Dövlət başçısı İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edib. Müzakirələr maraqlı keçib. Azərbaycan Prezidenti söylədiyi nitqində Avropa İttifaqı ilə əməkdaşlığın başlıca şərtlərini bir daha nümayəndə heyətinin üzvlərinin diqqətinə çatdırıb. Ölkə rəhbəri həyata keçirdiyi siyasi kursda müstəqillik xəttinin, qətiyyətli mövqenin mərkəzi yer tutduğunu ifadə edib. Rəsmi Bakı atdığı bütün addımlarda həmin prinsipə qətiyyət və dönməzliklə əməl edir. O cümlədən Aİ və onun müxtəlif institutları ilə əlaqələrdə bu, özünü daha qabarıq büruzə verir. İndi hamıya Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı ilə bağlı yaranmış vəziyyət məlumdur. Həmin layihədə nəzərdə tutulmuş ölkələrdən ikisi – Ermənistan və Belarus – Rusiyanın Avrasiya inteqrasiya təşəbbüsünə qoşulublar. Ukrayna, Moldova və Gürcüstan ifrat qərbyönümlü mövqeləri ilə özlərinə bir sıra geosiyasi ziddiyyətlər yaratmaqdadırlar. Onların Aİ-yə assosiativ üzvlüyü reallıqda elə bir rol oynamayıb. Yalnız Azərbaycan obyektiv mövqe tutaraq və ilk olaraq milli maraqları gözləyərək Aİ ilə əməkdaşlıq istiqamətində konkret müstəqil plana malikdir. Bütün bunlar barədə görüşdə danışılıb və dövlət başçısı maraqlı, obyektiv və dərin təhlilləri ilə real proqnozlardan bəhs edib. Azərbaycanın həmin proqram çərçivəsində əməkdaşlığa hazır olduğunu ifadə edən İlham Əliyev irəli sürdüyü təkliflərə uyğun addımlar atacağını bir daha nümayəndə heyətinin nəzərinə çatdırıb.
Açıq müzakirə: əlahəzrət faktların işığında
Dünya miqyasında mürəkkəb geosiyasi proseslərin getdiyi bir zamanda Azərbaycan-Avropa münasibətlərinin əhəmiyyəti daha da artır. Rəsmi Bakı üzvü olduğu Avropa Şurası ilə əlaqələrin inkişafına həmişə böyük önəm verib. Hazırda da eyni mövqedə qalır. Ancaq təəssüf ki, oxşar sözləri qarşı tərəf haqqında demək xeyli çətindir. İkili standartlar daim onlara müstəqilliyini əldə etmiş bütün ölkələrlə səmimi əməkdaşlıq etməyə, vahid meyarlardan çıxış etməyə mane olub. Bu baxımdan Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətinin Azərbaycana səfəri bir neçə aspektdən əhəmiyyət kəsb edirdi.
Hər şeydən əvvəl, tərəflər qarşılıqlı münasibətlərin gələcəyi ilə bağlı mövqelərini dəqiqləşdirmək imkanı əldə edirdilər. Məlumdur ki, hazırda müxtəlif dairələrdən fərqli təkliflər yağdırılır, gənc müstəqil ölkələri öz maraq dairələrinə cəlb etməyə çalışırlar. Başqa məqam konkret olaraq Aİ-nin Azərbaycanla münasibətlərinin gələcəyini necə görmək istədiyi ilə bağlıdır. Rəsmi Bakı bu aspektdə dəqiq və konkret fikir bildirilməsini gözləyir. Digər aspekt Azərbaycanın "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində etdiyi təkliflərə Brüsselin necə yanaşdığı haqqında daha dolğun təsəvvürlər əldə etməklə əlaqəlidir. Nəhayət, Azərbaycan üçün son dərəcə önəmli olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə Aİ-nin yanaşmasının daha da konkretləşməsi əhəmiyyət daşıyırdı.
Bütün bunlar nümayəndə heyətinin Prezident İlham Əliyevlə görüşü zamanı bu və ya digər dərəcədə müzakirə olunub. Ölkə başçısı Aİ-nin böyük nümayəndə heyətini oktyabrın 4-də qəbul edib. Azərbaycan Prezidenti həmin görüşdə tarixi sayılmalı olan nitq söyləyib. İlham Əliyev tərəflər arasındakı münasibətlərin real mənzərəsini təqdim edib, ortada olan çətinlikləri xüsusi vurğulayıb (bax: Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının nümayəndə heyətini qəbul edib / AZƏRTAC, 4 oktyabr 2017). Təsadüfi deyil ki, həmin çıxışa KİV və ekspert dairələri böyük maraq göstəriblər.
Əvvəlcə qeyd edək ki, nümayəndə heyətinə Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirləri daxil idi. Görüşdə iştirak edənlərə dövlət rəhbərinin öncə Ermənistanın Azərbaycana təcavüzü haqqında və onun nəticəsində meydana gəlmiş mürəkkəb vəziyyət barədə bir sıra dolğun xatırlatmalar etməsi tamamilə yerində və başadüşüləndir. Çünki hazırda Azərbaycan üçün həmin münaqişənin ədalətli həlli strateji əhəmiyyət kəsb edir.
Digər tərəfdən, dünyanın müxtəlif regionlarında müşahidə edilən bir sıra geosiyasi proseslər beynəlxalq ictimaiyyət üçün Dağlıq Qarabağ məsələsinin nə dərəcədə aktual olduğunu dolayısı ilə təsdiq edir. Beynəlxalq aləm sanki Ermənistanın Azərbaycana təcavüzünə göz yummaq və ikili standartlarla hərəkət etməyin ağrısını çəkir. İndi dünyanın bir çox dövlətində analoji problemlər yaranır və onlara həmin ölkə hakimiyyətinin necə sərt reaksiya verdiyini də dünya gördü.
Prezident İlham Əliyevin bütün bunların fonunda avropalı nümayəndələrə bir daha real vəziyyəti anlatması olduqca vacib məqamdır. Dövlət başçısı həmin kontekstdə anlamlı şəkildə vurğulayıb: "İşğal olunmuş ərazilərdəki vəziyyət beynəlxalq ictimaiyyətə məlumdur. ATƏT işğal olunmuş torpaqlara iki dəfə faktaraşdırıcı və qiymətləndirmə missiyaları göndərib və onların hesabatlarında həmin torpaqlarda vandalizm aktlarının törədildiyi göstərilib. Bütün binalar, məzarlar və qəbiristanlıqlar, məscidlər ermənilər tərəfindən dağıdılıb. Onlar Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədərək 613 günahsız insanı qətlə yetirdilər. Onların 100-dən çoxu qadın, 60-dan çoxu uşaq idi. Onlar bizim tarixi və dini abidələrimizi dağıdaraq mədəni irsimizə qarşı soyqırımı törətdilər. Vəziyyət belədir" (bax: əvvəlki mənbəyə).
Təbii ki, bu barədə Azərbaycan rəsmi şəkildə dəfələrlə dünyaya fikirlərini bildirib. Ancaq məsələ ondan ibarətdir ki, Aİ də daxil olmaqla heç bir beynəlxalq təşkilat reallığı olduğu kimi qəbul edib, təcavüzkara lazımi təzyiqi göstərmir. İndi də ölkə rəhbəri avropalı siyasətçilərə aydın dillə ifadə edir ki, bu günə qədərki laqeyd münasibət nə dərəcədə faciələrin hələ də qalmasına səbəb olub. Və bütün bunlardan yalnız Azərbaycan deyil, bütövlükdə dünya zərər görür. Bizcə, nümayəndə heyəti bunu anlaya bildi.
Məsələn, İlham Əliyev Aİ nümayəndə heyətinə erməni terrorunun qurbanları olan 1 milyondan artıq azərbaycanlıdan bəhs edib. Hazırda İraq və Suriyada baş verən proseslərin fonunda bu informasiyanı avropalı səfirlər canları və qanları ilə duymalıdırlar. Çünki indi onların özlərinin ölkələrinə qaçqın və məcburi köçkünlər axışırlar. Bu məsum insanlara bəzi Avropa dövlətləri çox pis münasibət göstərirlər. Bunun fonunda Azərbaycan yeni müstəqillik əldə etmiş ölkə kimi hansı çətinliklərlə milyondan çox insanı qəbul edib, bunu heç olmasa indi anlasınlar! Onu da deyək ki, həmin dövrdə Azərbaycan əhalisi 8 milyondan bir qədər çox idi. İndi 500 milyonluq Avropa İttifaqı yüz min qaçqını özünə böyük problem bilir. Fərqi yəqin ki, dərk etmək çətin deyil!
Təcavüzkara göz yumulur: ədalətsizlik nümunəsi
Prezident nitqinə davam edərək Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun yarıtmaz işini konkret faktlarla sübuta yetirib. İlham Əliyev açıq ifadə edib: "Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar heç bir praktiki nəticə əldə olunmadan uzun illərdir davam edir. Ermənistan status-kvonu dəyişməz olaraq saxlamağa çalışır. Münaqişənin həll olunmamasının əsas səbəbi budur. Bundan əlavə, Ermənistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, erməni qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrə əməl etmir. Əfsuslar olsun ki, bu qətnamələr kağız üzərində qalır. Bəzən bir neçə gün ərzində yerinə yetirilən bəzi başqa qətnamələrdən fərqli olaraq, bizə gəlincə, biz onların yerinə yetirilməsini 20 ildən artıqdır, daha dəqiq desək 24 ildir ki, gözləyirik" (bax: əvvəlki mənbəyə).
Bu fikirlərə heç kəs etiraz edə bilməz. Uzun illərdir ki, vasitəçilər müəyyən sözlər deyir, vədlər verirlər, lakin konkret iş görmürlər. Həmsədr dövlətlərin başçıları belə dəfələrlə bəyan ediblər ki, status-kvo saxlanıla bilməz, o, dəyişməlidir. Ancaq rəsmi İrəvan bütün bunları qulaqardına vurur, bəyanat verənlər isə susurlar. Nədir, onlar satellit və qondarma bir ölkədən qorxurlar? Təbii ki, yox. Onlar sadəcə ikili standartlarla hərəkət edir və təcavüzkarı müxtəlif bəhanələrlə dəstəkləyirlər. Məhz bu səbəbdən Prezident İlham Əliyev nümayəndə heyətinə bir daha xatırladıb ki, beynəlxalq təşkilatlar bəzən qəbul etdikləri qərarları dərhal yerinə yetirirlər, Dağlıq Qarabağla bağlı qəbul edilən sənədlər isə 20 ildən çoxdur ki, icrasız qalır. Təbii olaraq Azərbaycan bu vəziyyətlə barışa bilməz.
Dövlət başçısı onu da xatırladıb ki, beynəlxalq aləm tərəfdən təzyiqlər artarkən Ermənistan cəbhə xəttində təxribat törədir, bununla da danışıqları pozur, ən azından bir müddət ləngidir. Görünür, o, bunu havadarlarının gizli göstərişi ilə edir. Çünki təxribatlardan sonra nəinki İrəvanı ittiham etmirlər, hətta onu dolayısı ilə müdafiə edirlər.
İlham Əliyev bir daha vurğulayıb ki, Azərbaycanın mövqeyi aydın və sadədir – ölkənin ərazi bütövlüyü təmin edilməlidir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin isə əsas işi Ermənistana ciddi təzyiqlər göstərməkdən ibarət olmalıdır. Bu bağlılıqda ölkə rəhbəri çox vacib bir məqamı da vurğulayıb: "Əgər Ermənistana qarşı sanksiyalar tətbiq olunsaydı, beynəlxalq hüquq normalarını və humanitar normaları kobud şəkildə pozan ölkəyə qarşı ciddi sanksiyalar tətbiq edilsəydi, bəlkə də münaqişə çoxdan həll edilmiş olardı. Beynəlxalq ictimaiyyətin Ermənistana münasibətdə bu cür mülayim siyasəti onlarda belə təsəvvür yaradır ki, onlar bizim torpaqlarımızda qanunsuz şəkildə qalmağa davam edə bilərlər və bu, səbəblərdən biridir" (bax: əvvəlki mənbəyə).
Lakin Ermənistan və havadarları Azərbaycanın inkişafının qarşısını ala bilmirlər. Prezident İlham Əliyev görüşdə ölkənin əldə etdiyi nailiyyətləri konkret faktlarla ifadə edib. Azərbaycan bütün sahələrdə ciddi uğurlar əldə edib. Davos İqtisadi Forumunun iqtisadiyyatın rəqabət qabiliyyəti üzrə hesabatında Azərbaycan 140 ölkə arasında 35-ci yerdədir (bax: əvvəlki mənbəyə). Bu, MDB məkanına birinci olmaq deməkdir. Dünya miqyasında isə gənc müstəqil dövlət üçün kifayət qədər yaxşı göstəricidir. İqtisadi islahatlar, enerji layihələri, regional əməkdaşlıq, nəqliyyat dəhlizlərinin yaradılması kimi sahələrdə rəsmi Bakının atdığı səmərəli addımlar hər kəsə məlumdur.
Təsadüfi deyil ki, Qərbin siyasi liderləri Azərbaycanı qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm faktor kimi qəbul edirlər. TAP, TANAP, "Cənub qaz dəhlizi", Bakı-Tbilisi-Ceyhan neft boru xətti, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin dünya üçün əhəmiyyəti haqqında kifayət qədər geniş fikirlər ifadə edilib. Bütün bunları dövlət başçısı lakonik şəkildə bir daha görüş iştirakçılarının diqqətinə çatdırıb.
Prezident İlham Əliyev ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının, sivilizasiyalar və mədəniyyətlərarası dialoq prosesinin təşkil edilməsinin təşəbbüskarıdır. Bu formatlar kifayət qədər fayda verib və həmin proses davam edir. Bunlara ölkə rəhbərliyinin multikulturalizm sahəsində atdığı addımları da əlavə etmək lazımdır. Azərbaycan hazırda multikulturalizm üzrə dünyaya nümunədir. Artıq bu məsələ ilə bağlı Azərbaycan modelindən danışırlar.
Nəhayət, dövlət başçısı Avropa İttifaqı üçün çox əhəmiyyətli olan "Şərq tərəfdaşlığı" proqramı ilə bağlı da konkret fikirlərini nümayəndə heyətinə ifadə edib. Məlumdur ki, Azərbaycan Prezidenti Aİ ilə Azərbaycan arasındakı münasibətləri tənzimləyən və onun inkişaf perspektivini göstərən yeni təklif irəli sürüb. Bu məsələni dövlət başçısı bu ilin fevral ayında Brüsselə səfərində geniş müzakirə edib. Avropa İttifaqı bu təklifi qəbul edərək, onunla bağlı danışıqlara başlayıb. Bununla da rəsmi Bakının Aİ ilə əlaqələrdə fərdi yanaşma modelinə üstünlük verməsi ilə əlaqədar nümayiş etdirdiyi mövqe qəbul olunub. Hazırda tərəflər arasında məhz həmin proqram üzrə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr davam edir. Buna görə də İlham Əliyev noyabrın 24-də Brüsseldə keçirilməsi planlaşdırılan "Şərq tərəfdaşlığı" sammitinə qatılacağını nümayəndə heyətinə söyləyib (bax: əvvəlki mənbəyə).
Aİ-nin ikili standartları: son qoymağın zamanı çoxdan çatıb
Dövlət başçısının hərtərəfli və dolğun nitqini diqqətlə dinləyən nümayəndə heyətinin üzvləri də öz fikirlərini ifadə edib və bir sıra suallara cavab almağa çalışıblar. Sonra Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivens, Avropa İttifaqının Brüsseldə akkreditə edilmiş Fransadan olan səfiri Nokalas Suran, Avropa İttifaqının Brüsseldə akkreditə edilmiş Bolqarıstandan olan səfiri Gergana Karadjovam və Avropa İttifaqının Brüsseldə akkreditə edilmiş Almaniyadan olan səfiri Mixael Flüger çıxış ediblər.
Onların hamısı Azərbaycanın nailiyyətlərini vurğulayıblar. Ancaq heç biri Ermənistanın təcavüzü haqqında konkret fikir bildirməyiblər. Dağlıq Qarabağ və ətraf rayonların ermənilər tərəfindən işğalına son qoyulması bağlılığında ciddi təklif etməyiblər. Əvəzində, yenə də Azərbaycanda insan haqları sahəsində "pozuntular"dan bəhs edib, ifadə azadlığı və toplaşmaq azadlığındakı "məhdudiyyətlərə" işarə edib, Ermənistanla dialoqdan danışıblar.
Valter Stivens Azərbaycanın uğurlarından bəhs etdikdən sonra deyib: "...Bu baxımdan, icazə verin narahatlıq doğuran bəzi məsələləri də qeyd edim. Söhbət ölkədə ifadə azadlığı, toplaşmaq azadlığından gedir. Müəyyən şəxslərin azadlıqdan məhrum olunması ilə bağlı bəzi məlum işlər var" (bax: əvvəlki mənbəyə). Yekunda isə Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qeyd edib: "Dağlıq Qarabağa gəldikdə, fikrimcə, siz Ermənistan prezidenti ilə Brüsseldə olduğunuz zaman prezident Tusk fikrini çox aydın şəkildə qeyd etdi. Biz çox istərdik ki, status-kvo deyil, siyasi nizamlanma tapılsın. Həmsədrləri bu baxımdan tam dəstəkləyirik" (bax: əvvəlki mənbəyə). Bu fikirlərə diqqət edin.
V.Stivens bilə-bilə ki, "müəyyən şəxslər" konkret cinayət əməllərinə görə həbsdədirlər, aydın surətdə onların azadlığa buraxılmasını tələb edir. Ancaq milyonlarla insanı yurdundan didərgin salmış, yüzminlərlə dinc adamın həlak olmasına səbəb olmuş, çoxlu sayda mülki vətəndaşı əsir almış Ermənistanın təcavüzkarlığına "dur" demir, ənənəvi olaraq ümumi sözlərlə "məsləhət" verir, ağıl öyrətmək istəyir. Cənab ifadə edir ki, həmsədrləri tam dəstəkləyir. Bu, həmin həmsədrlərdir ki, 20 ildən çoxdur münaqişənin həlli ilə bağlı heç bir real iş görməyib, passivlik nümayiş etdirib və ikili standartlarla işləyiblər. Bunları dəstəkləyirsiniz?
Fransanı təmsil edən Nokalas Suran da maraqlı mövqe bildirib. Bütövlükdə Helsinki Yekun Aktında dövlətlərin ərazi bütövlüyünün qorunması aspektində obyektiv fikir deyən səfir, yekunda düşündürücü tezis deyib. O, Cənubi Qafqazı nəzərdə tutaraq "biz terrorçuluğun mövcud olduğu regiondayıq" söyləyib (bax: əvvəlki mənbəyə). Gözləmək olardı ki, fransalı nümayəndə erməni terrorunun fəsadlarından bəhs edəcək. Lakin o, İŞİD məsələsinə işarə edərək, buna münasibət bildirilməsini istəyib. Bu da ikili standart nümunəsidir. Çünki Cənubi Qafqaz üçün bütün böyük faciələr birbaşa erməni terrorundan qaynaqlanıb. Bunu deməmək heç ədalətli deyil. Həmin faktı vurğuladıqdan sonra İŞİD, yaxud "əl-Qaidə"dən danışılmasını hər kəs başa düşər.
Nümayəndə heyətinə daxil olan digər səfirlər də təqribən eyni məntiqlə çıxış ediblər. Onları əsas olaraq Azərbaycanın Avropa Şurasından çıxıb-çıxmaması maraqlandırıb. Almaniyanı təmsil edən Mixael Flüger isə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü pozmasından söz salmadan, dövlət başçısından Ukraynanın ərazi bütövlüyünə münasibətini soruşub. Onu daha çox isə Azərbaycanın Avropa Şurasını tərk edib-etməməsi narahat edirmiş. Hətta çıxmamaqla bağlı Prezidentdən xahiş edib.
Təbii ki, bütün bunları başa düşürük. Lakin ölkə başçısı İlham Əliyevin Aİ nümayəndələrinin ifadə etdikləri fikirlərə verdiyi cavablar mövcud vəziyyəti dolğun və dəqiq ifadə edir. İlham Əliyev açıq, aydın və konkret ifadə edib: "Münaqişəyə yanaşma məsələsinə gəldikdə, xüsusilə də "Şərq tərəfdaşlığı" zirvə görüşü zamanı bizim gözləntimiz ondan ibarətdir ki, postsovet məkanında mövcud olan bütün münaqişələrə münasibətdə Avropa Komissiyası tərəfindən vahid yanaşma nümayiş etdirilsin. Əks təqdirdə, biz haqlı olaraq bunu ikili standartlar yanaşması kimi qəbul edəcəyik. Bu səbəbdən, Dağlıq Qarabağla bağlı yekun bəyannamənin mətnində ərazi bütövlüyünə dair məsələnin aydın ifadə olunması çox vacibdir" (bax: əvvəlki mənbəyə).
Mövqe aydındır. Azərbaycan bundan sonra da müstəqil xarici siyasətini davam etdirəcək. Avropa İttifaqı ilə də əlaqələr həmin prinsip əsasında inkişaf etdirilə bilər. Bakı regionda sülh və barışın tərəfdarıdır. Bunun üçün konkret addımlar atır. Yalnız Qərb mövcud vəziyyəti obyektiv qiymətləndirməli və konkret olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ikili standartlara son qoymalıdır. Eyni qayda ilə süni olaraq Azərbaycanda insan haqlarının pozulması hallarını axtarmağı dayandırmalıdırlar. Bununla bağlı Prezident Avropada dinc nümayişçilərin və etirazçıların üstünə it qısqırdan polisin olmasını xatırladıb. Azərbaycanda isə belə hallar yoxdur. Bunu nəzərə almalıdırlar.
Dövlət başçısı Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı ilə bağlı öz qətiyyətli mövqeyini bir daha təkrarlayıb. Bildirib ki, rəsmi Bakı strateji xarakter daşıyan və bərabərhüquqlu əməkdaşlığa əsaslanan əlaqələrin inkişafında maraqlıdır. Təklif verilib və ümid edilir ki, Brüssel sammitində müəyyən nəticələr əldə ediləcək.
Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edərkən ifadə etdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan müstəqil mövqeyindən heç bir halda çəkilməyəcək. Onun istənilən beynəlxalq təşkilatlarla əlaqələri yalnız bu çərçivədə qurula bilər. Konkret Avropa Şurasına gəldikdə isə, ölkə rəhbəri əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətli olduğunu ayrıca vurğulayıb. Bu o deməkdir ki, Azərbaycanın maraqlarına uyğun olmayan məqamlar davam etsə, ölkə həmin təşkilatı tərk edə bilər və bundan Aİ də zərər görər. Çünki Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi bütün sahələrdə səmərəli, sivil, demokratik ruhlu əməkdaşlıq aparan ölkədir. Bu regionda Azərbaycanı başqa heç bir dövlət əvəz edə bilməz!
Kamal Adıgözəlov
Newtimes.az
Paylaş: