Xəbər lenti

 

Aydın Şükür

Hələ ki ölkə siyasətində özünübəyəndirmə yarışı gedir. Belə bir yarışı aparanların da, özünübəyənmə xəstəliyi var. Özünü bəyənmiş bir çox “dəstələr” var ki, tısbağa kimi çıxdıqları qınlarını bəyənmir, xalqın ünvanına həqarət edir, xalqın yox səviyyədə olduğu barədə ironik yanaşmalarla özlərini “ağıllı” sayır, xalqın əfəndisi olmaq həvəsinə düşürlər. Xalqı savadsız hesab edən bu əbləhlər elə sanırlar ki, başlarını soxduqları kollar da, açıqda qalan quyruqları da görsənmir. Xalqdan, vətəndən, dövlətdən danışmağı pafos, özlərini avropasayağı “mütəfəkkir” hesab edirlər. Dünyaya özlərini ağıllı, xalqımizi isə çoban-çoluq kimi tanıdırlar. Yox başları ilə hesab edirlər ki, xalqdan yox, Qərbdən dəstək alıb hakimiyyətə gələcəklər. Özlərini xalqın dəstəyinə deyil, Qərbin dəstəyinə hazırlayırlar. Qərbin verdiyi təlimatlarla məhdudiyyət içərisində fəaliyyət göstərib özlərini azadlıq carçısı hesab edirlər. Özlərini savadlı göstərmək üçün, 5-10 “importnu” kitab əzbərləyib tutuquşu kimi ötərək “savadlarını” gözə soxmağa çalışırlar. Qarabağ məsələsində, xalqın ümidini qırmağa səy göstərir, bu barədə söhbət düşəndə “müdrikcəsinə” qımışmaqla , “bu, beynəlxalq məsələdir” deyərək, ölkəmizə qarşı olan beynəlxalq güclərə tulalıq etməkdən çəkinmirlər. Tam bağımsızlıqdan söhbət düşəndə, müstəmləkəçi güclərdən aldıqları təlimatlarla “ağıllı-ağıllı” danışıb bunun mümkünsüzlüyünü cəmiyyətə sırımaqla, onun özünümüdafiə əzmini qırmağa çalışırlar. Mövcud hakimiyyətə qarşı ideoloji mübarizə, fərqli, sağlam düşüncə tərzinin, yeni təfəkkürün hakim olması istiqamətində savaş aparmaq əvəzinə, sosial-iqtisadi narazılıqları tutuquşu kimi sadalayırlar, heç bir təsir göstərə bilməyəcəkləri məmur özbaşınalığını “qabartmağın” “böyük siyasi cəsarət” olduğunu insanlara sırıyırlar. Cəmiyyətimizdə yaradılmış iyrəncliklərin, hüquqsuzluqların, özbaşınalıqların səbəbini-hakimiyyəti aradan qaldırmaq istiqamətində iş aparmaq əvəzinə, nəticələri sadalamaqla bunun üzərində “qəhrəmanlıq” yarışı aparırlar, “bunlar möhkəm oturublar” təbliğatı ilə hakimiyyətin yenilməzliyini təbliğ edib, xalqı ümidsizliyə sövq edirlər. Hakimiyyətdən bəhrələnib, hakimiyyətdəkilərin ciblərinin pulunu “saymağı” siyasət olduğunu cəmiyyətə sırıyırlar. Sağlam cəmiyyətin formalaşması istiqamətində maarifləndirmə işi aparmaq əvəzinə, aldada biləcəkləri kütlələrin “ovuna” çıxırlar, onlara yanlış təfəkkür aşılamaqla məşğul olurlar. Bununla da insanlar arasında ruh düşgünlüyü yaratmaqla, imperialist güclərin niyyətinə və onların qurduğu hakimiyyətin ömrünün uzanmasına nökərçilik edirlər. Cəmiyyətə demokratik düşüncə tərzini deyil, özlərinin avantürist fikirlərini aşılamağa cəhd edirlər. Demkokratiyanı milli mübarizəyə itaətsizlik kimi təbliğ edib, vətəndaş həmrəyliyinin formalaşmasına, xalqın təşkilatlanmasına əngəllər yaradırlar. İnsanları ideoloji sistemin deyil, şəxslərin arxasınca getməyə çağrmaqla şəxsiyyətə pərəstiş xəstəliyinin köklərini qoruyurlar. Verdikləri məsuliyyətsiz “siyasi “proqnozlar” la fırıldaqçı falçılıqdan fərqlənmirlər. Sosial şəbəkələrdə,”layk”ların sayının yarışını aparmaqla dəstələşmə aparır, öyünür, özünübəyənmə xəstəliklərindən “həzz” alırlar.

Bu kimi siyasi “şayka”lar, Azərbaycan xalqından, Azərbaycandan və Azərbaycan dövlətindən başqa hər cür işə qulluq edirlər. Ölkəmizə qarşı aparılan təxribatın maşası kimi vətəndaş cəmiyyətinin formalaşmasına əngəl olur, mövcud rejimin ömrünün uzanmasına xidmət edirlər. Bunların içərisində, hər cür mütəxəssis, bir neçə dil bilən “savadlılar”, elmi dərəcəsi olan “alimlər” də var. Bununla da, “şayka” halında xalqa qarşı fəaliyyət göstərən belə xəstəbaşlılar, təkcə xalqa, vətənə və dövlətlətə deyil, özlərinə, öz ailəsinə, öz övladına da xəyanət edirlər.

Yuxarıdakı bütün qeyd olunanlarla, bu sətrləri oxuyan hər kəs hər gün rastlaşır, ama əhəmiyyət vermədən ötür. Sayğılı və dəyərli insanlardan umulur ki, həm Qərbin, həm Şərqin, həm Şimalın, həm də Cənubun ölkəmizdə dil-dil ötən tutuquşularına biganə qalmasınlar, onları hər məqamda təqib edib susdursunlar. Bütünlükdə tarixi təcrübələrdən məlum olub ki, dünyanın hər yerində, o xalqlar normal yaşayırlar ki, həmin xalqların vətəndaş həmrəyliyi yaranır, milli iradəsi müəyyənləşir, güclü cəmiyyətləri ərsəyə gəlir və bütün bunların əsasında xalqa xidmətkar hakimiyyəti, qüdrətli dövləti olur.




Ana səhifəyə qayıt        Baxış: 1 058          Tarix: 26-11-2017, 09:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma