Xəbər lenti

“Əslində qanunun ağırlıqlı olaraq texniki və hüquqi tərəfləri daha çox müzakirə olunsa da, onun hansı mahiyyət üzrə qəbul olunmasının zəruriliyinə diqqət yetirməyi bütün siyasi subyektlərdən zaman özü tələb edir. Yeni qanunun qəbul olunmasının zərurəti, fikrimcə, bilavasitə bir səbəblə bağlıdır”.

Deputat Fazil Mustafa bu fikirləri Milli Məclisin 29 noyabr iclasında müzakirəyə çıxarılan “Siyasi partiyalar haqqında” qanun layihəsi barədə Musavat.com-a açıqlamasında söyləyib. Qanunun qəbulunun hansı zərurətdən irəli gəldiyi barədə danışan millət vəkili qeyd edib ki, 2020-ci ilin noyabr ayının 10-dan həm bölgəmizdə, həm də ayrılıqda götürdükdə Azərbaycanda tamamilə yeni bir dövr başlayıb: “44 günlük savaşda qazanılmış möhtəşəm Qələbədən sonra məhz siyasətin yenidən dizayn olunmasından başlamaq zərurəti bu qanunu meydana çıxarır. Qələbədən sonrakı yeni dövr tam fərqli reallıqları qarşımıza çıxardı. Bir çox hallarda partiyaların proqramlarında yer alan ideallar və hədəflər Azərbaycan dövləti və hakimiyyəti tərəfindən gerçəkləşdirildi. İndi yeni reallıqlar dövlətin hədəflərini yenidən dizayn etməyi necə tələb edirsə, bu dövlətin idarə olunmasında əsas siyasi institutlar sayılan siyasi partiyaların da yenidən öz proqram və təşkilat prinsiplərini gözdən keçirməyi tələb edir. Yeni qanunun zərurəti ilk növbədə bu tələblə bağlıdır”.

“Siyasi partiyalar haqqında” qanunun qəbulundan sonra ölkənin siyasi atmosferində nə kimi dəyişikliklərin olacağına gəldikdə, F.Mustafa bunları söylədi: “Anlaşılan budur ki, dövlət partiya institutuna daha ciddi yanaşma ortaya qoyur, siyasi partiyaların də bu ciddiliyi özlərindən tələb etməyə başlayırlar. “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu həm də siyasi partiyaların təmsilçilik şəbəkəsinin genişləndirilməsi prosesinin sürətləndirilməsinə təkan verə bilər. Bu, parlamentdə siyasi müxalifətin statusunun tanınması, fraksiya yaratmaq imkanlarının reallaşması, müxalifət partiyası təmsilçilərinin bir neçə komitənin rəhbərliyinə seçilməsi, bir sıra mühüm dövlət komissiyalarında müxalifət üçün kvotanın təmin edilməsi, Hesablama Palatasına bir nəfər müxalifət partiyası namizədinin audit seçilməsi, beynəlxalq qurumların partiya birliklərində təmsilçiliyə köməklik göstərilməsi kimi vacib yeniliklərə yol aça bilər”.

Elşad Paşasoy,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 061          Tarix: 29-11-2022, 14:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma