Xəbər lenti
Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov Azərbaycanda pensiya yaşının çox olması barədə fikirlərə münasibət bildirib. 

O, pensiya yaşına yenidən baxılması barədə təkliflərə belə cavab verib: "Pensiya yaşı bir çox amillərlə bağlıdır. Belə ki, bunlara ölkədəki demoqrafik vəziyyəti, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxslərin sayını, ölkə üzrə orta ömür uzunluğunu, gözlənilən pensiya ödənişi aylarının sayı ilə faktiki pensiya ödənişi aylarının nisbətini və.s göstərmək olar.

Ümumiyyətlə, hazırda beynəlxalq təcrübədə əsas prioritet işçilərin əmək bazarında qalmasının stimullaşdırılmasıdır. Qeyd edim ki, hətta bir çox Avropa ölkələrində pensiya yaşı ya 65, bəzi hallarda 69, yaxud da mərhələli şəkildə 65 yaşa çatdırılır.
Əgər biz rəsmi statistik məlumata baxmış olsaq, o zaman 2018-ci ilə münasibətdə orta ömür uzunluğunun 2,2 il, 1990-cı ilə münasibətdə isə 4,7 il artdığının şahidi olarıq.

Pensiyaçılarımızın yaş strukturu üzrə də baxdıqda görmüş olarıq ki, bu gün onların təxminən 26 faizi 12-15 il arası, 35 faizi 15-20 il arası, təxminən 30 faizi 20-30 il arası pensiya alır. Digər tərəfdən, yaşa görə pensiyaçıların strukturuna baxdıqda, görmüş olarıq ki, yaşa görə pensiya alanların 97 faizdən çoxu 12-35 il arası pensiya alır.
Bu göstəricinin özü o deməkdir ki, ölkəmizdə pensiya sahəsində kifayət qədər humanist yanaşma var. Həm pensiya sisteminə keçid, həm də pensiya hüququ əldə edib davamlı pensiya ödənişi almaq üçün yumşaq şərtlər nəzərdə tutulub. Bu baxımdan, hazırda pensiya yaşına yenidən baxılması nəzərdə tutulmur".

İqtisadçı Rövşən Ağayev Fond rəhbərinin dedikləri şərh edərkən, ondan həmin informasiyanın ardınca bəzi məlumatları da ictimaiyyət üçün açıqlamasını təklif edib: "Məsələn, hazırda pensiya alanların yaş strukturu necədir? 50 yaşadək, 50-55, 55-60, 60-65, 65-70, 70-75 yaş intervallarında, 75 yaşdan yuxarı pensiya alanların sayı nə qədərdir?
Hazırda pensiya alanların neçə nəfəri güzəştli və erkən pensiya hüququ qazanmış şəxslərdir, hansı hissəsi normal yaş tələbilə pensiyaya çıxanlar?"

İqtisadçı bildirir ki, bu məlumatlar olmadan açıqlanan 12-35 il pensiya almaqla bağlı arqument əsaslı deyil: "Aydındır ki, erkən yaşda pensiya hüququ qazananların sayı nə qədər çox olacaqsa, pensiyanı daha uzun müddətə alanların da xüsusi çəkisi yüksək olacaq. Pensiyanı alma müddətilə pensiya yaşı arasında əlaqə bialvasitə normal yaşda pensiya hüququ qazananlara münasibətdə maraqlıdır - bütün pensiya alanlara deyil".



Ana səhifəyə qayıt        Baxış: 2 901          Tarix: 30-06-2021, 23:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma