Xəbər lenti

Müdafiə Naziri Zakir Həsənovun İran İslam Respublikasına səfəri davam edir.
Ovqat.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Z. Həsənov bu gün İranda 2 rəsmi görüş keçirib.

Zakir Həsənov ilk görüşü İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə olub.
Görüşdən əvvəl Azərbaycan nümayəndə heyəti Şəhidlər kompleksini ziyarət edərək ehtiram əlaməti olaraq memorial önünə əklil qoyub.
Sonra rəsmi qarşılanma mərasimi keçirilib.
İki ölkənin nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşü zamanı hərbi, hərbi-texniki əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, eləcə də regional təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 
Nazir daha sonra İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşüb. Görüşdə tərəflər terrorizm və güc tətbiqinin bölgə, ümumiyyətlə, bütün dünya üçün böyük təhlükə yaratdığını bildirərək bu çağırışlara qarşı mübarizədə iki ölkənin səylərinin daha da artırılmasının vacibliyini vurğulayıblar.
Cənab Ə.Şəmxani ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və sərhədlərin güc yolu ilə dəyişdirilməsinin əleyhinə olduğunu, eləcə də regiondakı problemlərin danışıqlar vasitəsilə həll edilərək sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasının tərəfdarı olduğunu xüsusi qeyd edib.
İran səfəri çərçivəsində Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün Tehranda İranın müdafiə sənayesinin nailiyyətləri sərgisində də olub.
Bu ölkənin müdafiə sənayesi kompleksinin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova İran Silahlı Qüvvələrinin silahlanmasındakı müxtəlif döyüş vasitələrindən ibarət eksponatlar təqdim edilib.
Sərgi ilə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov "Xatirə kitabı"nı imzalayıb.



Ana səhifəyə qayıt        Baxış: 1 549          Tarix: 16-04-2017, 15:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma