Noyabrın 23-dən 25-dək Bakı Ekspo Mərkəzində Recexpo III - Azərbaycan beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçiriləcək. Bu il əvvəlki illərdən fərqli olaraq sərgiyə daha çox investor, əmlak şirkətlərinin qatılması, həmçinin onların tikinti və infrastruktur layihələrinin nümayiş edilməsi gözlənilir.
Publika.az xəbər verir ki, bu fikirləri sərgi ilə bağlı təşkil olunan mətbuat konfransında Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov deyib.
Onun sözlərinə görə, sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının daha da canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır: “Daşınmaz əmlak bazarı ilə bağlı investisiya mühitinin bu sahədə fəaliyyət göstərən xarici şirkətlərə nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsi də əsas vəzifələrdəndir. Özəlləşdirilmiş müəssisələrə kapital axını ölkənin makroiqtisadi göstəricilərinin, məşğulluğun səviyyəsinin artımına, yeni iş yerlərini yaradılmasına, ixrac potensialının yüksəlməsinə səbəb olacaq. Həmçinin bu ölkəmizin beynəlxalq nüfuzunun artımına, dünya bazarlarına çıxış imkanlarının genişlənməsinə və daşınmaz əmlak bazarında iqtisadi yüksəlişə gətirib çıxaracaq”.
Q.Xəlilov onu da vurğulayıb ki, Komitə tərəfindən də sərgidə öz fəaliyyətini əks etdirən povilyonlar yaradılacaq: “Burada dövlət əmlakının özəlləşdirilməsi, torpaqların vahid elektron kadastr uçotu, bu sahədə müasir informasiya kommnukasiya texnologiyalarının imkanları ilə yaradılan sistemlər, elektron xidmətlər və digər yeniliklər nümayiş olunacaq. Builki sərgidə özəlləşdirilməyə açıq elan edilən müəssisələrlə bağlı povilyonlarının yaradılması kimi yeniliklər də nəzərdə tutulur”.
“ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin nümayəndəsi Səlim Şahin bu cür sərgilərin ölkə iqtisadiyyatında canlanmaya xidmət etdiyini bildirib: “Bu sərgi Azərbaycanın əmlak sektorundakı inkişafını dünyaya çatdırmaq üçün son dərəcə önəmlidir. Həmçinin xarici investorların da ölkəyə yatırım etməsinə həvəsləndirə biləcək bir addımdır. Ötən il sərgidə 11 ölkədən olan şirkətlər iştirak etmişdisə, bu il ölkələrin sayı 15-ə çatıb. Bu ölkələr sırasında İngiltərə, Sinqapur, Malaziyanın olması bizi məmnun edir”.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Yalçın Camalov isə bu tədbirin yalnız daşınmaz əmlak sahəsində canlanmaya xidmət etmədiyini, eyni zamanda özəlləşdirmə sahəsində investisiya cəlbi üçün son dərəcə önəmli olduğunu deyib: “Bu il sərgidə metallurgiya, sənaye, maşınqayırma, turizm sahəsi üzrə müxtəlif müəssisələrin özəlləşdirməyə çıxarılacaq. Sərgidə iştirak edəcək investor və iştirakçılara Azərbaycanın özəlləşdirmə, daşınmaz əmlak sahəsindəki uğurlarından məlumat veriləcək. Özəlləşdirilməyə açıq elan edilən müəssisələrlə bağlı yaradılacaq povilyonlarda həmin müəssisələrin maliyyə və iqtisadi göstəriciləri, istehsal etdikləri məhsul və xidmətlər, yerləşdiyi ünvan, fəaliyyət növü, gəlir gətirmə potensialı və sair digər bütün məlumatlar əks olunacaq. Potensial iştirakçılara özəlləşdirməyə çıxarılan müəssisələr və özəlləşdirmədə iştirak etmə prosedurları barədə məlumat veriləcək. Sərgidə iştirak edəcək xarici investorların ölkənin daşınmaz əmlak sektoruna yatıracağı kapital, bu sahənin canlanmasına, müəssisələrin rentabelliyi fəaliyyətinin bərpa olunmasına və əhalinin sosial-rifah halının yaxşılaşdırılmasına səbəb olacaq”.
Y.Camalov onu da vurğulayıb ki, Azərbaycanın xaricdə akkreditə olunmuş diplomatik nümayəndəlikləri vasitəsi ilə müxtəlif ölkələrin ticarət birlikləri, investisiya fondları və bütün maraqlı tərəflərlə əlaqələr qurulur: “Hazırda Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikasının BƏƏ-dəki Səfirliyi və Dubaydakı Konsulluğu vasitəsi ilə iri investorların cəlb edilməsi üzrə Dubay Ticarət Palatası ilə danışıqlar aparır. Eyni məqsədlə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi ilə də müvafiq işlər həyata keçirilir”.
Tədbirdə vurğulanıb ki, sərgidə 91 yerli və beynəlxalq şirkətin 152 daşınmaz əmlak layihəsi nümayiş olunub. Ötən ildən fərqli olaraq bu il baş tutacaq sərginin məkanı daha geniş ərazini əhatə edəcək.
Sərginin ən cəlbedici cəhətlərindən biri də burada birbaşa potensial alıcılar üçün yaradılan seçim imkanlarının olmasıdır. Müxtəlif ölkələrdən iri şirkətlərin cəlb edilməsi əmlak alıcılarına təklifləri, fürsətləri müqayisə etmək və dəyərləndirmək, sərfəli variantları seçmək imkanı qazandıracaq.
Paylaş: