Xəbər lenti

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bəzi media oranlarında və sosial şəbəkələrdə “Azərenerji” ASC-nin işğaldan azad olunan ərazilərdə həyata keçirdiyi layihələrlə əlaqədar yayılan informasiyalara münasibət bildirib.

Komitə sədri "AzPolitika.info"-ya açıqlamasında bu barədə danışıb. O, qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın energetika siyasəti uğurla davam etdirilir. S.Qurbanov ölkəmizin həm elektrik, həm də neft-qaz ixracatçısı olduğunu, Avropa İttifaqı ölkələri və yaxın qonşu dövlətlərlə etibarlı tərəfdaşlıq münasibətləri qurduğunu xatırladır. Millət vəkili iyunun 18-də Avropa Komissiyasının Prezidenti Ursulu von der Leyenin Bakıya səfərini və Azərbaycan Prezidenti İlham Əliyevlə qaz ixracının artırılmasına dair imzaladığı Memorandumu xatırladır.

“Azərenerji” ASC haqqında yayılan informasiyalara gəlincə, Sadiq Qurbanov bildirir ki, bu cür məlumatlar qərəzli şəkildə yayılır və heç bir əsası yoxdur. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərenerji” ASC tərəfindən görülən iri miqyaslı işlərlə bağlı müxalifətyönlü bəzi sosial media səhifələrində və “Youtube” kanallarında bəzən böhtan xarakterli materiallara rast gəlinir. Komitə sədri vurğulayıb ki, Qarabağda aparılan bütün uğurlu işləri bir kənara qoyub, qeyri-obyektiv prinsiplərlə məsələyə yanaşırlar: "Hətta bununla bağlı külli miqdarda dövlət büdcəsindən vəsait ayrıldığı bildirilir.

Birincisi, “Azərenerji” ASC-nin fəaliyyəti daim şəffafdır və görülən işlər haqqında KİV-də mütəmadi məlumatlar verilir.

İkincisi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti və yenidənqurma işləri ilə bağlı “Azərenerji” ASC-yə dövlət büdcəsindən 1 manat da olsun vəsait ayrılmayıb və bütün işlər səhmdar cəmiyyətin daxili dövriyyəsindəki vəsait hesabına icra edilib".

S.Qurbanovun sözlərinə görə, iddia olunur ki, guya “Azərenerji” tərəfindən həyata keçirilən işləri yalnız səhmdar cəmiyyətin rəhbərliyinə məxsus 3 şirkət icra edir: "Məlumat üçün deyək ki, “Azərenerji” rəhbərliyinə məxsus olan şirkətlər 1998 və 2003-cü illərdə təsis olunub və qurumun rəhbəri dövlət vəzifəsi tutduqdan sonra biznesdə iştirakını dayandırıb. Lakin qeyd edilən 3 şirkət ümumiyyətlə “Azərenerji” ASC-nin tenderlərində iştirak etməyib və bu şirkətlərlə heç bir müqavilə bağlanmayıb. Əslində, “Azərenerji” tərəfindən işğaldan azad edilən ərazilərdə 3 deyil, 20-yədək bu sahədə ixtisaslaşmış, zəngin maddi-texniki bazaya, peşəkar və təcrübəli işçilərə malik olan yerli və xarici şirkətlərlə “Dövlət satınalmalar haqqında” Qanuna uyğun olaraq, müvafiq müqavilələr bağlanıb. Bağlanmış müqavilələr barədə Qanuna əsasən, beynəlxalq kütləvi informasiya vasitələrində, dövlət qəzetlərində və rəsmi saytlarda elanlar verilib".

Millət vəkili daha sonra tenderlərin qalibləri barədə məlumatları açıqlayıb: "110-luq ikidövrəli 110/35/10 kV-luq “Kəlbəcər” YS - 110/35/10 kV-luq “Qorçu” YS arası HX-nin tikintisi və elektrikquraşdırma işləri üzrə keçirilən tenderdə bu sahədə peşəkar olan “Azərelektrik Tikinti Quraşdırma” MMC şirkəti qalib gəlib.

330/110/10 kV-luq “Ağcabədi” Yarımstansiyası - 330/110/10 kV-luq “Cəbrayıl” Yarımstansiyası arası 330 kV-luq birdövrəli HX-nin tikintisi və elektrikquraşdırma işləri üzrə keçirilmiş tenderdə isə "ElektrikQuraşdırma" müəssisəsi rəqiblərini üstələyib. Tikilən yarımstansiyaların avadanlıqlarının satın alınması üzrə İtaliyanın"Ansaldo Energia", Finlandiyadan “Wartsila”, ABŞ-dan “General Electric”, Çindən “MET Electric", NR engineering, Almaniyadan “Siemens”, İveçə məxsus ABB, Tesla Engineering, Türkiyənin Enerji Su ve Kimya San.Tic.Ltd.Şti şirkətləri qalib gəliblər. Bundan başqa Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisinin layihələndirilməsi işlərinin satın alınması üzrə Türkiyənin Siba Elektrik Mühendislik San. Tic. Ltd. Şti şirkəti qalib olub. Eyni zamanda güc transformatorlarının satın alınması üzrə "ATEF Şirkətlər Qrupu" MMC şirkəti, 5.3 MVt “Soyuqbulaq” ("Tərtər-3") KSES-nın yenidənqurma işlərinin satın alınması üzrə "BCC Group" MMC, Qarabağ üçün nəzərdə tutulan xüsusi təyinatlı nəqliyyat vasitələrinin satın alınması tenderi üzrə Rusiyanın "Торговый Дом" Нижегородский Автомобильный Завод" şirkətləri qalib gəliblər".

Millət vəkili əlavə edib ki, 330/110/10kV-luq «Cəbrayıl» Yarımstansiyanın, 110/35/10 kV-luq "Şuşa", "Kəlbəcər", "Ağdam", "Füzuli", "Qubadlı", "Zəngilan" və s. yarımstansiyaların tikintisi, eyni zamanda yeni tikilən yarımstansiyaların qurulacaq şəbəkəyə inteqrasiya etməsi üçün yüksək gərginlikli xətlərin tikintisi xüsusi ixtisaslaşmış personal və xüsusi mexanizmlərlə müxtəlif relyef şəraitində işləmək təcrübəsi olan, Azərbaycan Respublikası hüdudlarında elektroenergetika sahəsində bu tip işləri qısa müddətdə icra edə biləcək şirkətlər - "Electro industries" QSC, "AZENCO" ASC, "Azconstruction" QSC, və “Azərelektrik Tikinti Quraşdırma” MMC tenderlərdə qalib gələrək müqavilələr bağlayıblar. "Adları çəkilən şirkətlərin “Azərenerji” rəhbərliyi tərəfindən yaradılması barədə deyilənlərin də əsası yoxdur, çünki bu şirkətlər səhmdar cəmiyyətin rəhbəri olaraq bu vəzifəyə təyin ediləndən uzun illər əvvəl yaranmış, o cümlədən Azərbaycanla yanaşı ayrı-ayrı xarici dövlətlərdə də yüksək gərginlik üzrə iş görmüş şirkətlərdir. Ən əsası müxtəlif vaxtlarda “Azərenerji” rəsmiləri də şirkətlərin onlara yaxın olmasını təkzib ediblər", - S.Qurbanov vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 692          Tarix: 3-08-2022, 11:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma