Xəbər lenti
Dünən, 19:25

“İnanmıram ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Milli Məclisin spikeri Sahibə Qafarovaya mənə verdiyi müsahibə zamanı bəzi deputatların qanunsuz biznes fəaliyyəti ilə məşğul olduğu barədə tənqidi fikirlər işlətmədiyini desin. Çünki cənab S.Mehdiyevin icazəsi ilə mən söhbətimizin audioyazısını aparmışam. Bundan əlavə, S.Mehdiyev dedi ki, bu tənqidləri üstəlik baş nazir Əli Əsədovun iştirakı ilə Milli Məclisin iclası zamanı da səsləndirmək və deputatlara cavab vermək istəyib. Amma reqlament buna imkan verməyib. Əgər Milli Məclisin sədrinə maraqlıdırsa, mən Səfər Mehdiyevlə söhbətimizin audioyazısını ona təqdim etməyə hazıram”, - haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayevin Milli Məclisin sədri Sahibə Qafarovanın bugünkü bəyanatına cavab olaraq verdiyi açıqlamada belə deyilir.

Jurnalist təəssüfləndiyini bildirib ki, onu və haqqin.az saytını hansısa intriqalara cəlb etmək istəyirlər. E.Fətullayev məmurları və deputatları açıq siyasətə və səmimiliyə çağırıb. Xatırladaq ki, Milli Məclisin bugünkü iclasında spiker Sahibə Qafarova Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin ona zəng vurduğunu, müsahibədəki fikirlərinin təhrif olunduğunu və haqqin.az saytına müsahibəsində bəzi deputatları "işbaz" adlandırmadığını deyib, fikirlərinin “təhrif olunduğuna görə” təəssüfləndiyini bildirib.

“Səfər Mehdiyev mənə zəng vurdu və təəssüflə qeyd etdi ki, müsahibədə onun fikirləri düzgün təqdim olunmayıb. O dedi ki, müsahibəsində deputatları yox, bəzi məmurları nəzərdə tuturdu”, - Sahibə Qafarova belə deyib.


Ana səhifəyə qayıt        Baxış: 4 150          Tarix: 14-12-2021, 13:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma