Xəbər lenti
Ovqat.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikasında genişmiqyaslı quruculuq işləri aparılır, şəhər və rayonlarda müasir binalar tikilir. Qabaqcıl dünya təcrübəsini və inşaat texnologiyalarını mənimsəyən tikinti sektoru muxtar respublikaya sürətli quruculuq, səmərəli podratçılıq, yüksək keyfiyyət və müasir dizayn gətirib. Tikinti-quruculuq işləri aparılarkən müasirliklə milliliyin vəhdəti əsas götürülür. Bütün bunların nəticəsidir ki, Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə aparılan geniş tikinti-quruculuq, abadlaşdırma işləri, yolların və körpülərin tikintisi yaşayış məntəqələrinin simasını tamamilə dəyişib, gözəlləşdirib.
İnşaat sektorunun inkişafı, bütövlükdə, ölkənin sosial-iqtisadi tərəqqisinə təkan verən mühüm amillərdən biridir. Muxtar respublikada müxtəlif təyinatlı binaların tikintisi və ya bərpa olunaraq yenidən qurulması qədim Naxçıvanı daha da gözəlləşdirməklə yanaşı, həm də ölkəmizin sosial-iqtisadi inkişafını təcəssüm etdirir.
Muxtar respublikada ötən 3 ayda da tikinti-quruculuq işləri uğurla aparılıb, yeni-yeni möhtəşəm tikililər istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, 2017-ci ilin ilk rübü ərzində muxtar respublikada 44 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 92 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi üzrə tədbirlər 2017-ci ilin ilk rübü ərzində də davam etdirilib, 3 kənd mərkəzi istifadəyə verilib, 2 kənd mərkəzinin inşası hazırda davam etdirilir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin ilk rübündə muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 94 min 300 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib. Bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən çoxdur.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu



Ana səhifəyə qayıt        Baxış: 1 169          Tarix: 19-04-2017, 15:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma