Xəbər lenti

“Yeni İctimai Nəzarət Şurası” adlı qanunsuz təşkilat adı altında vətəndaşları aldadıb rüşvət verməyə təhrik edən şəxs həbs edilib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəllər törətdiyi dələduzluq və saxta sənədlər hazırlama kimi cinayət əməllərinə görə məhkum olunmuş Ramil Şükürovun müvafiq qaydada dövlət qeydiyyatından keçirilmədən qanunsuz yaratdığı “Yeni İctimai Nəzarət Şurası” adlı təşkilatın fəaliyətinə cəlb etdiyi digər şəxslərlə mütəşəkkil dəstə şəklində etdiyi qanunsuz əməllər barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat-axtarış tədbirləri keçirilib.

Aparılan əməliyyat tədbirləri ilə qeyri-qanuni formada fəaliyyət göstərən qurumun ofisində axtarış aparılarkən Ramil Şükürov və yaratdığı şuranın digər üzvlərinin qanunsuz əməllərinə dair iş üzrə əhəmiyyət kəsb edən çoxsaylı sübut və məlumatlar aşkar edilib, cinayətkar şəbəkə şəklində təşkilatlanmış qurumun respublika üzrə bir çox rayon və şəhər üzrə bölmələrinin mövcud olması, xidməti vəsiqələr verilməklə yüzlərlə üzvlərin cəlb edildiyi bu yerli strukturların hər biri üzrə sədr, müavin və digər vəzifələrə təyinatların aparıldığı, habelə şuranın rəhbər şəxslərinin guya aztəminatlı ailələrin yaşayış və maddi vəziyyəti ilə bağlı problemlərinin həlli, eləcə də şəhid və qazi ailələrinə yardım edilməsi adı ilə ayrı-ayrı vətəndaşlardan toplanılan ianə pullarını mənimsəmələrinə şübhələr müəyyən edilib.

Bundan başqa, keçirilən əməliyyat tədbirləri zamanı Ramil Şükürovun tanışı Aslanlı Elçin Heydar oğlu ilə qabaqcadan əlbir olaraq Bakı şəhəri ərazisində yerləşən ikimərtəbəli obyektin üçüncü mərtəbəsinin inşa edilməsinə rəsmi dövlət qurumlarından müvafiq icazələrin alınmasında köməklik göstərilməsi ilə əlaqədar ona müraciət edən şəxsə özünün guya geniş əlaqələrinin olduğu aidiyyəti dövlət orqanlarının səlahiyyətli vəzifəli şəxsləri vasitəsilə qeyd edilən məsələni müsbət şəkildə həll edə biləcəyi barədə yalan vəd verərək həmin məqsədlə vətəndaşdan tələb etdiyi 100 000 manat məbləğində pulun müəyyən hissəsini ələ keçirməsinə əsaslı şübhələr yaranıb.

Habelə, Ramil Şükürovun rəhbərlik etdiyi qurumun qazilər və veteranlarla iş üzrə sədr müavini vəzifəsində işləyən İbrahimov Koroğlu Yelmar oğlu ilə qabaqcadan əlbir olaraq Ağdam rayonu, Xındırıstan kənd musiqi məktəbinə direktor təyin edilməsində köməklik göstərilməsi üçün ona müraciət etmiş şəxsə guya həmin sahə üzrə məsul qurumun səlahiyyətli vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olduğunu yalandan bildirib özü barədə formalaşdırdığı inam və etibardan sui-istifadə edərək vətəndaşdan 17 000 manat məbləğində pul vəsaitini alaraq Koroğlu İbrahimovla aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr yaranıb.

Bundan əlavə, Ramil Şükürovun ona müraciət edən Hacıqabul rayon sakinindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş övladının azad edilməsi üçün guya aidiyyəti vəzifəli şəxslərə rüşvət verəcəyi adı ilə aldığı 12 000 manat pulu ələ keçirməsinə əsaslı şübhələr yaranıb.

Eləcə də, sonuncunun tanışı Elçin Aslanlının vətəndaşın faktiki istifadəsində olan Tovuz rayonu ərazisindəki torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün müvafiq dövlət orqanlarının yaxın əlaqədə olduğu vəzifəli şəxslərinə rüşvət verəcəyi adı ilə ondan aldığı 22 000 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, bununla da qeyd edilən şəxslərin həmin hərəkətləri ilə vətəndaşları təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr yaranıb.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Baş İdarədə Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə cinayət işi başlanılıb, hər üç şəxs şübhəli şəxs qismində tutularaq onlara CM-nin 178.2.1 (dələduzluq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (dələduzluq- təkrar törədildikdə), 178.2.3 (dələduzluq- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilikdə), 178.2.4 (dələduzluq- xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona təkrarən rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən bu və digər yeni halların, Ramil Şükürovun rəhbərlik etdiyi qurumun üzvləri tərəfindən törədilən digər çoxsaylı oxşar qanunsuz əməllərin, habelə cinayətlərin törədilməsində hər hansı formada iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

"Baş Prokurorluq qeyd edilən şəxslərin qanunsuz əməllərindən zərər çəkmiş şəxslərdən bu barədə "961" Çağrı mərkəzi və "161-Qaynar xətt" əlaqə mərkəzinə müraciət etmələrini xahiş edir", - məlumatda qeyd olunub.



Ana səhifəyə qayıt        Baxış: 2 238          Tarix: 8-02-2022, 15:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma