Xəbər lenti
Dünən, 19:25


Vaqif Mahmudov

Hazırda bəşəriyyət öz tarixinin ən gərgin və mürəkkəb dövrlərindən birini yaşayır. Dünya iki müdhiş qüvvəylə - koronavirus epidemiyası və bunun nəticəsində meydana çıxan iqtisadi təlatümlə qarşı-qarşıyadır. İkinci Dünya Müharibəsindən bu yana Yer kürəsində belə böyük miqyasda hadisə yaşanmayıb. Bu hadisənin əsas özəlliklərindən biri odur ki, müharibədə döyüşən tərəflər bəlli olsa da, bugünkü mövcud durumda düşməni heç kim görmür, çünki onun hücumu assimmetrikdir.

Qlobal hal almış sosial şəbəkələr biliyindən, dünya görüşündən və zəka potensialının səviyyəsindən asılı olmayaraq, hamıya istənilən mövzu barəsində danışmaq imkanı verir. Molekulyar biologiya və virusologiya sahəsinin son zamanlar güclü inkişaf etməsini əsas gətirənlər bioloji mühəndislərin viruslar üzərində sintetik mutasiya törədə bilməsini mümükün sayırlar. Amma hələlik heç kim “COVİD-19” kod adlı koronavirusun sintetik üsulla əldə edilməsinin mümkünlüyünə dair konkret fikir söyləyə bilmir.

Bəli, pandemiyadan xeyli əvvəl hansısa virus infeksiyasının dünyaya yayılacağı haqqında bədii və sənədli filmilərin çəkilməsi, beş il öncə Bill Qeytsin viruslar barəsindəki çıxışı müxtəlif konspirolji fikirlər meydana gətirir. Yaxşı bilirik ki, Bill Qeyts virusoloq və ya bioloq alim deyil. Ona görə də onun bu mövzuda danışması qəribə görünür. Elə həmin səbəbdən də deyilir ki, yaşanan hadisələr dünyanı idarə edən güclərin planıdır. Və bunu əsas gətirərək, həmin güclərin məqsədlərinin nədən ibarət olduğunu izah etməyə çalışırlar.




İndi qayıdaq koronavirusla bağlı aparılan təhlillərdən çıxarılan nəticələrə. Ortalıqda müxtəlif versiyalar gəzir. Qarşılaşdığımız mülahizələrdəki ən populyar iddiada bildirilir ki, bəşəriyyəti yeni dövrə - digital (yəni rəqəmləşdirilmiş-V.M.) eraya hazırlayırlar. Sözsüz ki, digitallaşdırma prosesi və onun kökündə dayanan transhumanizm nəzəriyyəsi xeyli vaxtdır mövcuddur və bu proses 1950-ci illərdə mikroelektronika sahəsinin və yarımkeçiricilər fizikasının irəliləməsi sayəsində inkişaf qazanıb.
Ancaq belə görünür ki, əsl səbəb digitallaşdırma məsələsindən daha dərin və daha qəlizdir. Çünki mikroelektronika bizim içərisində olduğumuz ictimai-iqtisadi strukturun - kapitalizmin məhsuludur. Yəni, daha böyük mexanizmin elementidir. Ən düşündürücü məsələ isə kapitalizmin necə işləməsi və haraya getməsidir. Digitallaşdırmayla bağlı fikrimi irəlidə söyləyəcəyəm. 

Tarixi prosesin tənzimlənməsi 

İstənilən mövzuya hansı prizmadan baxılması xüsusi əhəmiyyət kəsb edir. Baş verənlərin mahiyyətini dolğun və əhatəli anlamaq fikrindəyiksə, ilk növbədə hadisələrə ənənəvi trafaret qəliblərlə yanaşmamalıyıq.

Ən qəribəsi odur ki, bəşər övladı tarixdəki tənzimləyici mexanizmə diqqət yetirmir. Daha panoramlı və sistemli təhlil aparılması üçün bu vacibdir. Şübhəsiz ki, beyinləri məşğul edən suallara düzgün cavabı zamanın özü verəcək. Amma koronavirusun laboratoriyada yaradılıb- yaradılmamasından asılı olmayaraq, bilməliyik ki, sivilizasiyamız biosferlə necə üzvi vəhdətdədir və o, daim tənzimlənmə prosesindən keçir. “Bəlkə koronavirus bizi nəyisə dəyişməyə, nəyəsə hazır olmağa məcbur edir” sualı da verilə bilər. Çünki mühüm təbiət hadisələri - vulkan püskürmələri, güclü tektonik yerdəyişmələr, Günəş aktivliyi, Yerin öz oxu ətrafında fırlanmasından irəli gələn persesiya, okean cərəyanlarının hərəkəti, termoxalin sirkulyasiya və sairə bu kimi müxtəlif proseslər nəinki iqlim dəyişiklərinə səbəb olub, eləcə də bəşər tarixinin axarını müəyyənləşdirib. Bütün bunlarla birlikdə canlı aləmin təkamülündə iştirak edən virus və bakteriyaların törətdikləri çoxsaylı yoluxucu xəstəliklərin bəşəriyyətə göstərdiyi müdhiş təsirləri də qeyd etmək gərəkdir.

Tarixdə koronavirusdan qat-qat dəhşətli pandemiyalar yaşanıb. Orta əsrlərdəki “Yustinian taunu”, ”Qara ölüm” və 1918-1920-ci illərdəki “İspan qripi” kimi qırğınlar olsa da, insanlıq öz yoluna davam edib. Bütün tarix boyu cüzam, vəba, taun, tif, vərəm və sairə yoluxucu xəstəliklər insanlığı daim müşayiət edib. Odur ki, bəşər tarixinə müasir dövrün şərtləriylə baxmayaq. Həyat rahat olmayıb.



Digər tərəfdən tarixdə çoxsaylı kütəvi aclıqlar yaşanıb və bu aclıqların meydana gəlməsinin ən başlıca səbəbləri quraqlıq və güclü vulkan püskürmələri olub. Onu da qeyd edim ki, 19 və 20-ci əsrlərdə kütləvi aclıqlar nəticəsində tələf olanların sayı həmin dövrdəki pandemiyalardan ölənlərlə müqayisədə daha çoxdur.

İndi tamamilə yeni bir pəncərə açılır. “Haraya gedirik” sualına cavab verməmişdən oncə, biz indiki yerimizə hansı yollarla və necə gəlib çıxdığımıza baxmalıyıq. Yəni ki, hansı ictimai-iqtisadi və siyasi quruluşda yaşadığımızı yaxşı qavramalıyıq. Baş verənlərin ilkin qaynağına qədər enməliyik. Əsl mənbəni isə tarixin özündə axtarmaq lazımdır.

Biosferanın canlı məxluqlarından biri olan insanın qurduğu sivilizasıya 5000 il ərzində müxtəlif mərhələlər adlayaraq, indiki texnoloji eraya çatıb. Bu yol asan, rəvan və sadə olmayıb. Kapitalizm təxminən 500 il əvvəl təşəkkül tapsa da, onun sürətlənməsi əsasən 18-ci əsrə təsadüf edir. İnsanlıq təbiətdəki fundamental qanunların vahid bir sistemə bağlı olduğunu təxminən 300 il bundan öncə dərk etməyə başlayıb. Deməli, son 300 ildə baş verən proseslərin intensivliyi özündən əvvəlki yüz illərlə müqayisədə dəfələrlə daha sürətlə gedib. Belə ki, ən qədim dövlətlərin meydana gəlməsindən bizim eranın 18-ci əsrinədək cəmiyyətdəki iqtisadi-sosial münasibətlərin intensivliyi demək olar ki, hardasa eyni sürətə malik olub. Ancaq iş ondadır ki, məhz 18-ci əsrin ortalarından başlayaraq, texnologiyanın intensiv yenilənməsi prosesi tezləşdiyindən iqtisadiyyatın böyüməsi eksponensial sürət alıb. Buna tarixin sürətlənməsi də deyilir. Bəs nədir bunun sirri? Axı, niyə belə olub? Söz yox ki, diqqət etdikdə, bu sürətin kapitalizmin meydana gəlməsilə eyni vaxta düşməsi əyani görünür. Dünyanın tarixi düz xətt yox, spiralvari trayektoriya cızır. Kapitalizmin böyümə sürəti ləngiyib Kapitalizmin “genetik kodu” genişlənməyə, böyüməyə və eyni zamanda da böhranlarla üzləşməyə proqramlanıb. Bizim istəyimizdən asılı olmayaraq, bu xüsusiyyət 500 ildir ki, bəşər tarixinin taleyində ən mühüm yer tutub.

Bir ictimai-iqtisadi quruluş kimi kapitalizmin böyümə və genişlənmə sürəti ləngidiyindən, onun tam dayanmasını əngəlləmək məqsədiylə, ümumdünya iqtisadi maliyyə sisteminin işləmə mexanizmində mütəmadi düzəliş aparılır. Əslində, kapitalizmin böyümə sürəti hələ 50 il bundan öncə ləngiməyə başlamışdı. Və bu sürətin tempi getdikcə aşağı düşür. Elə bu səbəbdən də kapital qoyuluşu çoxdandır ki, gözlənilən səmərəni vermir. Bunun qarşısını almaq və eyni zamanda da ona təkan vermək üçün yeni maliyyə modeli yaratdılar və nəticədə kapitalizm sistemi stimullaşdırma yoluyla təzədən hərəkətə gətirildi. Bu modelin adı isə monetarizmdir.

Haqqında söz saldığım iqtisadi-maliyyə sisteminin bazası hələ 1944-cü ildəki Bretton–Vuds konfransında qoyulub və 1970-ci illərdə buna müəyyən vacib dəyişikliklər edilib. Belə ki, dünya ticarətindəki dollarlaşmanı möhkəmləndirmək və genişləndirmək istiqamətində atılan addımlar çərçivəsində dolların qızıl bağlantısı qoparılıb atıldı və yeni valyuta sistemi - “Yamayka valyuta sistemi” quruldu. Bunlarla paralel monetarizm modeli işə salındı. Bəli, heç nə birdən birə baş verməyib... Süni tələb yoluyla iqtisadiyyatın stimullaşdırılması metodu Bütün dünya üzrə istehlakı vüsətləndirmək və yeni mərhələyə hazırlaşmaq üçün istehsal mərkəzi kimi Çini dövriyyəyə qoşaraq, onu dünya fabrikinə çevirdilər. ABŞ kapitalın, Çin isə əməyin təmərküzləşmə mərkəzinə çevrildi. Müvafiq şəkildə pul və əmtəənin həcmi artırıldı. Amerika əhalisinə istehlak kreditləri verildi ki, tələbat artsın.Əhalinin aldığı kreditləri geri qaytarmasını təmin etmək üçün xüsusi metoddan istifadə edildi. Kredit öhdəliklərini qapamaq məqsədiylə borclu adamın digər banklardan pul götürməsinə şərait yaradıldı. Bir bankdan pul götürüb, digərinin borcunu bağlamaq mümkün hala gəldi. Bütün bunların asan həyata keçirilməsindən ötrü Federal Ehtiyatlar Sistemi faiz dərəcələrini 1980-ci illərin əvəlindəki 20 faizdən tədricən aşağı salaraq, pul çapını artırdı. FED faiz dərəcələrini 2008-ci ilin dekabrından 2015-ci ilin dekabrına kimi sıfır diapozonunda saxlayıb. Lakin FED-in indiki faiz dərəcələrini salmasıyla o zamankı vəziyyəti qarışdırmayaq. Əslində, bu xüsusda çox çeşidli əməliyyatlar həyata keçirilib...

Beləliklə də, dünya iqtisadiyyatını əhatə edən bütün sektorlarda böyük bir canlanma və sıçrayış yaşandı. Hər şey - turizmdən tutmuş ticarətə qədər, yüngül sənayedən tutmuş neft-kimya sektoruna, metallurgiyadan xidmət sahəsinə kimi təsərrüfat həyatının bütün elementləri əvvəlki dövrlərdən fərqli olan başqa aləmə düşdülər. Bu aləmdə başlıca məqsəd kütləvi istehlakın artırılmasıydı. Məsələn, bu iqtisadi–maliyyə planı çərçivəsində ictimai həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilən əyləncə, incəsənət, idman və sair sektorların öndə gələn isimlərinə külli miqdarda pul axıdılıb. Əgər diqqət etsək, görərik ki, futbolçulara, basketbolçulara, tenisçilərə, aktyorlara, müğənnilərə və s. “piroq”dan necə möhtəşəm paylar paylanıb. Bəli, piroq elə böyüdülüb ki, hətta vaxtilə sosial həyatımızda ailə büdcəsi üçün lüzumsuz yük sayılan məhsullar və xidmətlər zərurətə çevrilib. Hamısının da qaynağı gedib haqqında danışdığım həmin maliyyə modelinə və daha dərinlərdə isə kapitalizmin hərəkət mexanizminə dayanır. Əslində, iqtisadiyyatın özü yox, həmin maliyyə sistemi stimullaşdırılıb. Daha doğrusu, 1980-ci illərin əvvəlində işə salınan indiki maliyyə modeli iqtisadi böyümə yaratsa da, bu böyümə kreditləşmə vasitəsiylə iqtisadiyyata külli miqdarda pul axıdılması yoluyla gedib.

Deməli, ümumi nəticədə böyüməylə yox, süni şişirdilməylə qarşılaşmışıq. Sözsüz ki, bu da zaman-zaman müəyyən çətinliklər törədib. İndi biz bilməliyik ki, bəşər sivilizasiyasının sonuncu mərhələsi olan kapitalizmin işləmə mexanizmində böyük problemlər meydana gəlib. Bəs niyə kapitalizmdə işlər yaxşı getmir? Niyə o, artıq əvvəlki kimi cəld yeriyə bilmir? Kapitalizm qocalıbmı, taqətdənmi düşüb?

Elə məhz həmin problemləri aradan qaldırmaq üçün şişirdilmiş şarın havasının çıxarılması, yəni iqtisadiyyatın həcminin kiçildilməsi əməliyyatlarıyla onu ayaqda saxlmağa çalışıblar. Son ən böyük, lakin qısamüddətli əməliyyat 2008-ci ildə “Lehman Brothers” investisiya bankının iflasa uğradılması üzərindən həyata keçirilən maliyyə böhranıdır. Bu böhranın öhdəsindən gəlmək üçün Transmilli banklara trilyonlarla dollar ötürməklə borc öhdəliklərinin təzədən maliyyələşdirilməsi prosedurasını təkrarladılar. Nəticədə karusel yenidən hərəkətə gətirildi. Sual verilə bilər ki, həmin metod bir daha işə salına bilməzmi? Əslində həmin metod tam dayandırılmayıb və əvvəlki həcmdə olmasa da, yenə də davam etdirilir. Lakin burada bir neçə mühüm faktor var. İlk növbədə süni tələbin durmadan böyüdülməsi həm real iqtisadiyyata və həm də transmilli maliyyə-bank sisteminə əvvəlki kimi mənfəət qazandırmır.

Kapitalizmin çətin vəziyyətdən çıxış yolu

Hələ ki, müəyyən qədər mənfəət qazandıran yeganə sektor mikroelektronika sahəsinin məhsullarıdır. Əslində, bu sektordakı böyümə tempi də ləngiyib, amma hər halda kapitalizmin peyda olmasından sonra meydana çıxan texnoloji tərəqqidə hələlik yalnız bir sektorun - mikroelektronikanın inkişaf etdirilməsi mümkün görünür. Kvant mexanikası əsasında yaradılması nəzərdə tutulan texnologiyalar çox uzaq perspektiv kimi göründüyündən kapitalizm mikroelektronika sahəsini özü üçün çətin vəziyyətdən çıxış yolu hesab edir. Elə ona görə də, bu sahəyə böyük pullar ayıraraq, həmin istiqamətdə yeni sıçrayış yaratmaq niyyətindədir.

Ancaq yatırılan pullar gözlənilən səmərəni tam olaraq vermir. Digitallaşdırma mikroelektronika ilə bağlıdır. Bir daha təkrar edirəm ki, burada da fundamental çətinliklər var və onlar təxirəsalınmaz həll yollarını gözləyir.

Latent sürən iqtisadi böhran

Onsuz da koronavurus ortaya çıxmadan da, zahiri görünüşdən fərqli olaraq, dünya iqtisadiyyatında latent sürən ciddi böhran vardı və o, getdikcə dərinləşirdi. Beynəlxalq maliyyə institutlarının verdiyi statistika heç də həqiqəti ifadə etməyib. Dünya fabriki sayılan Çin iqtisadi böyüməni təmin etmək məqsədilə ən ekstremal yollara baş vurub. Məsələn, Çində inşaat sektorunun bazası əsasında iqtisadiyyatı stimullaşdırmaq naminə Ordos, Kanqbaşi kimi bütün infrastrukturu yerində olan, amma praktiki olaraq, heç kimin yaşamadığı şəhərlər salınıb. Dəqiq olmayan məlumatlara görə, üst-üstə götürdükdə bu “xəyalət şəhərləri”ndə 70-80 milyon insan məskunlaşa bilər.

Deməli, anlamalıyıq ki, kapitalizmin işləmə mexanizmində böyük problemlər meydana gəlib və bu problemlər aradan qalxmazsa o, daha fəlakətli səviyyələrə çata bilər. Elə bu səbəbdən də böyük tənzimlənmə prosesi gedir. Dərin və sarsıdıcı tənəzzüldən qurtulmağın yollarının tapılması həmişə aktual olub. Bir anlığa təsəvvür edək ki, inteqrasiya olunmuş indiki dünyamızda 1930-cu illərdəki böyük depresiyadan daha güclü böhran baş verir. Müasir dövrümüzdəki ölkələr və insanlar arasındakı sosial, mədəni, iqtisadi əlaqələrin intensivliyini 1930-cu illərlə müqayisə edək. Otuzuncu illərdə nə indiki kimi aviadaşıma, yükdaşıma, elektrik enerjisindən istifadə, rabitə əlaqələri və istehlakçılıq vardı, nə də ki, əhalinin əksər hissəsi şəhərlərdə yaşayırdı. Deməli, ümumi nəticədə qeyd etdiyimiz miqyasdakı böhran, sadəcə 30-cu illərdəki kimi depressiya yox, tarixi qırılma, humanitar fəlakət effekti verə bilər. Bu isə dünyanın yüz illər ərzində qurulmuş nizamının çökməsi, dağılması deməkdir. Belə olan təqdirdə, bəşəriyyət gözlənilən yüksək texnologiyalı yeni eraya deyil, əksinə uçuruma yuvarlanar. Tarixdə bu cür fəlakətli sınma hadisələri bizim eradan 1300 il əvvəl bürünc dövrünün böhranı və Roma imperiyasının çöküşü nəticəsində baş verib. Ancaq bəşəriyyətin həmin dövrlərdəki əmək alətləri indiki texnoloji səviyyəylə müqayisəyə gələ bilməz. 

Pandemiyadan sonrakı mərhələ

Koronavirusun aktivliyinin nə qədər sürəcəyini və həmçinin dünyanın iqtisadi mərkəzləri - ABŞ və Avropada karantin tədbirlərinin nə zaman yumşalacağını konkret söyləmək çətindir. Çünki karantin tədbirləri görülməzsə, yoluxanların sayı elə artar ki, nəticədə hər şey nəzarətdən çıxar. Bu infeksiya tarixdə baş qaldıran bütün pandemiyalar kimi müəyyən bir vaxtdan sonra səngiyərək, tədricən aradan qalxacaq. Lakin sözsüz ki, iqtisadiyyata və sosial həyata dərin zərbələr vurulacaq. Bəs gələcəkdə hansı tədbirlər görüləcək?

Perspektivdə ümumdünya iqtisadi sistemindəki vəziyyətin gözlənilməz təhlükəli səviyyəyə çatmaması üçün böyük tənzimləmə prosesi aşağıdakı kimi gedə bilər: Birinci mərhələdə cəmiyyət həyatının bazası olan iqtisadiyyat müəyyən həddə qədər tənəzzülə uğrayacaq. İkinci mərhələdə ümumdünya iqtisadi-maliyyə və eləcə də, siyasi-sosial sistemdə dəyişikliklər həyata keçirilməsi gözlənilir. Təbii ki, bunun üçün müxtəlif alətlərdən istifadə olunacaq. Ancaq kapitalizmdən qaynaqlanan fundamental problemlər həll ediləcəkmi? Bax, bu məsələ açıq qalır...

O ki qaldı mövcud siyasi hadisələrə, bunlar sadəcə irili-xırdalı texniki detallardır. Belə ki, maliyyə qlobalistləri və ABŞ milli dövlət sistemi arasındakı mücadilə əsl həqiqətdə kapitalizmin gediş trayektoriyası ilə əlaqədardır və bu böyük tənzimləmə mexanizminin ayrılmaz tərkib hissəsidir.
Haqqında söhbət saldığım bu mürəkkəb mövzunu təbii ki, bir məqaləyə sığdırmaq mümkün deyil. Növbəti yazılarımda proseslərin mahiyyəti və daxili dinamikası üzərində daha ətraflı dayanacağam.



Ana səhifəyə qayıt        Baxış: 3 817          Tarix: 18-04-2020, 12:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma