“Donald Tramp o qərarı qəbul edərsə, İsrail ilə Fələstin arasındakı münaqişə yenidən öz qaynar mərhələsinə geri qayıdacaq və daha da dərinləşəcək”.
Bu sözləri Publika.az-a politoloq Zərdüşt Əlizadə ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi qəbul edəcəyi məsələsinə münasibət bildirərkən deyib.
Politoloq bildirib ki, Trampın belə bir qərarı çox sayda insan tələfatına yol aça bilər:
“Bu addımla birlikdə münaqişənin həlli imkanları xeyli zəifləyəcək. Nəticədə də sülhdən danışan Amerika münaqişə ocağına bir vedrə benzin tökmüş olacaq. Bu addımı atmaqda məqsəd isə sionist işğalçılara dəstək verməkdir.
Amerika belə bir qərar qəbul etməklə ərəblərin qanuni və beynəlxalq hüquqlarını tapdalayır və ifrat radikal yəhudi millətçilərinə dəstək verir. Bunu etməkdə də tək məqsəd Amerika daxilindəki yəhudi lobbisini güclənmdirməkdir. Çünki sözügedən lobbinin Amerikada böyük gücü var. ABŞ öz mövqeyini xilas etmək naminə beynəlxalq hüququ, ərəbləri, müsəlman dünyasını təhlükəyə atır”.
Z.Əlizadə dünya ölkələrinin bu qərara birmənalı münasibət bildirməyəcəyini deyib:
“Kimsə özünü biabır edirsə, onun rəqibi ağıllı bir addım ataraq onu kənardan müşahidə etməyə başlayır. Bu məsələdə də Rusiya eyni mövqeyi tutur. Hələ 1979-cu ildə SSRİ Əfqanıstana səfehcəsinə giriş edəndə onun rəqibləri sevinirdi ki, SSRİ öz evini yıxır. İndi də Tramp tarixi təkrarlayır və Amerikanın dünyadakı nüfuzuna ciddi xələl yetirir.
Hazırda ərəb-müsəlman dövlətlərinin əksəriyyəti Amerikanın əlaltısıdır. Təbii ki, ABŞ-dan asılı olmayan müsəlman dövlətləri Fələstinə dəstək verəcək.
Amerika böyük və güclü dövlətdir. Lakin onun son 40 il ərzində həyata keçirdiyi siyasəti izlədikcə nə qədər səfeh qərarlar qəbul etdiyinin şahidi oluruq: Vyetnam müharibəsinin başlanmasından tutmuş, Əfqanıstan, İraq, Liviya, Suriyaya etdiyi müdaxilələrə qədər. İndi amerikalı siyasətçilər bütün bu hadisələri sadəcə bir səhv adlandırmaqla kifayətlənirlər. Ancaq bu “səhvlər”in nəticəsində milyonlarla insanın həlak olmasına, əzab-əziyyət çəkməsinə, yurd-yuvasından didərgin düşməsinə göz yumurlar.
İndi də Trampın növbəti “səhv”i minlərlə insanın gələcəyini təhlükə altına atacaq və Amerikanın nüfuzuna ciddi zərbələr vuracaq. Onun bircə yanlış qərarının acısını isə bütün bəşəriyyət çəkəcək.
Donald Tramp yalnız özünü, öz şəxsi maraqlarını düşünür. O fikirləşir ki, bu addımı atarsa, Amerika daxilindəki yəhudilərin rəğbətini qazanacaq. Amerikanın milli maraqları Donald Trampın qətiyyən vecinə deyil”.
Paylaş: