Xəbər lenti

Dövlət Sərhəd Xidməti ölkəyə narkotik gətirilməsinin qarşısını alıb, saxlanılan var. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, may ayının 28-də saat 23:30 radələrində DSX-nin “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılmış, sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq 1 nəfərə məxsus ayaq izləri aşkarlanıb.

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilən kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Deman kəndində çoban kimi fəaliyyət göstərən və orada müvəqqəti yaşayan Yardımlı rayonunun Arvana kənd sakini,1989-cu il təvəllüdlü Şükürov Elsevər Kamil oğlu şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma zamanı E.Şükürov dövlət sərhədini Deman kənd sakini, 1983-cü il təvəllüdlü Əliyev Rahəb İbrahim oğlunun sifarişi ilə narkotik vasitə gətirilməsi üçün qanunsuz olaraq keçdiyini etiraf edib. Onun yaşadığı həyətyanı əraziyə baxış zamanı 4 ədəd bağlamada 2 kiloqram 30 qram marixuana və qara polietilen sellofana bükülmüş 2 ədəd 130 ml qabda maye halda metadon narkotik vasitələri aşkar olunaraq götürülüb.

Hazırda R.Əliyevin saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.



Ana səhifəyə qayıt        Baxış: 2 748          Tarix: 2-06-2022, 13:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma