Xəbər lenti
 


Aygün Muradxanlı
 
Gülay Zeynalova. Şəmkir məktəblisi olan bu gözəl qızımız dünən respublika fənn olimpiadasında ana dili və ədəbiyyat üzrə II yer qazanıb. Təbrik edirəm Gülayı. Yolu açıq, şansı bol olsun.
 
Amma Gülay çox ciddi psixoloji basqı altında yaşayır. Bəlkə də o basqı olmasaydı, I yeri qazanacaqdı. Basqının səbəbi odur ki, 2 ildir Şəmkir polisi və məhkəməsi onun atası, bütün Gəncəbasar zonasında xeyriyyəçi, fəal vətəndaş, dürüst bir insan kimi tanınan Tural Zeynalovu həbs etmək üçün öncə mərəkə, sonra məzhəkə qoparıb, sonda onu 3 il azadlıqdan məhrum etdirə biliblər.


 
Öncə mərəkə haqqında. Tural bəyin restoranı var. Bir zamanlar zibillik olan ərazini abadlaşdırıb, ətraf rayonlardan gətirdiyi rəngli daşlar, qaya parçaları ilə orda elə bir gözəllik yaradıb ki, gələn valeh olur. Ötən qış xalq rəssamı hörmətli Əşrəf Heybətovla ora yolumuz düşmüşdü. Əşrəf müəllim öyrənəndə ki, bu gözəlliklərin ideya müəllifi də, icraçısı da Tural Zeynalov özüdür heyrətini gizlətmədi və dedi ki, 20 ildir Avropada yaşayıram, təbiətlə bu cür harmoniyada olan restoranı ilk dəfə görürəm. Flaminqolar, tovuzquşları, torağaylar, ördəklər, balıqlar… klassik musiqinin sədaları altında elə süzürdülər, gerçəkdən insanın ruhu dincəlirdi. Hər bölgə belə bir qüsursuz obyektlə öyünə bilərdi. Amma…
 
Pandemiya dönəmində polis restorana basqın edib ki, xəbər almışıq, burda toy var. Tural bəy obyektdə olub, deyib, buyurun baxın, heç bir toy-filan yoxdur. Bir neçə kabinetdə 4-5 nəfər olmaqla müştəri var. Polis dirəşib ki, sən adamları gizlətmisən, burda toydu… Mübahisə böyüyüb, olay yerinə Tural bəyin atası gəlib. Polisləri dillə başa salmaq cəhdi baş tutmayıb və rəşadətli polis ağsaqqalı vurub yerə yıxıb. Təbii ki, polisin bu hərəkətinə Tural seyrçi qala bilməzdi. Elə “atamla nə işin var” deyib polisin yaxasından yapışanda 3 polis birləşib onu yerə yıxıb o ki var vurublar. Xeyli şahidin gözü önündə… Sonra da ata-oğulu basıb maşına polisə müqavimət adı ilə bölməyə aparıblar.
 
Anlaşılmır. Özünü qoçu kimi aparan Şəmkir polis rəisinin, icra başçısının gözü qarşısında ağsaqqal atalarını haqsız yerə yıxıb vuranda, onlar maygülü kimi kənardan durub baxarlar, ya o əlin sahibində salamat sümük qoymazlar? Adım kimi əminəm, ikincisini edərlər. İndi onların atası atadır, vətəndaşın atası yox?
 
Mərəkə burda keçib məzhəkəyə... Tural bəyə istintaqı və məhkəməsi 1 ildən çox çəkən məhkəmə qurublar. Amma Şəmkir polisində adamşərləyən peşəkarlarla yanaşı ləyaqətli insanlar da varmış. Basqında iştirak edən polislərdən biri olayı məhkəmədə olduğu kimi danışıb və deyib ki, Tural bizə əl də vurmayıb, birinci biz onun atasını yerə yıxdıq, nə oldu ondan sonra oldu. Deyib və elə orda istefa ərizəsini yazdığını, belə bir qurumda işləməyi şərəfinə sığışdırmadığını deyib. İndi Şəmkirdə çox adam onun da başına ciddi bir iş gələcəyindən nigarandır.


 
Məhkəmədə də obyektdə toy olduğu təsdiqini tapmayıb. Amma Tural Zeynalova 3 il iş verib göndəriblər zindana. Ailə əli çatan hər yerə şikayət göndərib, baxan yoxdur.
 
İki gün qabaq Şəmkir polisi ilə “razborkada” Arzu adlı iş adamı öldü. Qanaxmadan… İndi çoxlarınız düşünürsüz, nə ola bilər ki, polislə çəkişmədə iş adamı qanaxmadan həyatını itirsin? Arzu xəstəxanada keçindi. Amma onu xəstəxanaya polis çatdırıb, “sadəcə” həkimlərin müdaxiləsi nəticə verməyib. Yaxşı, ona qədər Arzu harda olub? Bir qadının evində. O qadının ki, Şəmkir polisində işverən işlədiyini Şəmkirdə işləyən də bilir, işləməyən də. O qadın guya Arzunun onu zorlaması haqqında 102-yə şikayət edib. Polis açıq qapıdan rahat içəri girib, sonra nə sınıb, necə sınıb, Arzunun ana damarı necə kəsilib, bunu bir polisin Konstitusiya kimi qoruduğu o işverən bilir, bir də “əməliyyatçı”lar.
 
Tural Kəlbəcər azad olunan kimi, getdi orda öz vəsaitinə əsgərlərimizə kazarma tikdi. Həm də öz əlləri ilə. Biz onun kazarmanın damını quran yerdə görüntülərini efirə vermişdik. Baxmayaraq ki, onu Şəmkir polisi xeyriyyəçilik etdiyinə 30 dəfə peşman etmək istəmişdi. Gah şəhid dəfnində 4 metrlik bayrağımızı müsadirə etmişdi (təsəvvür edirsiz?), gah orduya ərzaq yardımı aparıb geri dönəndə komendant saatını keçdikləri üçün 3 dəfə cərimələtmişdi, gah xeyriyyə karvanının qarşısını kəsib rüşvət tələb etmişdi. Amma Tural bəy o qədər pozitiv adamdır, bunları bizə acıqla, nifrətlə yox, təəssüflə danışırdı.
 
Bəs, Vətənçün əlindəki 10 manatı xərcləyib dövlətdən təhdid, cəza alan Tural bəy kimi xeyriyyəçilərin Gülay kimi övladları belə ağır travmalara təəssüf edəcəklər, yoxsa nifrətə köklənəcəklər?
 
Azərbaycanda yaxşı adam olmaq olmaz. Azərbaycanda ancaq zorbalıqla yaşaya bilərsən. Burda ancaq güclülərə yarınıb, gücsüzləri əzib yaşaya bilərsən. Belə yaşamaq düstur veriblər bizə!
 
Mən təpədən dırnağa kimi ETİRAZ edirəm!!! Tural Zeynalov dərhal azad edilsin!!! Arzu Səmədovun qatilləri dərhal tapılsın!
 
İmkan verin yaşayaq!!!
 


Ana səhifəyə qayıt        Baxış: 4 648          Tarix: 12-05-2022, 01:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma