Xəbər lenti


Deputatlar Mülki Prosessual Məcəllədə dəyişikliklərin cərimə və rüsumlarla bağlı hissəsinə qarşı çıxdılar; “Son vaxtlar elə bil bəzi qurumlar yarışa girib: kim daha çox cərimə, rüsum yığa bilər...”

İyunun 25-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. Spiker Sahibə Qafarova giriş nitqində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümü ilə bağlı təbriklərini çatdırdı, deputatlar sədrin bu təbrikinə alqışlarla qarşılıq verdilər.
Cari məsələlərin müzakirəsi zamanı çıxış edən komitə sədri Siyavuş Novruzov Qarabağa qayıdışla bağlı müzakirələrə reaksiya verdi: “Təkcə Ağdamda 97 min mina basdırılıbsa, görün digər ərazilərdə nə qədər mina var. O baxımdan insanları qızışdırmaq, onlara vəd vermək, ”yox, siz mütləq köçməlisiniz" demək yolverilməzdir! Neftin qiyməti düşəndə toy-bayram edənlər, yanğınlara sevinən partiya rəhbərləri bu gün də hansısa proqnozlar verirlər. Nə vaxt bir şəhid ailəsinin yanında olublar, qazini ziyarətə gediblər. Heç nə etməyiblər, amma suyu bulandırırlar".

S.Novruzov daha sonra bildirdi: “İşğaldan azad olunan ərazilərimiz minalardan təmizlənənə, orada ağıllı şəhər və kəndlər salınmayana qədər insanlarımız heç kimə inanmasınlar”.
Deputat Aydın Mirzəzadə “nə qədər ki, ordumuz var, müstəqilliyimiz var, bu günümüz və sabahımız var”, - deyə söylədi.
Deputat Elman Nəsirov “Deputat statusu haqqında” Qanuna dəyişiklik olunması zərurətindən danışdı. O, qanunda əksini tapan deputat ifadəsini millət vəkili təqdimatı ilə əvəzləməyə çağırdı. E.Nəsirov bu mənada qardaş Türkiyədən nümunə gətirdi. Bildirdi ki, Azərbaycan və Türkiyədən olan iki şəxs bir-birindən statuslarını soruşanda biri “deputat”, digəri “millət vəkili” cavabını verir. E.Nəsirovun sözlərinə görə, deputat adının millət vəkili ifadəsi əvəzlənməsi bu gün zərurətə çevrilib. “Biz məhz millətin vəkilləriyik. Odur ki, qanuna yenidən baxılmasına ehtiyac var və deputat sözünün millət vəkili ifadəsi ilə əvəzlənməsini təklif edirəm”.

Deputat Aqiyə Naxçıvanlı təmsilçisi olduğu dairənin problemlərindən bəhs etdi. “Pandemiya  internetdən istifadənin nə qədər zəruri olduğunu xatırlatdı”, deyən deputat xatırlatdı ki, pandemiyada əksər layihələr internet üzərindən baş tutdu: “Bu məsələlər rabitə sahəsində problemləri də ortaya qoydu. İnternetin zəifliyi problemlər yaratdı. Provayderlər günahı rabitə qovşaqlarına, onlar isə başqa qurumlara atırlar. Oğuz və Qəbələnin elə kəndləri var ki, ucqar deyil, amma orada ATS belə yoxdur. Bu kəndlərdə internetin yoxluğundan danışmaq mümkün deyil. Rabitə problemlərinə, xüsusilə regionlarda mövcud çatışmazlıqlara diqqət yetirilməsini istəyərdik”. Ardınca A.Naxçıvanlı Oğuzun digər probleminə diqqət çəkdi. Bildirdi ki, mavi yanacaqla təmin olunma sahəsində çatışmazlıqlar olduğundan meşələr qırılır.

Deputat Qənirə Paşayeva bildirdi ki, Türkiyədən Azərbaycana gəlmək istəyən minlərlə qardaşımız vaxtaşırı onları narahat edən məsələni qaldırırlar: “Biz Türkiyəyə uçuşlarla bağlı hər gün çoxlu sayda müraciətlər alırıq. Yazırlar ki, biz Türkiyədən dünya ölkələrinə aşağı qiymətlə uçuruq. Azərbaycana biletlərin qiyməti niyə bu qədər bahadır? Azərbaycandan da insanlarımız Türkiyəyə yalnız turist səfərləri etmirlər, təhsil almağa, müalicə olunmağa gedənlərimiz var. Biz xahiş edirik, bu qiymətlərə baxılsın! Bu qiymətlər sadəcə turizm üçün önəmli deyil. Ona görə də mən buradan AZAL-a və müvafiq qurumlara çağırış edirəm, bu qiymətlərə baxılsın və bu çağırışlar nəzərə alınsın”.

Milli Məclisin sədr müavini Adil Əliyev 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırdı, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun qazandığı zəfərdən bəhs etdi.
İclasda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı.

Deputat Vahid Əhmədov ötən iclasda da ağıllı sayğaclarla bağlı məsələ qaldırdığını xatırlatdı. Bildirdi ki, qanunun qəbulundan sonra indiki sayğacların ağıllı sayğaclarla kütləvi şəkildə əvəzlənib-əvəzlənməyəcəyi ona məlum deyil. Odur ki, V.Əhmədov aidiyyatı qurumun təmsilçisinin bu kimi suallara cavab verməsini istədi. Millət vəkili qeyd etdi ki, qanunun qəbulu Azərbaycan iqtisadiyyatına və enerji qənaətinə töhfə verəcək. Ancaq qanunun kimə istiqamətləndiyi bilinmir.
Deputat Fazil Mustafa alternativ enerji ilə bağlı problemlərdən bəhs etdi: “Külək enerjisilə bağlı qurğuların hamısının generatoru söndürülüb, sadəcə əhaliyə göstərmək istəyirlər ki, bizdə də də belə bir sistem var. Hesablama Palatası araşdırma aparsa, görər ki, bu sahəyə ayrılan vəsait batıb. Günəş enerjisi ilə bağlı quraşdırılan panellərə baxın, üstünü toz basıb, ordan nə enerji alınacaq? Bizim əsas hədəfimiz alternativ enerjini həyatımıza gətirmək olmalıdır”. “Enerji sahəsi ilə bağlı düşünmək lazımdır ki, büdcə talançılığının qarşısı necə alına bilər. Biz elə etməliyik ki, dövlət büdcəsidən vəsait alan qurumlar şəffaf işləsinlər, bu vəsaitlər kənara getməsin. Biz səmərəliliyi insanlardan tələb edirik. Mən qanunun məqsədini və məzmununu müsbət dəyərləndirirəm, istiqamətini düzgün hesab etmirəm", deyən F.Mustafa sonda bildirdi ki, o, qanunun fəlsəfəsini, ideyasını, niyyətini müsbət qiymətləndirir.

Deputat Elşən Musayev seçildiyi dairənin problemlərindən bəhs etdi: “Zaqataladakı su problemi ilə bağlı düz 4 dəfə parlament tribunasından danışmışam, bu da olsun 5-ci. Amma məsələ həll olunmur. Olmur ki, olmur. ”Azərsu" sanki hər şeyi tərsinə edir, sanki bizimlə bəhsə girib. Bir düz-əməlli cavab da vermir ki, heç olmasa bilək məramları, planları, strategiyaları nədir? Kəndlər susuzluqdan yanır, Zaqatalanın ən iri kəndlərindən olan Tala kəndi də daxil, kənar kəndlər su problemi ilə əlaqədar acınacaqlı vəziyyətdədir. Belə getsə, həmin kəndlər bir azdan

Ərəbistan çöllərinə, səhralarına bənzəyəcək. Mən buradan növbəti dəfə “Azərsu” rəhbərliyinə müraciət edirəm: nə isə edin, nə isə bir addım atın, insanların köməyə ehtiyacı var!"
Deputat Vüqar Bayramov dedi ki, qanun layihəsində nəzərdə tutulan “ağıllı sayğac”lar mövcud sayğaclardan fərqlənmir: “Bu məsələnin dəqiqləşdirilməsinə ehtiyac var”.
Deputat Qənirə Paşayeva bildirdi ki, Tovuzun Qovlar şəhərində 9 ailəyə elektrik enerjisi hələ də verilmir: “Hələ də insanlar elektrik enerjisi ilə təmin edilməyib”. Deputat qeyd etdi ki, vətəndaş hansı uzaqlıqda yaşamasından asılı olmayaraq, enerjiylə təmin edilməlidir: “Əgər vətəndaş işlətdiyi enerjinin pulunu ödəməsə, o zaman onun vəzifələri yaranacaq. Ancaq aidiyyatı qurumlar bu məsələdə məsuliyyəti bir-birinin üzərinə atır.

Koordinasiyalı olaraq məsələlər həll edilmir. Bir vətəndaş ev tikib yaşayır. Deyirlər ki, bu uzaqlıqda ona enerji verəcəm? İstehlakçıların hüquqları qorunmur”.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Milli Məclisin Birinci vitse-spikeri Əli Hüseynli qanun layihəsini təqdim edib. Birinci vitse-spiker qanunun 2019-cu ildə qəbul edildiyini xatırladaraq dedi ki, faktiki olaraq bu qanun bu il iyulun 1-dən qüvvəyə minəcək: “Hazırda 294 mediator təlimdən keçib, sertifikatları var. Mediatorlar üçün 25 yaş, 3 il iş stajı tələbi qoyuldu, hüquq təhsili şərt kimi irəli sürülmədi. Ancaq buna baxmayaraq, sertifikat alanların yarıdan çoxu hüquqşünasdır”.

Komitə sədri Siyavuş Novruzov çıxışında qanunu müsbət xarakterizə etdi. Ardınca efirlə bağlı tənqidi fikirlərini bölüşdü: “Vətəndaşın ailə sirri Azərbaycan Konstitusiyası ilə qorunur. Halbuki vətəndaşların ailə problemləri televiziyalarda həll edilir”. Deputat ailə problemləri mövzusuna həsr edilən televiziya proqramlarını qınadı: “Verilişdə özünə ailə qura bilməyən adamlar camaata ağıl verir. Sənin proqramın yaxşı gedə bilər, reytinqi ola bilər. Sən hansı funksiyanı üzərinə götürüb, insanları birləşdirirsən, ayırırsan, barışdırırsan, hansısa bir adamı kənddə biabır edirsən? Uşaq kiminlə qalmalıdır, kim necə boşanmalıdır - bunlar hamısı hüquqi məsələlədir. İnsanlar öz probleminin həllini televiziya kanallarında axtarırlar. Say azalmaq əvəzinə, artır.

Hesab edirəm ki, mediasiya haqqında qanun çox yaxşı layihədir”.
İclasda Mülki Prosessual Məcəllədə dəyişikliklər birinci oxunuşda müzakirəyə çıxarıldı. Təqdimat zamanı birinci vitse-spiker Əli Hüseynli bildirdi ki, Mülki Prosessual Məcəllədə dəyişikliklər bu il oktyabrın 1-də qüvvəyə minməlidir, ona görə də qısa müddətdə növbədənkənar sessiyada bu qanunu qəbul etməliyik. Birinci vitse-spiker dedi ki, bəzən vəkillər məhkəmə prosesinin müxtəlif mərhələlərində sübutlar təqdim etməklə prosesi uzadırlar: “Ona görə də sübutlar hazırlıq mərhələsində təqdim edilməlidir və layihədə bu məsələ nəzərdə tutulub. Məqsəd məhkəmə prosesinin uzadılmasının qarşısını almaqdır”. Ə.Hüseynli bildirdi ki, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər: “Bununla bağlı narazılıqlar var, xüsusən vəkillər narazılıqlarını bildirirlər. Digər qanunvericilik aktında indiyə qədər belə hallarda bağlı 55 manat cərimə onsuz da nəzərdə tutulmuşdu. Narazılıq əsasən 500 manat məbləği ilə bağlıdır. Bu narazılıqların aradan qaldırılması üçün ikinci oxunuşa qədər vəkillər və deputatların iştirakı ilə bağlı müzakirələr keçiriləcək”.

Komitə sədri Tahir Mirkişili Azərbaycanda dövlət rüsumlarının illərdir dəyişmədiyini vurğuladı. Azərbaycanda məhkəmə xərclərinin cəmi 2 faizi dövlət rüsumları hesabınadır. Həmçinin Azərbaycanda hakimlərin baxdığı işlərin sayının kifayət qədər çox olduğunu qeyd etdi. Bildirdi ki, Azərbaycanda bu rəqəm 5 mindirsə, Türkiyədə 800-dür.
Qanun layihəsinin cərimələnmə ilə bağlı hissəsi bəzi deputatlar tərəfindən birmənalı qəbul olunmadı. Deputat Zahid Oruc rüsumların kəskin şəkildə artmasından narahatlığını ifadə etdi.
Deputat Fazil Mustafa qeyd etdi ki, yeni qanuna əsasən, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına, onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edəcək. Deputatın fikrincə, təklif edilən dəyişiklik absurddur: “Məsələn, biz deputat olaraq bizə müraciət edən vətəndaşlarla bağlı dövlət qurumuna müraciət edirik. O zaman həmin dövlət qurumu da bizim müraciətimizin əsassız olduğunu yazmalı və bizi də cərimələməlidir? Bu, tamamilə absurddur. Digər tərəfdən, rüsumlar hesabına hansısa qurumların işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması məsələsini tamamilə aradan qaldırmaq lazımdır”. F.Mustafa da rüsum ənənəsinə son qoyulması zərurətindən danışdı. Rüsumların artırılmasına qarşı çıxan deputat bildirdi ki, bu, vətəndaşı məhkəmədən çəkindirəcək və insanlar “küçə razborka”sına üstünlük verəcək.

Deputat Qənirə Paşayeva dedi ki, cərimələrin məbləği kiçik deyil, ona görə də cəmiyyətin aztəminatlı hissəsinin rəyi nəzərə alınaraq bu məbləğə yenidən baxılmalıdır. Deputat bildirdi ki, vəkillər əsassız iddiaya görə cərimələnirsə, o halda əsassız qərar qəbul edən hakimlər də cərimələnməlidir. “Bu, ciddi problemlərin əsasını qoyacaq”, Q.Paşayeva bildirdi.
Deputat Əziz Ələkbərli isə “Mən bu qanun layihəsini dövlətin yürütdüyü sosial siyasətə uyğun olmayan qanun layihəsi hesab edirəm”, deyə söylədi. Ardınca bildirdi ki, son vaxtlar elə bil bəzi qurumlar yarışa giriblər: “Kim daha çox cərimə, rüsum yığa bilər”.
Deputat Etibar Əliyev məhkəmələrlə cəmiyyət arasında müəyyən gərginliyin olduğunu vurğuladı.
Deputat Azay Quliyev isə qanun layihəsini təqdir etdi. Bildirdi ki, rüsumların artırılması bu sistemdə çalışanların maddi-texniki bazasının yaxşılaşdırılmasına imkan yaradacaq.
Müzakirələrdə iştirak edən Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov isə tənqidi fikirlərlə razılaşmayaraq, bildirdi ki, “Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliklər birmənalı olaraq, vətəndaşların hüquqlarının müdafiəsinə yönəlib. Onun fikrincə, dəyişiklikləri gözdən keçirərkən, məhkəmələrinin öz işini asanlaşdırmaq istədiyi haqqında təəssürat yaranır: ”Ancaq bu, belə deyil. Məhkəmə icraatında olan işini araşdırmaq üçün bütün sübutlar onun sərəncamında olmalıdır. Tərəflər yalnız müstəsna halda, əlavə sübutları təqdim etməlidir. Belə olmadığı halda müddət uzanır.

Sosial şəbəkələrdə olan etirazlar tam əsassızdır. Kassasiya müraciətlərində hakim soruşur ki, dəlilin varmı, deyir yox. Hakim də müşavirəyə gedir və qərarını elan edir. Bu da formal məhkəmə iclası hesab olunur. Bu, Ali Məhkəmdə işlərin baxılması zamanı Kollegiallığın artmasına gətirib çıxaracaq. Açıq-aşkar əsassız vəsatəti vəkil verir ki, prosesi uzatsın. Bu dəyişiklik də vətəndaşın xeyrinə yönəlib".
Qanun layihəsi ilk oxunuşda səs çoxluğu ilə qəbul olundu.

Elşad PAŞASOY,

“Yeni Müsavat”



Ana səhifəyə qayıt        Baxış: 3 849          Tarix: 26-06-2021, 09:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma