"Biz bu işə hüquqi qiymət verilməsi, həmin hakimlər barədə qanuni tədbir görülməsi üçün Məhkəmə-Hüquq Şurasına müraciət etməyə qərar verdik"
“TNS” İnformasiya Agentliyinin direktoru, tanınmış jurnalist Tural Səfərov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına müraciət edəcək. “Bakı-Xəbər”in məlumatına görə, jurnalist bu barədə öz sosialı şəbəkə hesabında məlumat verib.
“Bunu etməməyə qərar vermişdim. Amma qərarımı dəyişdim. Bu qanunsuzluqları edənlər cəzalandırılmalıdır ki, görk olsun”, - jurnalist bildirib.
Tural Səfərov Məhkəmə-Hüquq Şurasına müraciətindən bir hissəni paylaşıb:
“Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli hökmü ilə mənim barəmdə bəraət hökmü qəbul edilib.Bildirirəm ki, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, əməlimdə cinayət tərkibi olmamasına baxmayaraq, bilə-bilə, sifarişlə, qanunvericiliyin tələblərini kobudcasına pozmaqla barəmdə ittiham hökmü çıxarıb.
Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 111-1-ci maddəsinin tələblərinə görə, hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin əsaslarından biri də işlərə baxılarkən qanunvericiliyin tələblərinin dəfələrlə və ya kobudcasına pozulmasıdır.
Qeyd olunanlara əsasən qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla mənim barəmdə ittiham hökmü çıxarmış Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, bu hökmü qüvvədə saxlamış Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Qarayev Sənan Məmməd oğlu, Quliyev Vüqar Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlu barəsində qanuni tədbir görməyinizi Sizdən xahiş edirəm”.
Qeyd edək ki, Tural Səfərov Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədlinin iddiası əsasında 2021-ci ilin iyun ayında həbs edilib. O, Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə təqsirli bilinərək, 4 ay müddətinə azadlıqdan məhrum olunub.
Bir ay həbsdə qaldıqdan sonra Azərbaycanın müvafiq dövlət orqanlarının müdaxiləsi ilə Tural Səfərov azadlığa çıxıb. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi jurnalistin apellyasiya şikayəti əsasında onu şərti azadlığa buraxıb. Həmin ilin dekabr ayında amnistiya tətbiq edilib və məhkumluğu götürülüb.
Naxçıvan məhkəmələrinin qərarı ilə razılaşmayan jurnalist ona bəraət verilməsi xahişi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verib. Bu ilin fevral ayında hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin onun barəsində çıxardığı qərar ləğv edilib. Ali Məhkəmənin bəraət vermək hüququ olmadığından iş yenidən baxılması və jurnalistə bəraət verilməsi üçün apellyasiya məhkəməsinə qaytarılıb.
Naxçıvanda apellyasiya məhkəməsi funksiyasını yerinə yetirən muxtar respublikanın Ali Məhkəməsində işə yenidən baxılaraq Tural Səfərova bəraət verilib.
Jurnalist hesab edir ki, həmin vaxt Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun tapşırığı ilə qanunsuz şəkildə həbs edilib. Bunun bəhanəsi isə Naxçıvan Beynəlxalq Hava Limanı barədə yazdığı tənqidi status olub.
Tural Səfərov açıqlamalarında dəfələrlə qeyd edib ki, həbsinin çox ciddi siyasi səbəbləri var.
Jurnalist bildirib ki, o, cinayətkar deyil və birinci instansiya məhkəməsinin iclasında da təqsirinin olmadığını açıq şəkildə bəyan edib.
Tural Səfərov bəraət almasını Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan məhkəmə-hüquq islahatlarının nəticəsi hesab edir. Buna görə dövlət başçısına minnətdarlığını bildirir. Onun fikrincə, bu fakt bir daha onu göstərir ki, Azərbaycanda ədalətli məhkəmə sisteminin qurulması, hər bir vətəndaşın hüquqlarının ən yüksək səviyyədə qorunması istiqamətində mühüm işlər görülür.
Tanınmış jurnalist “Bakı-Xəbər”ə qısa açıqlamasında onu qanunsuz şəkildə həbs edən, ailəsinə olmazın zülmləri yaşadan hakimlərin cəzalandırılması üçün hüquqi prosedur başlatdıqlarını bildirib.
“Bilirsiniz ki, hakimlərin toxunulmazlığı var. Onların birbaşa cinayət məsuliyyətinə cəlb edilməsi mümkün deyil.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 295-ci maddəsi “Bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma” adlanır. Bu maddədə bildirilir ki, hakimlərin bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarması beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hakimlərin toxunulmazlığı olduğundan, barəmdə qanunsuz qərarlar çıxaran hakimlər cinayət məsuliyyətinə cəlb edilə bilməz. Ona görə də biz bu işə hüquqi qiymət verilməsi, həmin hakimlər barədə qanuni tədbir görülməsi üçün Məhkəmə-Hüquq Şurasına müraciət etməyə qərar verdik”, - Tural Səfərov əlavə edib.
Əli TURABOV
Paylaş: