Xəbər lenti

Məhəmməd Mahmud

“Middle East Eye” (Böyük Britaniya)

 

Ailə televizor qarşısında toplaşıb, “Bollywood” filmini seyr edir, bəzən, xüsusilə gülməli səhnə gördükdə, qəhqəhə çəkirlər.

Bu zaman küçədə kiçik, göy rəngli tabut daşınır. Ah-nalə edib ağlayan qadınlar arasında ölən uşağın anası da var.

Yaxınlaşan izdihamı vecinə almayan qələbəlik divardakı televizorda “İsmaili” və Misirin aparıcı klubu olan “Əl-Əhli” arasındakı matça baxır; “Əhli”nin hər qoluna sevinir və alqışlayırlar.

Uşağın dəfn mərasimi davam edir.

Bu, Qahirənin “Ölülər şəhəri” kimi tanınan ərazisi üçün sıradan bir gündür. Onun sakinləri yaşadıqları yerdə hər gün eyni mənzərəni müşahidə edirlər.

"Başlanğıcda burada yaşamaq çox ağır və çətin görünürdü, amma bir müddət sonra alışırsan, artıq hər şey normal olur", – üç uşaq anası Səbrin deyir.

"Bəzən bizim də ölü olduğumuzu hiss edirəm, amma hələ torpağa basdırılmamışıq", – Sabrin əri Seyyid əl-Ərəbiyə baxaraq əlavə edir.

Əl-Ərəbi qəbiristanlıqda dünyaya gəlib və 67 yaşlı kişi övladlarının da ölülər arasında yaşamasından, yəni “ata-baba yolu” ilə getməsindən qorxur. O, təvazökar mülklərinə işarə edərək deyir: "Bunun oğlumun miras almasını istəmirəm, çətin və acınacaqlı həyatdır”. Onun “ev” adlandırdığı yerdə arvadı, oğlu və boşandıqdan sonra ata ocağına dönən iki qızı yaşayır.

Əl-Ərəbinin oğlu Əhməd onu əhatə edən apatiyadan istəksiz danışır. "Biz burada nəsildən-nəslə, çıxma şansımız olmadan yaşayırıq".

13 yaşlı oğlan arabası ilə hər gün 30 Misir funtu (1.68 $) qazanaraq, ailə üzvlərinə kömək etməyə çalışır.

"Bir çox insanlar bizim məsələni təbliğ etmək üçün gəlib foto çəkir və bəyanatlar verir, amma heç nə dəyişmir. Hətta siz də bizə kömək etməyəcəksiniz", – deyə “MEE”-nin müxbirinə irad tutur.

1950-ci ildə əl-Ərəbinin atası Əbdül Həmid arvadı ilə birlikdə iş axtararaq Qahirə şəhərindən 35 kilometr cənubundakı Gizadan gəlib. Ailəsi üçün kiçik bir mənzilə sahib olmağa imkanı olmadığından o, Əl-Əzhər məscidi yaxınlığında yerləşən təxminən min illik qəbiristanlıqda, zəngin bir ailəyə məxsus türbədə məskən salıb.

Orada dəfn olunanlar arasında müğənni və aktyor Fərid əl-Atraş və bacısı Əsmahan kimi məşhurlar var.

Sakinlərdən bəziləri gözətçi kimi çalışır, qəbir qazır və qəbirlərə baxırlar, digərləri isə müxtəlif xidmətlər təklif edən satıcılar kimi çalışırlar.

Təxminən 200 kvadrat metrlik türbədə kiçik bir məzar otağı var. Müsəlman ailələr, kifayət qədər pullu olduqda, adətən, içində ən azı bir otaq olan qəbir yeri alırlar, burada ölülərinə ağı deyib dua oxuyurlar.

Bu otaqlarda ailə üzvləri həftə sonu və ya dini bayramlarda ölən qohumlarını ziyarət edərkən, həm də yorğunluqlarını alır, istirahət edirlər.

Kiçik otaqda bir neçə mebel və həyat əlamətləri görünür. Ailənin bir çarpayısı, iki yatacaq-divanı, kiçik paltaryuyan maşını və kiçik bir televizoru var.

Qida əsasən düyüdən, makarondan, kartofdan və paxla bitkilərindən ibarətdir və köhnə plitə üzərində hazırlanır. Onlar nadir hallarda ət və ya toyuq ala bilərlər.

"Günaşırı yemək yeyirik və heç vaxt artıq ərzağımız olmur, buna görə soyuducuya ehtiyac qalmır", – ailə başçısı deyir.

Əl-Ərəbi və Səbrin ilk dəfə görüşdüyü zaman, o da qəbiristanlıqda valideynləri ilə birlikdə yaşayırdı.

2008-ci ildə Misirin Milli Statistika Agentliyi açıqlayıb ki, yalnız Qahirə qəbiristanlıqlarında 1,5 milyon insan yaşayır, lakin bu rəqəm həmin tarixdən sonra yenilənməyib. 2017-ci ilin sentyabr ayında Məşğulluq və Statistika Mərkəzi İdarəsi (CAPMAS) Misir qəbiristanlıqlarında yaşayanların dəqiq sayının olmadığını bildirib.

90 milyondan çox əhalisi olan ölkədə 20 milyondan çox insan paytaxt Qahirədə yaşayır.

Əl-Ərəbinin ailəsi qonşuya məxsus, dizel yanacağı ilə işləyən kiçik generator hesabına elektrik enerjisi əldə edə bilir. Dizelə görə hər ay qonşuya 10-15 funt (0,56-0,84 $) ödəyirlər.

Türbənin xaricində, ancaq məzar otağına yaxın bir yerdə, taxta çəlləklərlə əhatə olunmuş çuxur hamam yeridir. Yuyunma və tualet üçün ayrıca metal bidon yerləşdirilib.

2017-ci ildə açıqlanan rəsmi statistikaya əsasən, 40 min ailənin vanna otağı yoxdur.

"2017-ci ildə yaşayışımıza baxın. Təmiz suya, elektrikə və əsas ehtiyaclara həsrət qalmışıq ", – Əl-Ərəbi deyir.

Çəkməçi əl-Ərəbinin sabit gəliri yoxdur və onun ticarətinə tələbat çox azdır.

Həyatın ağır yükünə əlavə var: Səbrin ürək xəstəliyindən əziyyət çəkir və ayda təxminən 250 funt (14 $) olan dərman preparatlarını haqqını ödəyə bilməyəcəyi faktdır. Xoşbəxtlikdən, bir yerli xeyriyyə təşkilatı onun müalicə xərcini ödəməyi və hətta ürək əməliyyatını maliyyələşdirməyi təklif edib.

“Gözü açıq yatıram”. Bunu qonşu türbədə yaşayan, köynək və ayaqqabı da daxil olmaqla, xırdavat satan 63 yaşlı Yunis İbrahim deyir.

Səkkizin oğul atası taxta çubuqlar və plastik torbalardan istifadə edərək türbənin əsas girişindəki boşluğu bağlayıb. Bu, ailəsi gecə yatmağa çalışarkən soyuq havanın içəri girməsinə imkan vermir.

"İstədiyim yeganə şey mənim və ailə üzvlərinin bağlaya biləcəyi qapıdır. Gözü açıq yatıram, çünki quldur basqınından qorxuram”.

Yunis İbrahim diqqəti türbə ətrafındakı hasarın yastı olduğuna və buna görə də, istənilən adamın onun üzərindən atılıb içəri keçə biləcəyinə çəkir.

2000-ci ildə Yunis və ailəsi 16 ay ərzində 250 funt (14 $) aylıq icarə haqqını ödəmədiyindən Seyyidə Zeynəb məhəlləsindəki evlərindən çıxarılıb. Bu gün onlar sahəsi yeddi kvadrat metrdən çox olmayan kiçik bir otaqda yaşayırlar.

"Səkkiz oğlum və bir qızım var. Əmək haqqım o dövrdə 500 funtdan (28 $) çox deyildi. Kirayə və gündəlik xərclərin çoxunu ödəyə bilmirdim, – deyir. – Buraya köçürmək məcburiyyətində qaldıq, çünki kirə haqqı aşağıdır. İndi 100 funt (5,60 $) ödəyirik və mən bu haqqı ödəyə bilirəm".

2000-ci ildə özü və ailəsi qəbiristanlığa köçdükdə, gözətçiyə ayda 40 funt (2.24 $) ödəyiblər. O zamandan bəri bu haqq 100 funt (5.60 $) artıb. Buradakı bəzi gözətçilər qanunsuz olaraq sakinlərə qəbir yerlərini icarəyə verirlər.

2016-cı ildə CAPMAS açıqlayıb ki, Misirli əhalinin təxminən 27,8 faizinin illik gəliri 6 min funtdan (340 $) azdır, yəni onlar yoxsulluq həddindən aşağı səviyyədə yaşayırlar.

Misirin milli valyutası 2016-cı ilin noyabr ayında dollara nisbətdə ucuzlaşdığından qiymətlər artıb.

Taleyin kinayəsi ilə Yunis "Xalqın arzusu bizə verilən əmrdir" plakatının qarşısında dayanıb. Bu plakat yerli müzakirələrdə (tok-şoularda) aparıcı Amr Adibin əsas məhsullara endirimləri təşviq etmək üçün başlatdığı kampaniyanın bir hissəsidir.

"Hər şey hələ də bahadır", – deyə gülən Yunis ailəsi üçün mənzil arzusundadır. Yerin fərqi yoxdur. "Ancaq bu, çox çətin məsələdir. Avansı necə ala bilərəm? 1000 funtum (56 $) olsaydı, ailəm üçün ərzaq alardım".

Qahirənin əsas küçəsinin – Salah Salimin digər tərəfində “əl-İmam əl-Şafei” qəbiristanlığı yerləşir. Orada 45 yaşlı Mahmud əl-Saidi başqa bir ailə ilə iki otaqlı türbəni paylaşır. Məkan nisbətən böyükdür.

Yeddi övlad atası 2005-ci ildən bəri orada yaşayır. Həmin vaxt onun aylıq kirayə haqqı 60 funt (3,36 $) idi, lakin bu gün kirayə 120 funtdur (7 $).

"İcarə haqqını ödəyə bilsəydim, əsla ölülərlə yanaşı yaşamazdım… Əvvəlcə çətin idi. Hətta yuxuya gedə bilmirdim. Axı ölülərlə birlikdə yaşayıram. Daha sonra hamımızın ölü olduğunu başa düşdüm. Bütün həyatım belə keçəcək”.

Qahirə valiliyinin sözçüsü Xalid Mustafa “MEE”-yə deyib ki, "hökumət gecəqondu sakinlərinin problemini prioritet hesab edir”.

Misir qəbiristanlıqlarında yaşayan insanların dəqiq sayını verməkdən imtina edərək, Mustafa daha çox onların cənubi Qahirədəki "Əl-Asmarat", ya da Qərbi İsgəndəriyyədəki "Qait əl-Anab” məhəllələrinə köçürüləcəyindən ətraflı danışır.

“Əl-Şafei” ərazisində qəbiristanlıq əhalisinə qida, tibb ləvazimat və digər məhsullar kimi əsas ehtiyacları təmin edən QHT-də çalışan fəal Midhət hökumətin Misir cəmiyyətinin bu sektoruna diqqət yetirmədiyi fikrindədir. "Görünür, hökumət onilliklər ərzində bu insanları unudub".

Bir-birini əvəzləyən Misir hökumətləri inkişaf və dəyişiklik sözü verib, ancaq buna nail olunmayıb.

Yerli kütləvi informasiya vasitələrinə görə, qəbiristanlıqlar günahkarlar və narkotik satıcıları üçün qalalardır və onlardan sığınacaq kimi istifadə olunur.

Midhət deyir: "Bu insanlar eyni hüquqlara malik normal insanlar kimi tanınmalıdırlar".

Əl-Ərəbi əlavə edir: "Mən bu məzarın içərisində bütün həyatımı yaşadım, evləndim və uşaqlarım dünyaya gəldi və elə buradaca öləcəyəm".

 

Tərcümə: Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 1 462          Tarix: 28-12-2017, 17:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma