Xəbər lenti


Naxçıvan MR Dövlət Yol Polisi Xidmətinin əməkdaşı Zöhrabov İsmayıl Şöhrət oğlu və ailəsi Muxtar Respublikanın DİN-də insanlıqla bir araya sığmayan rəftarla üzləşib.


Ovqat.com-un əldə etdiyi məlumata görə, 10 ildir yol polisi işləyən İsmayıl Zöhrabov xidmət göstərdiyi dövlət qurumunun rəisi Ayaz Quliyevin və onun müavini Musa Ələsgərovun qəzəbinə tuş gəlib. 


Dövlət Xidmətinin rəhbərləri onu işdən çıxarmaq üçün müxtəlif təxribatlara əl atıblar.


Əvvəl Şərur rayonunda yol polisi işləyən İsmayıl Zöhrabov illərlə öz rəisi tərəfindən təhqirlərə məruz qalıb. İddiaya görə, öz əməkdaşları ilə söyüşlə danışan rəis Ayaz Quliyev İsmayıl Zöhrabova da ilişib. Məqsəd onu rəisə cavab qaytardığına görə işdən çıxarmaq olub. İki uşaq atası olan İsmayıl uşaqlarını çörəksiz qoymamaq üçün bütün bu kobudluqlara dözüb. Sonunda bu cür təhqirlərin bir işə yaramayacağını anlayan Naxçıvan yol polisinin rəhbərləri daha sinsi plana əl atıb. İsmayıl Zöhrabovla bir yerdə işləyən polis leytenantı Elşən Salahova onu qısnaması əmr olunub. Elşən Salahov da əmrə tabe olaraq xidməti vəzifəsini yerinə yetirərkən polis əməkdaşına əl qaldırıb. İsmayıl Zöhrabov buna etiraz edəndə isə onu işdən çıxarıb Kəngərli rayonuna post-patrul məntəqəsinə göndəriblər.


Uğradığı haqsızlığa etiraz edən dəfələrlə Naxçıvan MR Ali Məclisinə şikayətə gedib. Deyilənlərə görə, Naxçıvan Ali Məclisinin hüquq məsələləri üzrə şöbəsinin rəhbəri, el arasında «Gestapo Cəlil» kimi tanınan Cəlil Rüstəmov da onu 3 dəfə qəbul edib. Amma bütün şikayətlərinin qulaq ardına vurulduğunu görən İsmayıl Zöhrabov oktyabrın 4-də ailəsini də yanına alaraq Ali Məclis sədrinə müraciət etmək fikrinə düşüb. Əsl kobudluqla da məhz bu zaman qarşılaşıb. İddia olunur ki, Zöhrabovlar ailəsini Ali Məclisə yaxın buraxmayan polis əməkdaşları onları qabaqlarına salıb döyə-döyə Naxçıvan MR DİN-nə gətiriblər. İki azyaşlı uşağı və yoldaşı ilə birlikdə nazirliyin zirzəməsinə salınan və digər məhbuslarla saat 10-dan 19-a qədər bir yerdə saxlanılan İsmayılova hədə-qorxu gəlib susmasını tələb ediblər, daha sonra azadlığa buraxıblar. DİN-nin zirməsində ac-susuz saxlanıldıqları 9 saat müddətində Zöhrabovlar ailəsinin biri 3, digəri 7 yaşlı uşaqları ciddi psixoloji sarsıntı keçirdikləri iddia olunur. Ailənin yenicə tibbi əməliyyatdan çıxmış xanımının üzləşdiyi təzyiqlərdən narahat olduğu bildirilir.


Azadlığa buraxıldıqdan sonra Vasif «xan»ın qəbuluna düşməyin asan olmayacağını anlayan Zöhrabov çarəni Bakıya gəlməkdə görüb və oktyabrın 11-də paytaxta səfər edib. Naxçıvan «xanı»nın «el bizim, sirr bizim» prinsipi ilə yaşadığını və paytaxta şikayət edənləri əsla bağışlamadığını bilən polis əməkdaşı Bakıdan Ali Məclisin sədri Vasif Talıbova başına gətirilən zülmlər barədə teleqram vurub və geri qayıdıb. Naxçıvana düşər-düşməz göz altına alınan polis əməkdaşı yenidən MR DİN-nin zirzəmisinə aparılıb və proflaktik hədə-qorxulara məruz qoyulub.


Zavallı polis əməkdaşı indi oturub qara-qara düşünür: Əcəba, «xan» həzrətlərinin qəbuluna necə düşməli?




Ana səhifəyə qayıt        Baxış: 6 694          Tarix: 22-10-2022, 12:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma