Xəbər lenti

Tanınmış vəkil, Naxçıvan Şəhər Məhkəməsinin sabiq sədri Hüseyn Həsənov Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimova müraciət edib.

TNS-in redaksiyasına da göndərilən müraciətin mətnini təqdim edirik:

“Hörmətli sədr!

Səlahiyyət müddətinin bitməsi ilə əlaqədar 02.09.2000-ci ildən tutduğum vəzifədən azad edilməyim barədə Naxçıvan Muxtar respublikası ədliyyə nazirinin verdiyi 21.10.2002-ci il tarixli, 74-k saylı əmrin  etibarsız hesab edilməsi və  hazırkı dövrə qədər məhrum edildiyim vəzifə maaşı və hakim üçün nəzərdə tutulmuş güzəştlərə görə ödənişlərin  mənə ödənilməsi öhdəliyinin Naxçıvan MR Ədliyyə Nazirliyinin üzərinə qoyulması barədə iddia ərizəm Maxçıvan MR İnzibati Məhkəməsinin e-2-1(112)-351/2023 saylı, 27.04.2023-cü il tarixli qərardadı ilə mümkünsüz hesab edilərək mübahisənin ümumi məhkəməyə aid olduğu bildirilmişdir. İnzibati məhkəmənin qərardadının tərtibatında qüsurlara yol verilsə də nəticə etibarı ilə qanuni idi və həmin qərardaddan şikayət vermədim. İnzibati məhkəməyə müraciət etməkdə məqsədim gələcəkdə Naxçıvan Şəhər Məhkəməsinin eyni predmetə dair iddia ərizəmin qəbulundan imtinasının qarşısını almaq idi.

06.06.2023-cü il tarixli iddia ərizəsi ilə Naxçıvam Şəhər Məhkəməsinə müraciət edərək Naxçıvan MR ədliyyə nazirinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar 02.09.2000-ci ildən tutduğum vəzifədən azad edilməyim barədə verdiyi 21.10.2002-ci il tarixli əmrin  ləğv edilməsi və  hazırkı dövrə qədər məhrum edildiyim vəzifə maaşı və hakim üçün nəzərdə tutlmuş güzəştlərə görə ödənişlərin  mənə ödənilməsi öhdəliyinin Naxçıvan MR Ədliyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarmasını  xahiş etmişdim.

Naxçıvan Şəhər Məhkəməsi 11.07.2023-cü ildə iddia ərizəmi yolverilməz olması səbəbi ilə icraata qəbul etməkdən imtina edərək 2(108)-114/2023 saylı qərardadla inzibati məhkəməyə müraciət etməli olduğumu bildirmişdir. Hansı ki, eyni predmetə dair iddia ərizəm Naxçıvan MR İnzibati Məhkəməsi tərəfindən mümkünsüz hesab edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 11.07.2023-cü il tarixli qərardadından verdiyim şikayət Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının 09.08.2023-cü il tarixli qərardadı ilə təmin edilməmişdir.

Əlavə olaraq bildirirəm ki, Naxçıvan Şəhər Məhkəməsi Naxçıvan xanı Vasif Talıbova qarşı maddi və mənəvi ziyan tələbi barədə iddia ərizəmi də 16.03.2023-cü il tarixli, e-2(078)-539/2023 saylı qərardadla  icraata qəbul etməkdən imtina etmişdir və həmin qərardad da Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının 19.04.2023-cü il tarixli, 2(108)-57/2023 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.  Məhkəmənin həmin qərardadlarında Ali Məhkəməyə şikayət verilməsi nəzərdə tutulmadığı üçün kassasiya məhkəməsinə şikayəti verilməsi mümkün deyil. Həmin qərardadlardan şikayət verilməsinin məhdudlaşdırılması qanunvericiliyin qüsurudur və “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 19-cu maddəsinə ziddir. Nə qədər ki, ölkəmizdə 3 pilləli məhkəmə sistemi mövcuddursa, deməli hər 3 instansiyaya müraciət hüququ təmin edilməlidir. Bəzi məhkəmə qəradadlarından Ali Məhkəməyə şikayət verilməsinin məhdudlaşdırılması apellyasiya instansiyalarında qanunsuz qərarlar çıxarılmasına səbəb olur.

Naxçıvan məhkəmələrində qanunsuz qərarlar qəbul edilməsi orada fəaliyyət göstərən hakimlərin Vasif Talıbovun kadrları olması ilə əlaqədardır. Həmin hakimlər Vasif Talıbova sədaqət nümayiş etdirməklə insanlığa və dövlətçiliyə hörmətsizlik etməklə Vasif Talıbov repressiyasına haqq qazandırırlar. Hər bir özbaşınalığın sonu nə vaxtsa çatacaq. Təəsüf ki, bu gün minlərlə insan Vasif Talıbov repressiyasından əziyyət çəkir. Yenə təəsüf hissi ilə qeyd edirəm ki, bu günə kimi Vasif Talıbovun əməllərinə hüquqi qiymət verilməyib ki, bu da kütləvi narazılıqlar yaratmaqda davam edir və Vasif Talıbovun azadlıqda olması qanunsuz qərarlar qəbul edilməsi ilə nəticələnir.  Vasif Talıbova görə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş hamı qanun və məhkəmə qarşısında bərabərdir prinsipinin pozulmasını yolverilməz hesab edirəm. Düşünürəm ki, Vasif Talıbov repressiyasının nəticələri  “Tərtər” hadisələri ilə müqayisə oluna bilər. Hər iki halda əməllər dövlətçiliyə və insanlığa qarşı yönəlib.

Naxçıvam Şəhər Məhkəməsinin 11.07.2023-cü il və Naxçıvan MR İnzibati Məhkəməsinin 27.04.2023-cü il tarixli qərardadaları, o cümlədən Naxçıvan Şəhər Məhkəməsinin 16.03.2023-cü il tarixli qərardadları mənim məhkəməyə müraciət etmə hüququmu məhdudlaşdırır ki, bu da Azərbaycan Respublikası Konstitusiyasının 25.1, 57.1, 60.1, 62, 68-ci maddələrinin tələblərinə zidd olmaqla yanaşı, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyasının 6-cı maddəsinin tələblərini də pozur.

İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 1-ci maddəsinin tələbinə əsasən, məhkəmələrin nəzərinə çatdırılır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin  2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XIX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. 2002-ci ildə inzibati məhkəmələr 

yaradılmamışdı.  İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.

Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Naxçıvan Şəhər Məhkəməsinin yuxarıda bəhs olunan qəradadları qanunun zamana görə hüquqi qüvvəsi prinsipinə ziddir. Şübhə yoxdur ki, Naxçıvan Şəhər Məhkəməsinin və Naxçıvan Ali Məhkəməsinin hakimləri “İnzibati icraat haqqında” Qanunun və İnzibati Prossesual Məcəllənin nə vaxtdan qanuni qüvvəsini alması haqqında məlumatlıdırlar.

Diqqətinizi Naxçıvan Şəhər Məhkəməsinin 16.03.2023-cü il tarixli qərardadının mənasına cəlb etmək istəyirəm. Repressiyaya məruz qalmış şəxs kimi zərərvuran Vasif Talıbovu fiziki şəxs olaraq məhkəməyə verirəm, lakin məhkəmələr deyirlər ki, Vasif Talıbov qanunların üstündə durduğuna görə onu məhkəməyə verə bilməzsən.

Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə əsasən Ali Məhkəmə  məhkəmə praktikasına dair məsələlər üzrə izahat verir. Məhkəmə aidiyyətinə görə ərizələrin icraata qəbul edilməsindən imtina edilməsinə aydınlıq gətirilməsi kassasiya məhkəməsinin səlahiyyətinə aid olduğu üçün müvafiq məhkəmə aktlarını  ərizəmə əlavə edərək məhkəməyə müraciət etmə hüququmun məhdudlaşdırılmasına yaradılan əngəllərin aradan qaldırılması üçün tədbir görmənizi xahiş edirəm”.




Ana səhifəyə qayıt        Baxış: 5 351          Tarix: 20-08-2023, 13:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma