“Nəhayət, ölkədə baş verən bu qədər hadisədən iki gün sonra Prezident Adminstrasiyası (PA) öz varlığını yada salıb. Yoxsa hamı elə bilirdi ki, onlar yoxdur. Bunun özü elə bir xəbərdir”.
Strateq.az xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bunu Azadlıq Radiosuna Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı basqınla bağlı Prezident Adminitrasiyasının iyulun 4-də yaydığı açıqlamanı dəyərləndirərkən bildirib.
AXCP sədri deyib: “PA bu hadisələrlə bağlı vaxtaşırı xalqa izahat vermək yerinə, görünmürdü, susurdu. Bundan da irəli gələrək ölkəni doğru- yalan xəbər dalğası bürümüşdü. Təkcə bu faktın özü göstərdi ki, hökumətin informasiya siyasəti sıfırdır”.
Ə.Kərimliyə görə, baş verənlər göstərdi ki, ölkədə hökumətin çox öyündüyü sabitlik o qədər də möhkəm deyil.
Partiya sədri bildirib ki, sabitlik legitimlik üzərində qurulur və legitimlik olmadığı halda sabitlikdən danışmağa dəyməz: “Sabtilik üçün hakimiyətin qolları məlum olmalı və fəaliyyət göstərməlidir. İdarəçilik institutlaşmalıdır, amma bunun heç biri yoxdur. Ən əsası, xalqın etimad edəcəyi bir orqan belə qalmayıb”.
Ə. Kərimli hesab edir ki, bu hadisələrdən hökumət bir sıra nəticələr çıxarmalıdır. Onun fikrincə, ilikin çıxarılan nəticə o olmalıdır ki, xalqın hökumətdən ciddi narazılığı var.
Ə.Kərimlinin vurğulamasına görə, baş verənlər göstərir ki, müharibə şəraitində yaşadığı deyilən ölkədə nə hökumət oqranları, nə də müəssisələr fövqəladə vəziyyətə hazırdırlar: “Hökumət başa düşməlidir ki, avtoritarizm dövlət idarəçiliyini məhv edib, məmurlar qanunla yox, təlimatla işləməyə öyrəşiblər, təlimat olmadıqda nə edəcəklərini belə bilmirlər”.
Ə.Kərimli deyib ki, baş verən xalq narazlığı fonunda müxalifət çox sönük qalıb: “Bu gün hakimiyyətə əsl müxalif müxalifət yox, sadə, amma narazı xalqın özüdür”.
Paylaş: