Xəbər lenti
27-11-2024, 19:25

 
Təkcə ötən il 100-dən artıq şirkət vasitəsilə 2380 kənd təsərrüfatı texnikası fermerlərimizə satılıb. 
 
Ovqat.com xəbər verir ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Kənd Təsərrüfatı naziri İnam Kərimov bunu bildirib.
 
Onun sözlərinə görə, həmin günlərdə biçində ümumiyyətlə 1700-dən artıq kombayn iştirak edirdi və nazirlik tərəfindən biçinə 700-ə yaxın kombayn cəlb olunmuşdu. Göründüyü kimi, Azərbaycanda müəzzəm sayda kənd təsərrüfatı texnikası mövcuddur. Prezident İlham Əliyev 2019-cu ildə pambıqçılıq mövsümünün yekunlarına həsr olunmuş müşavirədə də bu faktın altını cızaraq bildirmişdi ki, dövlət dəstəyi nəticəsində son üç il ərzində 15 min 700 texnika alınıb: “Qeyd etdiyim kimi, 400-dən çox pambıqyığan kombayn almışıq, onların da böyük əksəriyyəti Amerikanın ən qabaqcıl şirkəti olan “John Deere”in daha məhsuldardır və keyfiyyətə görə ən yüksək standartlara cavab verən kombaynlarıdır”.
 
Dövlət rəsmilərinin bildirdiyinə görə, alınan kənd təsərrüfatı texnikasının mühüm hissəsi isə “Azərlizinq” vasitəsilə fermerlərə satılır. Təkcə ötən il “Aqrolizinq”ə 28 milyon manat ayrılıb və əlavə 125 kombayn alınıb. “Əvvəllər fermerlərimiz məhsul itkisindən, o cümlədən təhlükəsizlik qaydalarına əməl etmək baxımından əziyyət çəkirdilər... Tam əminliklə deyə bilərik ki, bu il hazırda fermerlərimizin texnika baxımından problemi yoxdur və builki taxıl biçini mövsümü də bir daha göstərdi ki, bu sahədə dövlətimiz tərəfindən bütün tədbirlər həyata keçirilib”, - nazir İnam Kərimov Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu sözləri deyərək ölkə başçısını əmin edirdi ki, Azərbaycanın kənd təsərrüfatı sahəsində əmin-amanlıqdır. Necə deyərlər, qurd quzu ilə otlayır.


 
Bəs, görəsən, həqiqətənmi belədir?
 
Ucar rayonu Yuxarı Şilyan kənd sakini Əhmədov Behbud Abbas oğlu tərəfindən Ovqat.com-a göndərilən şikayət məktubu bu iddianın üzərinə böyük şübhə kölgəsi salır. Qabaqcıl mexanizator olduğunu bildirən şikayətçinin sözlərinə inansaq, dövlətin böyük vəsaitlər xərcləyərək ölkəmizə gətirdiyi kənd təsərrüfatı texnikalarına “Azərlizinq”in rəsmiləri öz dədə-baba mülkiyyəti kimi baxır, şəxsi ambisiyaları naminə fermerlərin çörəyi ilə oynayırlar.
 
Gəlin, Ucarın qabaqcıl mexanizatorunun dərdini öz dilindən dinləyək:
 
“"Aqrolizinq" ASC-nin lizinq şöbəsinin müdiri Aqşin Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edib mənimlə prinsip apardığı üçün istifadəmdə olan SAMPO markalı kambaynı əlimdən alıb. Hansı ki, mən həmin kombaynı qanunu sənədlərələ liznq yolu ilə götürüb ailəmi dolandırırdım. 
 
Xəstələndiyim və müalicə olunacağım üçün həmin kombaynı ərizə yazdırıb məndən təhvil aldılar. Müalicə olunub sağalıb işə qayıtmaq istəyəndə isə məlum oldu ki, kombaynı qanunsuz olaraq başqa şəxsə veriblər. Halbuki həmin kombaynı mən özüm işlətməliyəm, təmirinə xeyli pul xərcləmişəm. Mənim kimi tərcübəli qabaqcıl mexanizatorun işdən uzaqlaşdırlıması kənd təsərrüfatına ziyan vurulması deməkdir. Aqşin Məmmədov dövlət maraqlarını şəxsi mənafeyinə qurban verib kənd təsərrüfatına belə ziyanlar vurur”.


 
Qabaqcıl mexanizator məktubunda özü barədə məlumat verərək bildirir ki, 1984-cü ildən kombayn sürür: “Peşəkar kombayn sürücüsüyəm, pambıq, taxıl yığımında yüksək göstəricilərə nail olmuşam. İşimdə heç vaxt nöqsana yol verməmişəm. Ucar "Aqroservis"-dən 2014-cü il tarixdə lizinq yolu ilə kənd təsərrüfatı texnikası götürüb işlədirəm. Qeyd edim ki, "Aqrolizinq" ASC-nin Lizinq şöbəsinin müdiri Aqşin Məmmədovun qanunsuz əməlləri barədə əvvəllər şikayət etdiyim üçün o mənimlə prinsip və qərəzçilik aparır”. 
 
 
Şikayətçi xatırladır ki, hazırda taxıl biçimi mövsümü başlayıb və Aqşin Məmmədov bunu etməklə faktiki “onun ailəsini çörəksiz qoyub”.
 
“Mənim atam Abbas Əhmədov sovetlər dönəmində qabaqcıl mexanizator olub deyə onu buna görə təltif ediblər. Ona qırımızı diplom verilib. Sovet dönəmində mexanizatorların yarışmasının qalıbi olub. Biz alın təri ilə zəhmətlə işləyib çörəyimizi qazanmışıq.


 Bir fermerin alın təri nəticəsində 4 məmurun üzü gülür

 Yeganə oğlum Rafiq Əhmədov Vətən müharibəsində Tərtərin Suqovşan qəsəbəsi, Talışkənd kəndi və Ağdərənin azadlığı uğurunda gedən döyüşlərdə Müdafiə Nazirliyinin 708   saylı hərbi hissənin tərkibində qəhrəmancasına vuruşub. Mən buna görə  fəxr edirəm.
 
Biz vətəni, əməyi sevən zəhmətkeş insanlarıq.
 
Torpağı qorumağa mənim oğlum kimi qəhrəmanlar gedir, dövlətin vəsaitini isə Aqşin Məmmədov kimi neqativ ünsürlər talan edir. Hətta pambıqyığan kombaynı mənə təmir etdirib başqasına verdilər. Hansı ki, təmir üçün pul xərcləsəm də bunu belə, geri ödəmədilər. Belə saxtakarlıqda, özbaşınalıqda Aqşin Məmmədov artıq peşəkar olub”.



 
Kombaynçının yazdığına görə, “Azərlizinq”in rəhbərliyi özbaşınalıqlarındakı bu cəsarəti toxunulmazlıqlarına əminliklərindən alırlar. Necə olsa, fermerlərin KTN-ə və digər dövlət qurumlarına yazdıqları məktublar elə onların özlərinə qaytarılacaq, nəticədə “səndən yar, sənə yar, şikayətim var” prinsipi “aqrar quldarlıq rejimi”nin qara quluna çevrilən zavallı insanların başında çatlayacaq. “Aqşin Məmmədov mənə ironiya ilə deyir ki, sən hara şikayət etsən baxılması üçün bizə göndərəcəklər. Bunun heç bir mənası yoxdur”, - şikayət məktubunda deyilir.
 
Sonda mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimova üz tutan fermer bildirir: “Xahiş edirəm; şikayət ərizəmi mənim iştirakımla yerində obyektiv araşdırıb mənə qarşı qanunsuzluq etmiş "Aqrolizin" ASC-nin Lizinq şöbəsinin müdiri  Aqşin Məmmədovun fəaliyyətini obyektiv təftiş edib, barəsində ciddi tədbirlər görəsiniz, əlimdən qanunsuz yolla alınmış kombaynımı özümə qaytarılmasını təmin edəsiniz”.


Ana səhifəyə qayıt        Baxış: 6 660          Tarix: 2-06-2021, 09:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma