Ərgün Dilər
“Takvim”, Türkiyə, 25 fevral 2020-ci il
Uzaqdan baxılarsa, sıxıntı içində olan ölkələrin siyahısının başına Çinin adını yazmaq şişirtmə olmaz. Çində ortaya çıxan koronavirus ölkəni rəsmən əsir aldı. Milyonlarla şirkət çökdü. Banklarda pul yoxdur. İşsizlik və can qorxusu böyük sürətlə yayılmaqdadır.
Çini vuran, əsir alan virus bir anda özünü İranın Qum şəhərində göstərdi. Ölü sayının da, yoluxma hadisələrinin də rəsmi açıqlamalara nisbətən daha çox olması fikri irəli sürülür. Biz də İranla sərhəd qapılarını bağladıq.
Eyni dərd İraqda da ortaya çıxdı. Günlərdir yazıram, ancaq Türkiyə, xüsusilə media bu məsələdən uzaqda qaldı.
Çin böyük bir gücdür. Bir virusun öhdəsindən gəlməsi çətin olmamalı idi. Dünən də bu fikirdəydim, bu gün də eyni fikirdəyəm. Çin bir virusla yıxılmamalı idi. Lakin mənzərə getdikcə pisləşir. Gəldiyimiz son nöqtə budur.
Koronavirusla bağlı necə şərh verilməsindən asılı olmayaraq, ortada bir reallıq var, o da Çinin ağır xəsarət almasıdır. Əksini söyləmək çox çətindir. Çin dövlət başçısı Şi Cinpinq yenə çarəsizlik açıqlaması verdi. O, “Virus hələ çox amansızdır, durum isə mürəkkəbdir. Bu, çox böyük böhrandır və bizi böyük bir imtahana sürüklədi. Sadəcə onu deyə bilərəm ki, Kommunist Partiyası hər bir addımı atacaqdır” dedi.
Şi Cinpinq durumu belə xülasə edincə, çarəsizliyi anlamaq çətin olmur. O, demək olar ki, diz çökdü. Bunu da açıqladı. Açıqladı, lakin koronavirus durmur, irəliləyir, can alır, pulları da əridir. Milyonlarla adam işsiz qaldı. Rəsmi qəbul edilməsə də, təqribən 900 milyon adam karantində saxlanılır. Ölkələr Çini xəritədən sildi. Dünyanın ən böyük şirkətləri 2021-ci il planlarında Çinə alternativlər nəzərdə tuturlar. Ümidverci açıqlamalar gəlsə də, koronavirusun təsirləri bir neçə ayda silinəcək kimi görünmür.
Çin ağlasığmaz addımlar atdığı üçün virusla qarşılaşdı. Bunu sadəcə mən deyil, bir çox ağıllı adam söyləməkdə, yazmaqdadır. Çin ABŞ-ın 100 ildə qurduğu sistemi dəlməyə girişdi. Bunun ən böyük göstəricisi “İpək yolu”dur.
Çin Mərkəzi Bankı çox güclü idi. 8 noyabr 2019-cu ildə verilən “Mərkəzi Bankdakı ehtiyat 3 trilyon 100 milyard dolları aşdı” açıqlaması da Vaşinqtona qarşı idi. Çin açıq meydan oxuyurdu. Bütün deyilən sözlərin, verilən açıqlamaların getdiyi ünvan bəllidir ki, Vaşinqton idi.
Pul çox güclü alətdir. Ancaq əsas olan o pulun davamlılığıdır. Çin bunu unutdu.
Təbii, Çin iqtisadiyyatına yön verən ingilis iqtisadçılar hazırda Pekinin hədəfindədirlər. Rotşild ailəsinin banklarında işləyən çox önəmli iqtisadçılar ildə 2 dəfə Çin dövlət başçısı Şi Cinpinqlə bir araya gəlirdilər. Bu görüşlər öz dərinliyinə görə misilsiz olurdu. Ancaq indi o şəxslər də hədəfdədirlər.
Ötən ilin iyul ayında da Pekində çox önəmli bir oteldə toplantı keçirildi. Çin Kommunist Partiyasının vəzifəli şəxslərinin ev sahibliyində keçirilən bu toplantıda ingilis iqtisadçılar Çinin div olduğunu söylədilər. Onun trilyonlarla dollar borcu olan ABŞ-dan daha üstün olduğunu anlatdılar. Bu deyilənlərə inanan və bu həqiqətləri bilən çox adam var idi. Bu, sirr deyildi.
Ancaq Çinin silahlı gücü ABŞ-la rəqabət aparacaq durumda deyildi. Məsələn, ABŞ-ın xaricdə yüzlərlə hərbi bazası var. Yaxşı, bəs Çinin xaricdə harada bazası var? Zamanı gələndə Çinin bu məsələdə də ABŞ-ı yaxalayacağı və keçəcəyi fikri irəli sürülürdü. Və Çin ABŞ-ı bitirəcəyini açıqlayırdı.
İqtisadçılar hərbi işi, hərbçilər də iqtisadiyyatı anlamazlar. Koronavirus sayəsində bunu bir daha gördük. Əgər Çin hərbi baxımdan güclü olsaydı, koronavirus planı baş tutmazdı. Kimsə bu həmləni bu qədər rahat şəkildə edə bilməzdi. Çin susaraq dərindən getmək yerinə, meydan oxuyurdu.
Yaxşı, bəs Çin bundan sonra nə edəcək? Xəstə bir ölkə durumundan necə çıxacaq? Bunun yeganə yolu Vaşinqtondan keçir. Lakin Vaşinqton bu məsələ ilə bağlı istəkli deyil. Çünki Çindən qaçmağa məcbur olan amerikan şirkətlərindən bəziləri Vaşinqtona qarşı idilər. Yəni, koronavirusu hazırlayanların böyük bir itkisi yoxdur. Əgər o şirkətlər Çindən çıxmaqla bağlı istəkli olsaydılar, heç koronavirusa ehtiyac da qalmazdı.
Dünyada güc balanslarını dəyişdirəcək bu virus sadəcə Çində qalmayacaq. Bir çox Avropa ölkəsinə, İran və Şimali Koreyaya da ciddi şəkildə təsir edəcək. Vaşinqtonun hər bir istəyini qəbul edən Yaponiya və Cənubi Koreya belə, müəyyən dərəcədə zərər görəcək.
Vaşinqton dəhlizlərində bu virusdan bəhs edilirdi. Bilderberq Qrupunun 2019-cu ildə İsveçrənin Montrö şəhərində keçirdiyi toplantıların bəziləri gizli idi. O toplantıların birində Çində bir virusun yayılması ehtimalından bəhs edilmişdi. Ancaq SARS virusunun uğurlu olmadığı önə sürülmüşdü. Və bu virusun Çinə böyük zərər verməsinin mümkün olmadığı ilə bağlı fikir birliyinə gəlinmişdi. Əslində, həmin toplantıda koronavirus müzakirə edilmişdi. Təəssüf ki, Şi Cinpinqə və Kommunist Partiyasının vəzifəli şəxslərinə “dərs verən” ingilis iqtisadçılar “Virus problem yaratmaz” demişdilər.
Bilderberq Qrupunun toplantısında iştirak edənlər arasında ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner, “Microsoft”-un İdarə Heyətinin sədri Satya Nadella, “Google”-un əfsanəsi Erik Şmidt, “Paypal”-ın milyarder qurucusu Piter Til və ABŞ-ın sabiq Xarici işlər naziri Henri Kissincer də vardı. Təəssüf ki, onların proqnozu özünü doğrultdu, bu həmlə Pekini çökdürdü.
Həmin ingilis iqtisadçılar artıq vəzifədə deyillər. Hamısı çox ağır hesab ödədi və hələ ödəyəcəklər. Tarixin yönü dəyişərkən onlar böyük bir xəta etdilər. Bir ingilis professoru Bilderberq Qrupunun toplantısında virusun yeni dünya müharibəsinin ən önəmli silahı olduğunu söylədi. Bunu dəfələrlə anlatdı, lakin kimsə ona inanmadı. Bu proses gözlənilirdi. Lakin bəziləri bu prosesin kimsə tərəfindən anlaşılmaması üçün “qaraltma” ilə məşğul oldular.
Bu prosesin nəticələrinin haraya gedib çıxacağını hər kəs yaşayıb görəcək. Planın sahibi virusu yayanlardır. Nə olacağını, harada duracağını da onlar bilir.
Bu arada Çin əvvəlki durumuna qayıda bilərsə, işlər daha da qarışar. Bu mümkündürmü? Əlbəttə. Ancaq indi Çin çətin vəziyyətdədir.
“İpək yolu”nda Çinlə birgə yürümək istəyən ölkələr də qəribə şəkildə virusla qarşılaşdılar. Ən son örnək də İtaliyadır. Virus orada həyata inanılmaz şəkildə təsir etdi, mağazalara hücum başladı, matçlar təxirə salındı, festivallar başqa bahar qaldı…
Milyonlarla Çin şirkəti batınca, banklar pul tapa bilmədi, bu səbəblə də verə bilmədi. Pekin ilk variant olaraq həmən ABŞ-dakı istiqrazlara sarıldı. Əgər vaxtından öncə çəkə bilərsə, oradan da milyardlarla dollar itkisi olacaq.
Çin rəsmən ağrı çəkərkən, onunla birlikdə hərəkət edən ölkələr panikaya düşərək nə edəcəyini bilməzkən, ABŞ Prezidenti Tramp qalxıb Hindistana getdi. Xarici mediaya sızan məlumatlara görə, çox böyük razılaşmalar əldə edildi. Görəsən, Trampı 1 milyon adamla qarşılayan Hindistan nə aldı? Yoxsa Çinin yerinə qoyulacaq namizəd ölkə oldu? Bilmirik.
Hər şey Çinin verəcəyi cavaba bağlıdır. Bu çarxı tərsinə döndərə bilməzsə, pul özünə yeni bir liman tapacaqdır. Çinin neytrallaşdırılması ilə birlikdə, bir çox ölkə həm iqtisadi, həm də siyasi baxımdan qarışacaqdır. Kimsə bundan kənarda qala bilməz.
Əgər hadisələrin axışı belə gedərsə, tarixi, “10 dollarlıq tarix”i (bu virusun 10 dollara başa gəldiyi nəzərdə tutulur – tərc.) yazan virus olacaqdır.
Strateq.az
Paylaş: