Xəbər lenti


 

Naxçıvan MR Daxili İşlər naziri Rəşad İsmayılov bu gün polis rəislərini təcili iclasa çağırıb.

 

İclasda nazir rəislərə bundan sonra vətəndaşların bütün ərizələrinə qayda-qanun çərçivəsində qeydə almağı və qanuni tədbirlər görməyi tapşırıb. Bu isə Naxçıvan polisi üçün inqilabi yenilik demək imiş. Mənbəmizin dediyinə görə, indiyədək Naxçıvanda heç bir ərizənin üzərinə dərkənar qoyulmurdu. Adətən şikayət olunan vətəndaşlar polisə çağırılıb onlara hədə-qorxu gəlinir və rüşvət alınaraq yola salınırdı. 

 

İndisə nazir onlardan qanunla işləməyi tələb edir. Amma necə? Axı Naxçıvanın polis rəisləri arasında hüquqi savadı olan bir nəfər belə yoxdur. Onlardan biri öz sahəsində uğur qazana  bilməyən idmançı, digəri manıs, bir başqası isə camış qəssabıdır. İndi camış kəsməkdən başqa əlindən heç nə gəlməyən Ordubad rayon polis idarəsinin rəisi Əli Nəbiyev vətəndaşların şikayət ərizələrini necə qeydə alsın və qanuni proseduru həyata keçirsin?

 

İnformasiya mənbəmiz bizim vasitəmizlə Naxçıvan əhlinə üz tutaraq tövsiyələrdə bulunub ki, bundan sonra polis idarələrinə yazılı müraciət etsinlər və 10 gündən sonra yenə polisə gedib müraciətlərinin taleyi ilə maraqlansınlar və yazılı cavab tələb etsinlər. Əgər tələbləri yerinə yetirilməsə, bu faktı ictimailəşdirsinlər. Yəqin ki, ictimailəşdirilən bu məlumatlar Azərbaycan rəhbərliyinin qulağına çatar və qanunvericiliyə məhəl qoymayan polis rəisi barədə ölçü götürülər. 

 

Nazir həmçinin rəislərə bərk-bərk tapşırıb ki, polis şöbə və idarələrində vətəndaşları qanunla müəyyənləşdirilmiş müddətdən artıq saxlamasınlar. Bir sözlə, hər şey qanuna və kitaba uyğun şəkildə həyata keçirilsin.

 

Maraqlıdır ki, nazir təyin olunduğu gündən indiyədək bütün rəsmi və qeyri-rəsmi çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevin adını çəkməməyə özən göstərən Rəşad İsmayılov bu gün həmin ənənəni pozub. Dəfələrlə Cənab Prezidentinin ad günündən tutmuş, siyasi fəaliyyətinə qədər bir çox xidmətlərindən danışaraq polis rəislərini təəccübləndirib. 

 

İclasın sonunda Naxçıvan MR DİN-in Arxiv-Uçot bölməsinin rəisi polis polkovnik-leytenentı Famil Rəhimovun verdiyi bir sual nazirin əhvalını korlayıb. Belə ki, o, nazirdən soruşub: “Yaxşı, hər şeyi başa düşdük. Bəs bizim indiyədək kəsilmiş və yeyilmiş müavinətlərimizi kim verəcək”.

 

Yəqin ki, ürəyində “heç hənanın yeridir?” deyən nazirin bu sual qarşısında dili-dodağı quruyub və dərhal iclası yekunlaşdırıb.




Ana səhifəyə qayıt        Baxış: 6 336          Tarix: 24-12-2022, 23:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma