Xəbər lenti

Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə Akif Çovdarov "8-ci kilometr" bazarı epizodu üzrə ifadə verib: "Bizə şikayət daxil oldu, araşdırılması mənə tapşırıldı. Çingizi və oğurlanan qardaşını çağırıb ifadəsini aldım. Ardıyca da Cəfəri çağırdıq, dedi bazarı almışıq, Çingizin qardaşını da oğurlamamışıq. Dedim, yaxşı.

Qonşu otaqda da Çingiz Əsədov qardaşı ilə birlikdə gözləyirdi. Çingiz otağa girən kimi Cəfər şalvarına batırdı, bizdən icazə alıb gedib tualetdə təmizlədi. Sonra Çingiz hər şeyi onun üzünə dedi. Çingiz bizə dedi ki, bazarı istəmirəm, amma bunlardan alınsın, bunlar da həbsə getsin".

Akif Çovdarovun sözlərinə görə, olayla bağlı rəhbərliyə məruzə edib: "Onlar da daha yuxarı ilə danışandan sonra mənə dedilər ki, bu işin içindən başqa hörmətli adamın adı çıxır, işi saxlayın. Mən Çingizə bunları dedim, o da məsələni başa düşdü.
Amma dedi ki, necə olur-olsun, bazar onlardan alınsın.

Cəfər bazarı qaytarmağa razı idi, amma borcu olduğu üçün 300 min pul istədi. Biz də rəhbərliyə məruzə etdik, dedilər, halallıqla Çingizdən alın. Mən də qohumuma dedim, Çingiz Əsədova 150 min, Cəfərə də 300 min notariusda verdik. Cəfər gəlib mənə yalvardı, kürəkənimdən xahiş etdim, o, Cəfərin qardaşına və bacısına da ayda 400 manat verirdik. Bazar alınan gündən bəri hər ay Çingizə 5 min pul verilib. Bizə demişdilər ki, bu məsələ sülhlə həll edilsin. Çünki cinayət işi aça bilmirdik. Həmin adamın adı hallanacaqdı, mətbuat yazacaqdı. Mən istəyirdim ki, cinayət işi açılsın".

Akif Çovdarovun ifadəsinə görə, Fərhad və Rafiq Əliyev qardaşları ilə Səfərov qardaşlarının əməllərini ifşa etdikləri üçün onlara ən azı təşəkkür və ya medal verilərdi: "Ondan əvvəl Fərhad Əliyev, Əli İnsanov və Hacı Məmmədov işini aparmışdıq. Qısa müddətdə bu da 3-cü əməliyyatımız olacaqdı. Hacı Məmmədovun adam öldürməsi ilə bağlı prokurorluğa şikayət daxil olmuşdu, amma heç nə edə bilmirdilər. Bu işi biz etdik".

Akif Çovdarov bildirib ki, 2006-cı ildən Cəfərin adından şikayət ərizələri gəlməyə başlayıb: "Çağırıb soruşduq ki, nə məsələdi, Cəfər dedi hər şeyi atamla qardaşlarım mənim adımdan yazır, nəzərə almayın. Sonra bizə məlum oldu ki, bu ərizələri o vaxt MTN-də işləyən bir yoldaş yazdırıb. Salman Səfərovla Çingiz Əsədov arasında telefon danışığında o ad dəfələrlə çəkilib, cinayət işi materiallarında var, mən ad çəkməyəcəyəm.

İttihamda yazılıb ki, bazarın qiyməti 5 milyon dollar olib, biz 450 min dollara hansısa yollarla almışıq. O vaxt bu qiymətə əmlak yox idi. 2005-ci ildə kürəkənim 5 otaqlı evi 17 min dollara aldı. Bazar alınanda orda tikili yox idi, konteynerlərdən ibarət idi".

Prokuror Akif Çovdarova sual vermək istəyəndə general onu qabaqlayıb: "Çingizin qardaşının oğurlanması ilə bağlı sübutlar, səs yazıları var, niyə cinayət işi açmırsız? O vaxt o adam sağ idi, biz edə bilmədik, edə bilirsizsə, siz edin".

Məhkəmə prosesi iyunun 21-də davam etdiriləcək.

 




Ana səhifəyə qayıt        Baxış: 1 258          Tarix: 20-06-2017, 13:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma