Pərvanə ömrü” Azərbaycan ictimaiyyətinin istedadlı təhsil təşkilatçısı kimi tanıdığı Nazim Əkbərovun trilogiyasının birinci kitabıdır. Nəfis tərtibatla çap olunmuş kitab XIX əsrin sonu – XX əsrin əvvəllərində yaşamış məşhur sahibkar, mesenat Hacı Zeynalabdin Tağıyevdən və onu əhatə edən mühitdən, yaxın ətrafından bəhs edir.
Maraqla oxunan əsərin qəhrəmanı bütün həyatını təkcə mənsub olduğu xalqın deyil, millətindən, dinindən, irqindən asılı olmayaraq hər bir insan oğlunun rifahına, qurtuluşuna, səadətinə həsr etmişdir. Bu amalı yolunda çox böyük fədakarlıqlara qatlaşmış, klassik ifadə ilə desək, özünü oda-közə vurmuşdur. Buradan da romanın adı üzə çıxır – Pərvanə ömrü.
Romanda tarixi şəxsiyyət olan Hacı Zeynalabdinin, onun müasirlərinin xalq, vətən eşqini pərvanənin şama olan eşqi kimi dəyərləndirməyə çalışan müəllif bu eşqi bütün ömrü boyu daşıyan fədakar bir qəhrəman obrazı yaradıb. Əsərdə onun və məsləkdaşlarının keçdiyi yolun nə qədər çətin olduğunu göstərən müəllif xələflərlə sələflərin arasında əlaqə qurmağa cəhd edir, bütün bunların isə oda yanmadan mümkün olmadığını göstərmək istəyir.
Maraq doğuran başqa bir fakt isə budur ki, romanda millətinin inkişafı yolunda bütün çətinlikləri dəf etməyə çalışan, saysız-hesabsız basqılar önündə müqəddəs ideallarından bir an belə yayınmayan Hacı Zeynalabdin yalnız böyük sərvət sahibi kimi deyil, daha çox maarifpərvər və xeyriyyəçi şəxsiyyət kimi təqdim olunur. Buna görə də “el atası” kimi möhtəşəm bir titula sahib olan Hacı hələ sağlığında xalqın yaddaş tarixinə həkk olunmuşdur. Bakıda ilk teatr binasının tikintisi, at-dəmir yolunun (konka) işə salınması, şəhərin mərkəzində Ticarət evi - Tağıyev pasajı fəaliyyəti, Bakıya içməli suyun çəkilməsi layihəsinin hazırlanması və həyata keçirilməsi kimi savab işlər Hacı Zeynalabdinin xeyirxah əməllərinin az bir hissəsidir.
Bu mövzuda birinci kitabını nəşr etdirən müəllif trilogiyasında bu kimi amillərə diqqət çəkməyi planlaşdırır. Altı cildlik tarixi roman haqqında “Həcmi çox böyükdür, kimdir bu qədər böyük həcmdə kitabı oxuyan? – sualına da obrazlı cavab verir: vaxtı ilə Hacıya özünü həlak eləmə, nəyinə lazımdır?- kimi sualları ünvanlayanlar çox olmuşdu. Amma Hacı Zeynalabdin Tağıyev bu cür sözlər önündə ilişib qalsaydı, pərvanə olardımı? Ona görə də onun həyatını, keçdiyi yolları tanıtmaq üçün cild-cild romanlar kifayət deyil, on minlərlə kitab yazılsa belə, yenə azdır.
Biz də öz növbəmizdə bu müqəddəs və xeyirxah işində müəllifə uğurlar arzu edirik.
Namiq ƏHMƏDOV, “Xalq qəzeti”
Paylaş: