Xəbər lenti



 
Naxçıvana investisiya qoyan Türkiyəli iş adamı Ali Sərdar Oba bu dəfə öz vəkilinin fırıldağı ilə üzləşib.
 
Muxtar Respublikadakı etibarlı mənbələrdən Ovqat.com-a ötürülən məlumata görə, Naxçıvan MR Vəkillər Kollegiyasının üzvü Allahverdi Bağırov müvəkkilini aldadaraq qarşı tərəfin nəfinə işləyib.
 
Qeyd edək ki, uzun müddətdir Naxçıvanda yaşayan iş adamı ötən il müalicə üçün İrana getmiş və əməliyyat olunduqdan sonra koronavirus karantini ilə əlaqədar bu ölkədə gözləniləndən artıq qalmışdır. Naxçıvana qayıtdıqdan sonra isə Muxtar Respublika Miqrasiya Komitəsi onu deport etmişdi. Halbuki, Naxçıvanda ailə quran Ali Sərdar Obanın oturum izni vardı və qanunvericiliyə görə, bu fakt onun deport edilməsinə əsas yaratmırdı. 
 
Bütün bunlara baxmayaraq, qanunsuz olaraq deporatsiya edilən iş adamı haqqında verilən qərarı dəyişdirmək üçün ötən ilin yay aylarında Naxçıvan MR Miqrasiya Xidmətini və onun rəisi Şahin Nəbiyevi məhkəməyə verir. Di gəl ki, deport olunduğundan onun məhkəmədə iştirakına da şərait yaradılmır. Məcburən Allahverdi Bağırovu özünə vəkil tutan iş adamı sonunda ən böyük zərbəni də elə hüquqlarını müdafiə edən bu adamdan alır. Qəsdən məhkəmə proseslərində iştirak etməyən vəkilin bu xəyanəti üzündən Naxçıvan İnzibati Məhkəməsi bu günlərdə MR-in Miqrasiya Xidmətinin xeyrinə hökm çıxarır. Beləcə, 5 il Azərbaycana gəlmək şansını itirən Ali Sərdar Oba hazırda Sumqayıtda qurduğu boru-plastik zavodunu da itirmək təhlükəsi ilə üz-üzədir. O, Naxçıvan MR Vəkillər Kollegiyasına yazdığı şikayət məktubunda bu fakti etiraf edərək bildirir: “Bu vaxt ərzində mənim Sumqayıt şəhərində yerləşən plassmas emalı ilə məşğul olan müəssisəm talanmaqdadır”.

Ali Sərdar Odanın Naxçıvan MR Vəkillər Kollegiyasına göndərdiyi şikayət məktubu 


 
Onu da qeyd edək ki, Ali Sərdar Oda bənzər emal müəssisəsini də Naxçıvanda qurmuşdu. Müxtəlif bəhanələrlə onun buradakı müəssisəsi də işini dayandırıb. 

Maraqlıdır ki, Naxçıvan MR Vəkillər Kollegiyası vəkil Allahverdi Bağırovun öz müvəkkilinə xəyanət etdiyini təsdiqləyib və onu töhmətlə cəzalandırıb. Halbuki, bir iş adamının ölkədən didərgin salınmasının cəzası daha ciddi olmalı idi.
 
Ali Sərdar Odanın başına gətirilən müsibətlər bununla da bitmir. Onun ailəsi də Naxçıvan məmurlarının təzyiqləri nəticəsində dağılıb və iş adamının 3 övladından ikisi atasından ayrı düşüb.
 

Valideynlərindən ayrı salınan uşaqlar

Bəs Ali Sərdar Obanın başına gətirilən bu müsibətlərin əsl səbəbi nədir? 
 
Hər kəsin qanını donduracaq bu insan dramı ilə bağlı araşdırma yazımızı yaxın günlərdə dərc edəcəyik. 


Ana səhifəyə qayıt        Baxış: 6 591          Tarix: 4-02-2022, 23:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma