Aylardır insanlar quru sərhədlərin açılmasını gözləyirdi. Lakin tək açıq olan Türkiyə-Naxçıvan quru sərhədi də artıq bağlanıb.
Qonşu Rusiya, Gürcüstan, Türkiyə isə pandemiyadan sonra quru sərhədlərini açaraq, insanların ölkə xaricinə çıxışını asanlaşdırıb. Lakin bizdə epidemioloji vəziyyətin yaxşılaşmasına baxmayaraq, sərhəd qadağası nədənsə hələ də qalır. Bu durum xaricə getmək istəyən və ölkəmizə qayıtmağa çalışan soydaşlarımıza problem yaradır, eyni zamanda turistik səfərləri əngəlləyir.
Yay fəslinin gəldiyini nəzərə alsaq, turizmin yenidən dirçəldilməsi üçün quru sərhədlərinin açılması vacibdir.
Bəs niyə sərhədlər açılmır? Bunun siyasi, yaxud iqtisadi səbəbləri varmı?
Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Bakupost.az-a açıqlama verib.
Ekspertin sözlərinə görə quru sərhədlərin bağlanması siyasi səbəblərə görədir:
“Quru sərhədlərin bağlı saxlanmasının heç bir iqtisadi səbəbi yoxdur. Yay fəslidir, tələbələr evlərinə qayıtmaq istəyir, istirahətə, müalicəyə gedənlər, eyni zamanda ölkəmizə gəlmək istəyən turistlər də az deyil. Hazırda quru sərhədlərinin bağlı olması ilə ölkəyə ciddi iqtisadi ziyan dəyir. Müxtəlif vaxtlarda meymunçiçəyi xəstəliyi ilə bunu əlaqələndirmək istəyirlər. Digər tərəfdən iddia edirlər ki, hökumət AZAL-ın mənfəətli işləməsini hədəfləməyib. Bunların heç biri inandırıcı deyil. Hesab edirəm ki, Azərbaycan sərhədlərinin, xüsusilə də Naxçıvan-Türkiyə sərhədinin bağlı olması siyasi məsələ ilə bağlıdır”.
A.Nəsirli sərhədlərin məhz Aşqabad görüşündən sonra bağlanmasına diqqət çəkib:
“Aşqabad görüşündən sonra Naxçıvanın-Türkiyə-İranla sərhədlərini bağladı. Niyə Aşqabad görüşündən sonra sərhədlər bağlandı? Bunun siyasi səbəbləri var. Amma o siyasi səbəblər hansı çalarlardan ibarət olduğu məlum deyil. Hər halda bu, siyasi qərardır. Bunun heç bir epidemioloji, iqtisadi əsası yoxdur. Bu siyasi qərardan da Azərbaycan xalqı, iqtisadiyyatı zərər çəkir”.
Politoloq Qabil Hüseynli isə sərhədlərin hərbi-siyasi məsələlərə görə bağlı olduğunu qeyd edib:
“Sərhədlərin bağlı olmasını Azərbaycanın yaxın bir ay ərzində nəzərdə tutduğu anti-terror tədbirləri ilə əlaqələndirirəm. Ermənistan tərəfi danışıqlar prosesində bütün prosesləri heçə sayaraq xaricdəki qüvvələrin diqtəsilə hərəkət edir. Sülh sazişinin imzalanması yolunda ciddi əngəllər yaradıb. Diqqət etdinizsə, Azərbaycan artıq Zəngəzur dəhlizinin marşrutunu da dəyişdirib, onun Ermənistanla olan hissəsinin İran ərazisindən keçirilməsi barədə artıq İranla razılaşmaya gəlib. Eyni zamanda bu yaxınlarda Azərbaycan hərbçilərinin böyük bir müşavirəsi keçirildi. Həmin müşavirdə ordunun ayıq-sayıq olmağı, təlimləri ciddi surətdə həyata keçirib döyüş hazırlığının təkmilləşdirilməsi tapşırığı verilib”.
Politoloqun sözlərinə görə ordunun yaxın zamanlarda əmr gözlədiyi qənaətinə gəlmək olar:
“Üstəlik, bir neçə gündür ki, hərbi mükəlləfiyyətlilərin, hərbi xidmətini başa vurub ehtiyata buraxılan insanlar yenidən təlimə, hərbi toplantıya cəlb edilib. Bu proses sürətlə aparılır. Onlara çox yüksək səviyyədə təlim keçirilir. Hesab edirəm ki, sərhədlərin bağlanması hərbi-siyasi səbəbləri var. Bu səbəblər Azərbaycanın ərazi bütövlüyünün təmin, Ermənistanın sülhə məcbur edilməsi və hərbi münaqişəni daim saxlamaq istəyən qüvvələrə göz dağı vermək xarakteri daşıyır. Quru sərhədlərinin açılması da anti-terror tədbirlərinin başa çatmasından sonra mümkün ola bilər”.
Paylaş: