Bilindiyi kimi, sonuncu rus çarı II Nikolay ailəsi ilə birlikdə 1918-ci ilin iyulun 18-dən 19-na keçən gecə Ural vilayət fəhlə şurasının icraiyyə komitəsinin qərarı ilə “İpatyev evi” adlanan məkanda güllələnib.
Lakin sui-qəsd nəzəriyyələrinə aludəçiliyi ilə tanınan rus xalqının bir qisminin fikrincə, qətl yəhudilər tərəfindən, özü də “xüsusi Kabbala ayinlərinin həyata keçirilməsi” ilə baş verib.
Bir müddət bundan öncəyə qədər yalnız dəlilərin inandığı bu verisya artıq dövlət tərəfindən də ciddiyə alınıb.
Rusiya Təhqiqat Komitəsi çar ailəsinin qətli ətrafında gedən bütün versiyaların, o cümlədən “ayin nəzəriyyəsi”nin “araşdırılacağını duyurub.
Dövlətin rəsmi orqanı tərəfindən səsləndirilən bu bəyanat Rusiyada yaşayan yəhudi icmalarının qəzəbinə səbəb olub.
Fransanın “le Figaro” qəzetinin müxbiri Pyer Avrilin yazdığıına görə yəhudi təşkilatları Rusiya Pravoslav Kilsəsinin gizli dəstəyi ilə söylənilən bu fikirlərə görə Putindən kömək istəyirlər.
Bu həftənin bazar ertəsi çar ailəsinin qətli ilə əlaqədar Moskvanın və bütün Rusiyanın patriarxi Kirilin iştirakı ilə keçirilən konfransda söylənilənlər qalmaqalı daha da böyüdüb.
Qeyd olunur ki, öldürülən çar ailəsinin üzvlərinin qalıqları 1993-cü ildə aşkar edilib götürülüb. Lakin bununla bağlı başladılan hüquqi araşdırmanın nəticələri nə kilsəni, nə də məhkəməni, yəni dövləti qane edir.
“Çar ailəsinin öldürülməsi faktı ilə əlaqədar bütün mümkün fakt və versiyalar, o cümlədən, meyidlərin sulfat turşusunun və alovun köməyi ilə məhv edilməsi, başlarının kəsilməsi, habelə onların xüsusi ritualla öldürülməsi yoxlanılmaqdadır”, - Rusiya Federasiyası Təhqiqat Komitəsinin mühüm işlər üzrə böyük müstəntiqi Marina Molodsovanın bəyanatında deyilir.
Pyer Avrilin fikrincə, təhqiat komitəsi həm məhkəmə, həm də polis funksiyalarını həyata keçirən , həmçinin siyasi müxalifətə qarşı təqibləri icra edən orqan kimi birbaşa Kremlin göstərişlərini icra edir.
Müəllif bu məsələdə paravoslav kilsəsinin xüsusi canfəşanlığına və qızışdırıcılıq funksiyasına diqqət çəkir.
“Biz ayinli qətl veriyasına olduqca ciddi yanaşırıq”,- Rusiyada Putinin şəxsi keşişi hesab edilən və Tixon ata kimi tanınan yepiskop Tixon Şevkunov verdiyi bəyanla daha da irəliyə gedib.
Tixon ata
Müəllifin fikrincə, iki bəyanat Rusiyada iki əsrdir davam edən antisemit xarakterli sui-qəsd nəzəriyyələrinin əslində təzahür formasıdır. Rusiyada əhalinin bir qismi hələ də yəhudilərin xristian uşaqları ayin icra edilməsi məqsədləri ilə öldürdüyünə və onların qanlarını içdiyinə inanırlar.
“Bu cür cəfəng fikirlərin səslənməsi belə dəhşətlidir. Mən bilmirəm bu hardan insanların ağlına gəlir. Ya axmaqlıdan, ya da cəhalətdən.... Hər halda bu məsələ Rusiya cəmiyyətinin dəhşətli deqradasiyasının bir göstəricisidir və dərhal həm kilsə, həm də dövlət tərəfindən bunlara reaksiya verilməli və müdaxilə edilməlidir”, - Rusiya Yəhudi icmaları federasiyasının spikeri Borux Qorin müəllifə bildirib.
Borux Qorin
“Yəhudilərin ayinli qətllərdə ittiham olunması bu vaxta qədər minlərlə insanın qanının axıdılmasına gətirib çıxarıb”, - yəhudi muzeyinin direktoru Aleksandr Boroda qeyd edib.
Yəhudi icmaları 1911-ci ilin martın 11-də Ukraynada Kiyev-Sofiya Ruhani Məktəbinin 12 yaşlı şagirdi Andrey Yuşinskinin Menahem Mendel Beylis adlı yəhudi tərəfindən öldürülməsi faktı ilə bağlı gedən məhkəmə prosesini xatırladırlar. Bu hadisə tarixə “Beylis işi” kimi düşüb. Sonradan Beylis məhkəmə tərəfindən bəraət alsa da, həmin illərdə gedən məhkəmə prosesi zamanı xeyli yəhudi vətəndaş zorakılığa məruz qalmışdı.
Konkret olaraq çar ailəsinin öldürülməsi faktına gəlincə, antisemit nəzəriyyəçilərini fikrincə, bununla bağlı əmr həmin dövrdə bolşeviklərin liderlərindən sayılan yəhudi əsilli Yakov Sverdlov tərəfindən verilib, yenə də yəhudi əsilli Yakov Yurovskinin rəhbərliyi altındakı qrup tərəfindən icra edilib. Yurovskinin güllələnmə zamanı hansısa kabbala ayinini də yerinə yetirdiyi söylənilənlərin arasındadır.
Yakov Yurovski (solda), Yakov Sverdlov
Müəllifin qeyd etdiyinə görə, Rusiya təhqiqat komitəsi hələ ki olan-bitənə reaksiya verməyə tələsmir. Moskva patriarxı yəhidi icmalarının sorğularına cavab verməkdən boyun qaçırır. Tixon ata isə jurnalistlərin təkidli suallarına cavab olaraq II Nikolayı qətlə yetirən “sadist cinayətkarlar və banditlər tərəfindən hansısa ayinin icra edilidiyini” söyləməklə kifayətlənib. Tixon bu cür fikirlərin əslində antisemit məzmun xarakteri daşıdığına dair rəylərdən xəbəri olmadığını qeyd edib.//Musavat.com
Paylaş: