Xəbər lenti

 

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ovqat.com-a verilən məlumata görə, görüşdə hər iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub, Azərbaycanla ABŞ arasında hərbi, hərbi-texniki, hərbi təhsil, mütəxəssislər səviyyəsində qarşılıqlı səfərlərin təşkili və treninqlərin keçirilməsi, həmçinin müdafiə, terrorizmə qarşı birgə mübarizə və sülhməramlı əməliyyatlar sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. 

İki ölkə arasında strateji səviyyədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edən tərəflər ABŞ tərəfindən Azərbaycanın icra etdiyi enerji layihələrinə göstərilən dəstəyin ABŞ-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni zəmin yaradacağını vurğulayıblar. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan müdafiə naziri bildirib ki, Ermənistan separatizmin, terrorizmin və ekstremizmin mənbəyidir. Bunun təkcə Azərbaycan üçün deyil, bütün region üçün təhlükə olduğunu qeyd edən nazir bu təhlükənin qarşısının alınması üçün bütün beynəlxalq qurumların birgə fəaliyyət göstərməsinin vacibliyini önə çəkib. 

Amerikalı diplomat isə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin Cənubi Qafqaz bölgəsinin inkişafı və təhlükəsizliyinin təmin edilməsi üçün vacib olduğunu bildirərək münaqişə nəticəsində həyatını itirən bütün insanların, xüsusilə də Alxanlı kəndində qətlə yetirilən mülki şəxslərin yaxınlarına dərin hüznlə başsağlığı verib. Səfir ABŞ-la Azərbaycan arasında ikitərəfli formatda və NATO proqramları çərçivəsində əməkdaşlığın uğurla inkişaf etdiyinin bildirərək Azərbaycanın Əfqanıstanda keçirilən sülhməramlı əməliyyatlara verdiyi töhfəyə görə minnətdarlığını ifadə edib. O, həmçinin KC-130 hərbi təyyarəsində çoxlu sayda amerikalı hərbçilərin həlak olması ilə bağlı ünvanlanan başsağlığına görə ABŞ müdafiə katibi və Silahlı Qüvvələrin Qərargah rəislərinin birləşmiş komitəsinin sədrinin təşəkkürlərini general-polkovnik Z.Həsənova çatdırıb.

Sonra səfir ölkəsinin Azərbaycanda yeni təyin olunan hərbi attaşesi polkovnik Adam Kavliki müdafiə nazirinə təqdim edib. 

Hərbi attaşeni Azərbaycanda missiyasına başlaması münasibətilə təbrik edən nazir ona ölkələrimizin Silahlı Qüvvələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətində uğurlar arzulayıb.




Ana səhifəyə qayıt        Baxış: 782          Tarix: 13-07-2017, 20:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma