Xəbər lenti

2020-ci il Zəfər ilimizdir. Qarabağı 2020-nin payızında 30 illik işğaldan azad etdik.

2020 həm də ən çətin ildir. Təkcə bizim üçün yox, bütün dünya üçün "fəlakət ili"dir. Bəşəriyyət 2020-ci il başlayandan COVİD-19 bəlası ilə döyüşür. Əksər ölkələrin iqtisadiyyatı çöküb və ya çökməkdədir, ciddi krizislər yaşanır. Azərbaycana da xeyli təsirləri var...

2020 həm də Azərbaycanda korrupsioner məmur "ordusu"na qarşı mübarizənin daha kəskin fazaya keçdiyi il oldu.
Əgər dünya ölkələri yalnızca koronavirusla savaşdısa, Azərbaycan dövləti faktiki olaraq, üç düşmənlə döyüşdü: Ermənistanla döyüşüb Qarabağı azad etdik, koronavirus və korrupsionerlərlə 2020-nin əvvəlindən başlayan savaş isə davam edir!..

Pandemiya dövründə, bütün dünyada iqtisadiyyatlar çökdüyü bir vaxtda Azərbaycanın iqtisadi, ordu gücünü hər kəs gördü: 44 günlük müharibədə tarix yazdı Şanlı Ordumuz. Qələbə ilə başa çatdı Qarabağ savaşı. Bu dövrdə insanlar nə ərzaq qıtlığı çəkdi, nə çörək, nə enerji! Əlbəttə, kasıb zümrə həmişə olub, var və olacaq, pandemiya, müharibə dövründə onların arasında ikiqat çətinliyi olanlar oldu. Ancaq xalq-dövlət birliyi, ictimai yardımlaşmalar bu məsələdə də öz sözünü dedi...
"Heç bir problem yoxdur" demək günah olardı. Şəhid ailələrinin, qazi, döyüşçülərin bir çoxunun da sosial, tibbi dəstəyə ehtiyacı vardı. Bir neçə gün hətta sosial şəbəkələrdə haqlı-haqsız dövlətə irad tutanlar da vardı. Əlbəttə, şübhə yoxdur ki, onların da əksərinin ürəyi yanırdı. Ancaq dövlət diqqətsiz qoya bilərdimi onları? Qətiyyən! Bilirdim və dostlara, tanışlara da deyirdim ki, azacıq səbrli olaq, planlar qurulur və dövlət bütün problemlərin həllinə dair addımlar atacaq yaxın günlərdə. Və 8 dekabrda hər kəs gördü: Şəhid ailələri, qazi, döyüşçülərin problemlərinin daimi və davamlı həlli üçün YAŞAT Fondu yaradıldı. O Fond şəffaf şəkildə bütün şəhid ailələri, qazi və döyüşçülərin problemlərini öz üzərinə götürür. Gözəl olan odur ki, hər birimiz də o fonda öz dəstəyimizi verə biləcəyik. Çünki o igidlər hər birimizi qoruyub!..
                               ***
Prezident belə ağır dönəmdə korrupsiya ilə mübarizəni də bir an diqqətdən kənarda qoymadı. 2020-ci il başlayandan həbs edilən onlarla yüksək vəzifəli məmurun, icra başçısının yanına daha biri - Cəlilabadın korrupsioner başçısı da getdi. Davamı da olacaq...
İlk baxışda bəlkə də çoxlarına asan gələ bilər Azərbaycan dövlətinin 2020-ci ildə apardığı proseslər. Amma daha geniş baxın, üç düşmənlə döyüşdən necə çıxmışıq!
Bəli, koronavirusla bağlı narahatlıqlar var. Ancaq dövlət üzərinə nə düşübsə, ilk gündən edib. Yoluxma sayının artması həm bütün dünyanın bəlasıdır, həm də cəmiyyətimiz özü də tam günahsız deyil. Təbii, müxtəlif dərmanları 5 qat bahalaşdıran, testi od bahasına edənlər də cəzalanmalıdır və cəzasız qalmayacaqlarına şübhəm yoxdur. Möhtəkirlərin cəzalandırılması qaçılmazdır, korrupsiya ilə mübarizənin bir detalıdır...

Bütövlükdə və faktiki mənzərə isə ondan ibarətdir ki, bu qədər ağır ildə biz dünyanın 26 ildir yığışıb həll edə bilmədiyi Qarabağ problemini savaşıb çözdük, BMT qətnamələrini özümüz icra etdik: Qalib olduq. Korona sınağından da pis çıxmırıq və korrupsionerlər də qandallanmaqda davam edir. Bütün proseslər kontroldadır və  Qarabağ savaşına, pandemiyaya rəğmən nə iqtisadi, nə sosial, nə maliyyə baxımından çətinlik çəkdik!
Fəxr edək ki, belə güclü dövlətimiz və onu belə inkişaf səviyyəsinə çatdıran lideri, Prezidenti, Ali Baş Komandanı var.
Və təbii olaraq bundan sonra korrupsionerlərlə savaş daha da güclənəcək. Bunu həm milli birliyimiz zərurətə çevirib, həm də Prezidentin iradəsinin tələbidir. Bizə qarşıdakı postmüharibə və postpandemiya dövründə sağlam təşəkkürlü, əlitəmiz, çevik məmur korpusu hava-su kimi lazımdır. Bütün dövlət ayırmaları ancaq inkişafa sərf olunmalıdır, hansısa məmur 1 manat ondan oğurlaya bilməməlidir. Bu, yeni mərhələnin birinci tələbidir və müharibə bitən kimi korrupsionerlərə qarşı mübarizənin daha sərt formaya keçidi də göz önündədir.

Əminliklə deyə bilərəm, çox yox, 2-3 il sonra biz hətta xəyal edə bilmədiyimiz daha güclü, firavan və azad edilmiş Qarabağı abad da olmuş Azərbaycan görəcəyik.
Elşad MƏMMƏDLİ
"Yeni Müsavat"




Ana səhifəyə qayıt        Baxış: 2 543          Tarix: 9-12-2020, 10:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma