Xəbər lenti

 Azərbaycan Ordusu yenidən poliqona yeridilir.

Publika.az
xəbər verir ki, iyun ayının 19-dan döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 24-dək davam edəcək təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.

Son iki ayda intensiv təlimlərin keçirilməsi diqqət çəkir. May ayında Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirəndən sonra, Türkiyə-Azərbaycan təlimləri baş tutdu. Bununla yanaşı, Türkiyə-Azərbaycan-Gürcüstan birgə təlimləri keçirildi.

Bu təlimlər Ermənistanda ciddi narahatlığa səbəb olur. Erməni hərbçi Senor Asratyan hesab edir ki, regionda müharibə başlaya bilər. Onun fikrincə, yeni müharibə Ermənistana sərf etmir.

“Azərbaycan təlimlərdə “TOS-1” sistemlərini yoxladı, bu, Qarabağ müharibəsində də bu silahların tətbiq edilə biləcəyinə işarədir”, - deyə o bildirib.

Erməni ekspert Ovanes İqityan bildirib ki, Azərbaycan Dağlıq Qarabağdakı mövcud status-kvonu saxlamaq niyyətində deyil: “Bakının bu mövqeyi qətidir. Bu, sülh yolu ilə həll olunmursa, hərbi yola əl atacaq. Azərbaycan bunu gizlətmir və beynəlxalq hüquqa əsaslanaraq hərəkət edir. Yəni, yeni müharibənin başlaması ehtimalı böyükdür”.

O.İqityan hesab edir ki, Ermənistanın yeganə çıxış yolu beynəlxalq təşkilatlardan kömək istəməkdir.

Qeyd edək ki, Azərbaycanın qəti mövqeyi ilə qarşılaşan Ermənistanın işğalçı rejimi yeni təxribatlara əl atır. Dünən təxribat nəticəsində ordumuzun bir əsgəri şəhid oldu. Lakin bu təxribat Ermənistana baha başa gəldi. Belə ki, ordumuzun düşmən təxribatına cavabı nəticəsində Ermənistan tərəfi 6 itki verib, çoxsaylı yaralı var.

“News.am” saytı yazır ki, yaralıların vəziyyəti ağırdır. Buna görə də yaralı əsgərlər İrəvana daşınır.

Ermənistan mediası hazırda erməni cəmiyyətinin təşviş içində olduğunu yazır. Ermənilər baş verənlərə görə, Sarkisyan rejimini günahlandırır.




Ana səhifəyə qayıt        Baxış: 999          Tarix: 17-06-2017, 14:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma