıqların iştirakçısıyam və danışıqların aparıldığı yer Tofiq Bəhramov adına stadionun yanındakı “Xankəndi” restoranı idi. Hətta o, partiyasının proporsional seçkidə iştirak etməsini təmin edən 50 min seçici imzasının toplanmasında da hakimiyyət tərəfindən geniş və hərtərəfli dəstək gördü”, - YAP rəsmisi qeyd edib.

 

Kərimlinin iqtidarla gizli danışıqları “Xankəndi” restoranı ilə yanaşı, “Qurd qapısı” restoranında da aparıldı. Bu danışıqlarda Kərimli və onun AXCP tərkibində yaratdığı “Yurd” təşkilatından yaxın ətrafı iştirak edib. Onlardan biri də Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimli olub. Gizli sövdələşməyə əsasən iqtidar Əli Kərimliyə tapşırıqları verir, o da icra edirdi. Tapşırıqlar “Proqnoz” mərkəzi vasitəsilə ötürülürmüş. Kərimlinin iqtidarla gizli danışıqlarında əsas vasitəçilərdən biri kimi Eldar Namazovun da adı çəkilir.

Gizli sövdələşmənin nəticəsi olaraq, Əli Kərimli öz biznesini qurdu. Misal üçün, ona balıq vətəgələri yaratmaq üçün şərait yaradılmışdı, bu işin başında da danışıqlarda aktiv iştirakçı olan əmisi oğlu İnqilab Kərimli dayanırdı. Əli Kərimli biznes sahibi olmaqla yanaşı, mandat da əldə etdi, 1995-ci ildən 2005-ci ilə qədər parlament kürsüsündə oturdu. O, bu imtiyazlara müxalifət düşərgəsində “birlikdə” hərəkət etdiyi qüvvələri satmaqla sahib olmuşdu. 2005-ci ildən sonra parlamentə düşə bilməyən AXCP sədri radikallaşmağa başladı və bu dəfə öz şəxsi təminatını əldə etmək üçün xarici qüvvələrə üz tutdu. Azərbaycan dövlətinin əleyhinə İranla gizli əlaqələr yaratdı və qonşu ölkənin dini-klerikal dairələrinə bağlı olan ekstremist qüvvələri dəstəklədi. Onun Elçibəy iqtidarı dövründə dövlət katibi postunda təmsil olunarkən, “Əli” kod adı ilə İranla gizli əlaqələr qurması da məlumdur.

2013-cü ildə isə Əli Kərimli şəxsi ambisiyaları naminə Şimala üz tutdu və Azərbaycana qarşı Rusiya ilə əlaqəyə girdi. Milli Şura layihəsi məhz onun ambisiyalarının təmin edilməsinə hesablanmışdı, təsadüfi deyil ki, şurada birlikdə yer aldığı digər siyasi partiyaları satması da çox çəkmədi. Əli Kərimlinin bütün bunların fonunda Qərbdə anti-Azərbaycan dairələri ilə əməkdaşlığı da məlumdur, hətta, Avropa strukturlarında və ABŞ-dakı erməni lobbisi ilə əlaqələri var. Oğlu Türkel Kərimlinin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma rejimin “rəhbəri” Bako Saakyanın oğlu Armen Saakyanla ABŞ-da Azərbaycana qarşı təşkil olunmuş dinləmələrdə birlikdə iştirakı faktdır.

 

Bütün bu fəaliyyətində onun Allahı həmişə pul olub, “pulunu verən musiqini də sifariş verir” prinsipi... İndi bunlar hansı Əli Kərimlidən danışırlar?! Ölkədə iqtidarla gizli sövdələşməyə gedən, öz “yoldaşlarını” maraqları naminə satan, şəxsi mənafeyini təmin etmək üçün xarici qüvvələrin milli maraqlarımızın əleyhinə həyata keçirdikləri layihələrdə yer alan bir Əli Kərimli var, o da AXCP sədridir...

Asif Nərimanlı




Ana səhifəyə qayıt        Baxış: 383          Tarix: 21-08-2019, 12:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma