Xəbər lenti

“Kaspi” Təhsil Mərkəzinin Səbail rayonunda yerləşən binası möhürlənib. Bu barədə Demokrat.az məlumat yayıb.

Bildirilib ki, bu günlərdə Səbail Rayon İcra və Probasiya Şöbəsi əməkdaşları tərəfindən binanın icarədarları binadan çıxarılıblar və binanın qapısı icra məmuru tərəfindən möhürlənib.

Sayt verilən məlumatda bildirlib ki, icra məmurları tərəfindən binanın möhürlənməsi Vüqar Səfərlinin hökmünün icrası ilə bağlıdır: “Vüqar Səfərlinin barəsində olan hökmdə həmin binaya həbs qoyulub. Sadəcə, Kaspi Təhsil Mərkəzi həmin binada yer icarəyə götürüb. İddia edib ki, onun həmin yerdə əşyaları var. Bununla bağlı Kaspi Təhsil Mərkəzi ilə mübahisə yaranıb. Birbaşa olaraq məsələnin Təhsil Mərkəzinə heç bir adiyyatı yoxdur. İcra məmurları da həmin əmlakları Vüqar Səfərlinin əmlakları kimi qiymətləndirməyə göndəriblər. Mərkəzin əmlakları Vüqar Səfərlinin əmlakı kimi göstərilib. Bununla bağlı araşdırma aparılır. Əgər orada Kaspi Təhsil Mərkəzinin əmlakı olsa özünə veriləcək. Əgər sübuta yetirilməsə, qiymətləndirmədən sonra Maliyyə Nazirliyinə göndəriləcək".

Qeyd edək ki, “Kaspi” Təhsil Mərkəzi Prezident Administrasiyasının ləğv olunan ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənova məxsus olub. Əli Həsənov işdən çıxarılandan sonra icra məmurları tərəfindən ofisi möhürlənən bina icarəyə verilib. Son vaxtlar həmin binanın Əli Həsənovdan alınması barədə söz-söhbətlər dolaşsa da, bu, rəsmi təsdiqini tapmırdı.

Amma bu günlərdə binanın qapısının icra məmurları tərəfindən möhürlənməsi bir daha sübut edir ki, həmin bina Əli Həsənovdan alınıb.

Xatırladaq ki, bir neçə il bundan əvvəl “Kaspi Liseyi Ümumtəhsil Məktəbi” MMC-nin baş mühasibi olmuş Tural Məmmədovun və mühasib Fərahim Möhbalıyevin Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə araşdırması keçirilib.

İttihamda yazılıb ki, 2018-ci ilin aprel-oktyabr aylarında 454 nəfər şagirdin təhsili üçün 1 milyon 366 min manat pul ödənilib. Ancaq bu vəsaitin 564 minini baş mühasib və mühasib sistemə daxil etməyib, birlikdə mənimsəyiblər. Adları çəkilən şəxslərə CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi əsasında ittiham verilib.

Təqsirli bilinən şəxslər özlərini ittiham üzrə günahkar saymırdılar. 


Ana səhifəyə qayıt        Baxış: 3 238          Tarix: 4-05-2022, 18:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma