Xəbər lenti
Dünən, 19:25

 

Ötən günlərdə, yazmışdım ki, “2020-ci ildə haqqında ən çox danışılan ölkə Liviya olacaq”. Sonra da əlavə etmişdim: “Nə Berlin, nə də başqa bir paytaxt Liviyaya sülh gətirə bilməz”. Bu, bəzilərinə görə, iddialı bir cümlə idi. Ancaq qüvvələr balansı da ortada idi. Bilmirdilər. Halbuki savaşın tərəfləri də, onların istəkləri də bəlli idi. Sadəcə burada onu görənlərin sayı az idi.

General Həftər Pentaqonu, ABŞ Müdafiə Nazirliyini, Rokfeller ailəsini, yəni nəhəng bir strukturu təmsil edir. Arxasında dünyanı talan edən neft şirkətləri vardır. Liviyanın zənginliyini kiməsə buraxmaq niyyətləri də yoxdur. Suriyada etdiklərini oxşar formada burada da etmək istəyirlər.

İŞİD quruldu, YPG yaradıldı, Suriya qarışdı. Savaş böyüdü. Milyonlarla insan evindən, yurdundan məhrum oldu. Sonda ABŞ gəlib neftin üzərinə çökdü. Doğrusu, yeganə istədikləri şey də bu idi.

Başqa örnəklər də vardı. Bu səbəblə, yazdım ki, “Berlindən nəticə də çıxmaz, sülh də çıxmaz”.

Baxın, dünən nə oldu? Xəlifə Həftərin idarə etdiyi, 71%-i müsəlman olmayan struktur Trablus hava limanını rus raketlərilə vurdu. Mitiqa Hava Limanına 6 qrad raketi göndərən Həftər, “sülh də yoxdur, atəşkəs də” deyirdi.

Doğrusu, atəşkəs sülh istəyənlərin tutmaq istədikləri budaq idi. Nə bu adamın, nə də arxasındakı güclərin belə bir istəyi yoxdur. Savaş davam edəcək. Yayılacaq. Suriyada yaşanan faciələrdən daha betərləri olacaq…

Bir az özəl məsələlərə girərək davam edək. Bəlkə, hadisələri daha etibarlı pəncərədən görə bilərik. Beləliklə, Liviyaya çökən Həftərin əslində kim olduğu daha dəqiq anlaşılar.

Təqribən 5 il öncə, 2015-ci ildə Pentaqon məşhur beşkünc binasında Həftəri özəl bir mərasimlə qəbul etdi. Nəticədə Liviyanın yeni lideri seçilirdi. Bu, az şey deyildi. Böyük diqqət çəkəcək şəkildə təqdim edə bilmələri üçün Həftərə bir hərbi rütbə lazım idi. Elə bir şey edilməli idi ki, Həftərin özü belə inanmamalı idi. Elə də oldu. Ağıllı adamlar idilər. Həftərə ordu generalından böyük rütbə təqdim edildi. Həftər feldmarşal oldu.

Verilən rütbədəki 5 ulduz Pentaqon binasının 5 küncünü təmsil edirdi. Ən azı, onun qədər maraqlı olan bir detal da var idi. 5 ulduz Liviya nefti uğrunda mübarizə aparan 5 böyük ABŞ şirkətini – “ExxonMobil”, “Chevron”, “Phillips 66”, “Schlumberger” və gizli div kimi tanınan “Valero Energy”ni də təmsil edirdi.

Liviya neftinin bu 5 şirkət arasında bölünməsi haqqında anlaşma 2015-ci ildə imzalandı. Marşal da buna imza atdı. Ortada hələ, bugünkü kimi, Liviya problemi yox ikən, kimsənin gündəliyində belə olmadığı halda, imzalar atıldı. Dövlət başçısı kimi davranan Həftər də nefti verməkdə bir problem görmürdü.

Bu 5 şirkətin ikinci hədəfi də, əlbəttə, Aralıq dənizi nefti olacaqdı. BP, “Chevron Corporation”, “Eni”, “ExxonMobil”, “Royal Dutch Shell”, “Total” və əlbəttə, “ConocoPhillips”in bir arada olduğu, “Big Oil” kimi tanınan bu enerji ortaqlığının ilk öncə Liviyada yer alması nəzərdə tutulurdu. Ancaq “dərin Amerika” Liviyada sadəcə ABŞ şirkətlərinin söz sahibi olmasını istədi. Bu səbəblə, orada “ExxonMobil”, “Chevron”, “Phillips 66”, “Schlumberger”  “Valero Energy”nin yer almasına qərar verildi.

Həftərin Moskvada masadan qalxması, Berlində heç bir anlaşmaya imza atmaması təbiidir. Çünki bu iki masa, yəni Moskva və Berlin onu başqa bir ortaqlığa doğru itələyir. Onu böyüdən Vaşinqton isə Liviya ilə bağlı imzanı çoxdan atdırıb. Yəni, yeni bir imzaya ehtiyac yoxdur. İş 2015-ci ildə bitib. ABŞ-ın nə atəşkəs, nə də sülh üçün tək bir addım belə, atmasına ehtiyac yoxdur. Pərdə arxasında nələrin baş verdiyini bilən çox adam olmadığı üçün həqiqi sifətlərini gizlədə bilirlər.

Durum belə olduğu halda, Həftərin nə atəşkəs, nə də sülhlə bağlı heç bir anlaşmanı qəbul etməyəcəyi ortaya çıxır.

Fransa və İngiltərə, ən azı, Liviya nefti üçün “Big Oil”i önə çıxarmaq istədi. Ancaq Vaşinqton buna mənfi cavab verdi. Təbii ki, İngiltərə Həftərin imza atdığı ABŞ-ın “Böyük 5” planını əngəlləmək istəyəcək. Ancaq bu, Həftərin verə biləcəyi bir qərar deyil. Sahibləri var, son sözü də onlar söylərlər. Həftər Vaşinqtonun, daha doğrusu, “dərin Amerika”nın əmrlərini yerinə yetirən bir əsgərdir. Rolu budur.

Digər tərəfdən, xüsusi rütbəsilə gələcəkdə Liviyanın dövlət başçısı olmaq xəyalını qurur. Bu da son dərəcə təbiidir. Həftərin uşaqları Belqacem  Səddamın təhsil haqları haradan gəlir? “ExxonMobil”  “Chevron”dan. Yaxşı, bu iki nəhəng hər qarşılarına çıxana burs verirmi? Əsla. Yəni, Həftərin dövlət başçısı olacağı illər öncə bəlli idi.

Dünyanın ən güclü şirkətləri olan “ExxonMobil” və “Chevron” hər kəsə burs verən şirkətlər deyil ki… Yəni, burada təsadüf yoxdur.

ABŞ vaz keçməzsə, Həftər Liviyanın başına gətiriləcək. Buna qarşı çıxan da yoxdur. Adamla görüşməyən Qərb dövləti, demək olar ki, qalmadı.

Əsil üzərində durulmalı olan məsələ ABŞ-ın yeni mövqeyidir. ABŞ artıq açıq şəkildə oyun oynamağa başlayıb. Həftəri açıq şəkildə dəstəklədi, 5 enerji şirkətinin Liviyada olması üçün də gizli addım atmadı. İranı vurarkən də gizli davranmadı. İraq Baş naziri Mehdini təhdid edərkən də gizli yolu seçməyən bir Vaşinqton gördük.

Bu, böyük təhlükədir. Çünki Vaşinqton əvvəllər planını gizli qurardı, hər kəs həqiqəti yalnız plan başa çatdıqdan sonra anlardı. İndi planını qurur, elan edir və həyata keçirir.

Təbii ki, bunun təsiri daha çox hiss edilir. Orta Şərq qarışdı, Afrika da qarışacaq. Fransa Afrika ilə bağlı yeni qərar aldı. Afrikanın bir çox ölkəsinə yeni hərbi qüvvələr göndərəcəyini açıqladı. Yəni, Afrikada ABŞ-la qarşı-qarşıya gəlməyi qəbul etdi. Çünki Fransa Afrikanı itirərsə, vətəndaş müharibəsilə üzbəüz qalacaq. Vətəndaş müharibəsi baş verdiyi halda, Fransa adi bir ölkə səviyyəsinə düşər. Əlbəttə, Yelisey sarayı buna izin vermək istəməyəcəkdir. ABŞ-a gücü çatmayacaq, sadəcə pay almaq üçün önləyici tədbirlər görməkdədir. ABŞ-dakı bəzi ağıllı adamlar bu barədə yazmaqda, danışmaqdadırlar.

ABŞ-ın Avropa üçün də böyük bir planı – nəzarət altında saxlana biləcək Rusiyadan asılı olan bir Avropa planı vardır. Bu, ardınca Rusiyanın əlindəki gücün tamamilə Vaşinqtona bağlanmasını nəzərdə tutan bir plandır.

Rusiya heç bir zaman ABŞ qarşısında dura biləcək bir güc olmadı, ola bilmədi. Vaşinqton Moskvanı güclü göstərərək, Avropanı işğal etdi. Bu üzdən, Rusiyanı superdövlət olaraq görmək çox böyük yanılmadır.

Üstəlik, ABŞ-la Rusiyanın Liviya və Suriyadakı ortaqlığı da, doğrusu, çox açıq ortadadır.

Digər tərəfdən, “ingilis dərin dövləti”  Rotşildlər belə, Rusiyadan çox güclüdür.

Ancaq Almaniya üzərindən Vaşinqtona doğru meyllənən bir Rusiya görüntüsü vardır. Diqqət edilməli məsələ də budur. Önəmli olan pərdə arxasını görə bilməkdir.

ABŞ Vatikan, Almaniya, Rusiya və Ərəb Liqasını da yanına alarsa, işlər daha da çətinləşər. Gedişat da bu yöndədir.

Bəs Türkiyə necə olacaq? Ankara hər bir şərtdə qazanan tərəf olacaq. Çünki mərkəzində olduğumuz bir coğrafiyada bizə rəğmən, hər hansı bir iş olmaz, ola bilməz. Bunu bilməyən də yoxdur. Suriyada bunu öyrəndilər.

Bütün bunlara baxmayaraq, hadisələrin inkişafını çox yaxından, yaxşı izləmək şərtdir. Çünki hazırda sürprizlər üçün uyğun, həm də çox uyğun olan bir iqlim mövcuddur.

 Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 1 147          Tarix: 28-01-2020, 14:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma