Xəbər lenti

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu işğaldan azad olunmuş ərazilərin inzibati ərazi bölgüsü probleminə toxunub. Novator.az-ın məlumatına görə, siyasətçi yazır ki, dövlət başçısı heç bir ictimai müzakirəyə çıxarmadan, Qarabağda yaşamış əhalinin və onların varislərinin rəylərini öyrənmədən inzibati ərazi bölgüsünün dəyişdirilməsində, ərazi vahidlərinin birləşdirilməsində qərarlıdır: “Ağdam və Füzuli şəhərlərinin baş planları ətraf kəndlərin rayon mərkəzlərinə birləşdirilməsi əsasında tərtib olunub. Rəsmi bilgiyə əsasən, ətraf kəndlərin Ağdam şəhərinə birləşdirilməsindən sonra kəndlərin sayı 71-dən 33-ə düşəcək. Füzulidə isə işğaldan azad olunmuş 61 kəndin 20 kənd qismində şəhərə birləşdirilməsi nəzərdə tutulur.

İşğaldan azad olunmuş digər rayonlara münasibətdə də eyni ssenarinin tətbiq olunacağı gözlənir. Ağına-bozuna baxılmadan yaşayış məskənlərinin bir nəfərin iradəsi ilə ləğvinə qərar verilir. Bütün bunlar ölkənin ən ali sənədinə – konstitusiyaya zidd şəkildə həyata keçirilir. Konstitusiyanın 94-cü maddəsinə (Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar) görə, ölkədə ərazi quruluşu ilə bağlı bütün məsələlər (o cümlədən ərazi vahidlərinin birləşdirilməsi) parlamentin səlahiyyətlərinə aiddir, prezident şifahi tapşırıqla və ya fərmanla (sərəncamla) ərazi vahidlərini qeydə ala, qeydiyyatdan çıxara, onların sərhədlərini müəyyən edə və ya dəyişdirə bilməz. Hətta ərazi vahidlərinin adı, onların statusunun müəyyən edilməsi məsələlərini parlament tənzimləməlidir.

Qarabağda planlaşdırılan ərazi vahidlərinin birləşdirilməsini “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna müvafiq olaraq prezidentin vəsatəti əsasında parlament həyata keçirməlidir. Yaşayış məskənlərinin (ərazi vahidlərinin) sərhədlərinin dəyişdirilməsi prosesində əhalinin də iştirakı nəzərdə tutulur. Qanunun 13-2-ci maddəsinə görə, ərazi vahidləri qeydə alındıqda, birləşdikdə, onların inzibati tabeliyi dəyişdirildikdə, onlara ad verildikdə və ya adları dəyişdirildikdə hər bir ərazi vahidinin ərazisində yaşayan səsvermə hüquqlu vətəndaşların azı 25 faizinin müvafiq məsələyə münasibət bildirməsini təmin edən yığıncaq keçirilir, yığıncaqda iştirak etmiş vətəndaşların yarısından çoxu ərazi vahidinin qeydə alınmasının, birləşməsinin, inzibati tabeliyinin dəyişdirilməsinin, ərazi vahidinə ad verilməsinin və ya onun adının dəyişdirilməsinin lehinə səs verdikdə müvafiq qərar qəbul edilir”.

Qubad İbadoğlu 1971-ci ildə Füzuli rayonunun Aşağı Güzlək kəndində doğulub. İqtisad elmləri namizədi, London İqtisadiyyat Məktəbinin professorudur.

Uzun illər Müsavat Partiyasının rəhbərliyində təmsil olunub. 2015-ci ildə Azərbaycan Demokratiya və Rifah Hərəkatını qurub, 2021-ci ildə həmin qurumun bazasında partiya yaradılıb.



Ana səhifəyə qayıt        Baxış: 3 377          Tarix: 18-04-2022, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma