Xəbər lenti

ETSN: Oğuz meşəsində baş verən yanğın TAM SÖNDÜRÜLDÜ -

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının əziyyəti və fədəkarlığı sayəsində, o cümlədən Fövqəladə Hallar Nazirliyinin işçilərinin səyləri nəticəsində 4 sentyabr gecə saat 4 radələrində tam olaraq söndürülüb.

Qəbələ MMBM-nin Bum meşəbəyliyinin Abrıx, Dandık, Solquca kəndləri ətrafındakı meşə sahələrində isə yanğın nəzarətə götürülüb, onun tam söndürülməsi üçün ETSN-nin və FHN-nin hadisə yerində olan canlı qüvvəsi və texnikası operativ tədbirləri davam etdirir.

Hazırda Abrıx və Solquca kəndləri ərazisində yanğının irəlilədiyi xətt üzrə gərgin fəaliyyət göstərilir, həmin xətt boyunca yanğının qarşısının alınması istiqamətində fədakarlıq göstərilir. Bu gün operativ səhər toplantısında meşəçilər bu xətdən geri çəkilməyəcəklərinə və var qüvvələri ilə alovu dayandıracaqlarına söz veriblər.

Xatırladaq ki, hadisə yerində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf rayonlardakı meşə müəssisələrinin, qoruq və milli parkların 350-yə yaxın əməkdaşı, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələri və texnikası yanğının qarşısını almağa çalışırlar. Qeyd olunduğu kimi yanğın zolağı yüksək dağ massivində və mürəkkəb relyefdə yerləşdiyindən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən istifadə edilir, mürəkkəb keçilə bilən dağlıq ərazilərə tırtıllı traktorlar vasitəsi ilə su çənləri qaldırılır, əl əməyindən istifadə olunaraq vedrə və su tutumu olan qablarla söndürmə işləri aparılır. Təxirəsalınmaz və operativ tədbirlər bu saatlarda da davam etdirilir.

***

09:30

Qəbələ rayonunda yanğının söndürülməsi istiqamətində həyata keçirilən təxirəsalınmaz və operativ tədbirlər davam etdirilir.

Publika.az xəbər verir ki, Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi üzrə Əməliyyat Qərargahından bildirilib ki, söndürmə işləri üç istiqamətdə - Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik ərazilərdə aparılır. Burada əsasən, quru ot, sıx kollar (moruq, böyürtkən və s.), qurumuş ağaclar, onların qalıqları və qismən ağaclar yanır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən, Mülki müdafiə qoşunlarından, Xüsusi Riskli Xilasetmə Xidmətindən, Aviasiya dəstəsindən və Şimal-qərb Regional Mərkəzindən, ümumilikdə, 520 nəfər şəxsi heyət, 36 ədəd texnika və 1 ədəd yanğınsöndürmə helikopteri yanğının söndürülməsinə cəlb olunub. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin 50 nəfər canlı qüvvəsi, Rayon İcra Hakimiyyətinin 19 ədəd müxtəlif təyinatlı texnikası və yaxın yaşayış məntəqələrinin əhalisindən ibarət könüllü dəstələr yanğının söndürülməsi işlərində iştirak edir.

Cəlb olunmuş qüvvələrin operativ və effektli idarə edilməsi üçün Əməliyyat Qərargahı yaradılıb. Əməliyyat qərargahına fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev rəhbərlik edir. Görülən işlər barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mütəmadi məlumatlandırılır.

Yanğının baş verdiyi ərazi dəniz səviyyəsindən, təqribən, 1000 m hündürlükdə yerləşir. Havanın isti və küləkli olması yanğının söndürülməsinə çətinlik yaradır. Eləcə də, ərazi yüksək dağ massivində və mürəkkəb relyefdə yerləşdiyindən, texnikanın həmin əraziyə qalxmasında çətinliklər yaranıb. Ona görə də yanğının söndürülməsi üçün bütün vasitələrdən, əsasən əl əməyindən və helikopterdən istifadə olunur. Mürəkkəb keçilə bilən dağlıq ərazilərə tırtırlı traktorlar vasitəsilə qoşqulu su çənləri qaldırılaraq söndürmə işləri aparılır. Keçilməz qayalıq hissələrdə yanğının söndürülməsi Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Ka-32A” helikopteri vasitəsi ilə həyata keçirilir. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə desant dəstəsi helikopterlə əraziyə enərək söndürmə işlərinə qoşulub.

FHN kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə müraciət edərək Nazirliyin fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır və bu cür məlumat yayanlara diqqətli olmağı, yaranmış vəziyyətə həssaslıqla və anlayışla yanaşmağı tövsiyyə edir.

Nazirliyin fəaliyyətinə dair məlumatlar fhn.gov.az rəsmi internet informasiya portalında mütəmadi dərc olunur.

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.




Ana səhifəyə qayıt        Baxış: 855          Tarix: 4-09-2017, 15:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma